Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dünya turizm bazarında yer tutmaq üçün təbii imkanlar var

bəs infrastruktur necə?

08.09.2023 00:33
49
A+
A-

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb.

Mütəxəssislər bildirir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyib.

Qeyd edək ki, bu il ölkəyə gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik müşahidə olunub. Belə ki, avropalıların sayının artması, ərəb turistlərin səfərlərinin azalması qeydə alınıb. Bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.

- Turistlər paytaxtla yanaşı, daha çox hansı bölgələrə üz tutur?

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirdi ki, hazırda turistik səfərlər ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanıb. Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə bayram və istirahət günlərində bu bölgələr üzrə turistik səfərlərin artdığı müşahidə olunur.

Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir. Həmçinin işğaldan azad olunan ərazilər turizm destinasiyası kimi formalaşmaqdadır. Bu istiqamətdə ilkin addım olaraq cari ilin mart ayından etibarən Bakıdan Şuşaya turistik səfərlərin təşkil edilməsini qeyd edə bilərik.

- Ölkədə turizm qiymətlərinin hələ də yüksək olması nə ilə əlaqələndirilir?

- İqtisadiyyatın digər sahələri kimi, turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlətin qiymət tənzimləməsi mövcud deyil. Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək vermək, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin hazırlanmasına yardımçı olmaqdır.

G.Mustafayeva eyni zamanda qeyd etdi ki, Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılması prosesində iştirak etmir. Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, yəni qiymətlərin formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər.

- Qiymətlərin tənzimlənməsi və xidmətin keyfiyyəti ilə bağlı tövsiyənizə rast gəlmişdim. Deməli, bu, ancaq tövsiyə xarakteri daşıyır.

- Əlbəttə, dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatanlığı, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Həmçinin önəmli məqamlardan biri də infrastrukturla təklif edilən xidmətlərin üst-üstə düşməsidir.

- Gülnar xanım, milli ulduz sistemi haqda nə deyə bilərsiniz? Hotellərin ulduzlarla dərəcələnməsi turizm sektoruna nə yenilik gətirə bilər?

- Xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Təəssüf ki, bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür, bəzi hallarda ulduzlaşma, ümumiyyətlə, aparılmayıb. Belə xoşagəlməz halların qarşısını almaq məqsədilə beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq, milli ulduz sistemi yaradılıb. Bu yaxınlarda “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” da təsdiq olunub. Hazırda Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduz verilməsi prosesi davam edir. Bu, istehlakçıların real və etibarlı ulduz dərəcələrinə malik hotelləri seçərək ödədikləri məbləğə müvafiq xidmət almalarını təmin edəcək.

ƏSLİ TELMANQIZI

ETİKETLƏR: