Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli dövlətçiliyimizin formalaşmasına gedən yol

.

13.09.2023 13:01
6
A+
A-

Nuru Paşa at belində,

Türkiyədən, Qarsdan gəlir.

Azərbaycan deyə-deyə,

Yenilməyən Aslan gəlir.

Bəzi şəhərlərin də insanlar kimi öz taleyi var. Bizim “küləklər şəhəri”miz də elə millətimiz kimi, çətin, ağır günlərdən keçib. Amma Bakının taleyi bineyi-qədimdən müasir, güclü Azərbaycanın paytaxtı olmaq idi. Əlbəttə, müstəqil Azərbaycanı Bakısız təsəvvür etmək olmaz. Tarix boyu baş verən bütün hadisələr məhz elə bu müstəqillik yolunun cığırları, uzaqdan görünən işartıları idi. Ötən əsrin əvvəllərində yenicə müstəqillik qazanan Azərbaycan Xalq Cümhuriyyəti üçün Bakı hansı mənaları ifadə edirdisə, elə bu gün də bizim üçün eyni dəyərləri özündə ehtiva edir. Amma bu müstəqillik asan qazanılmayıb...

1918-ci il may ayının 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti  Bakının bolşevik-erməni silahlı birləşmələrinin işğalı altında olması səbəbi ilə müvəqqəti olaraq Gəncədə yerləşdirilmişdi. Bakısız müstəqillik də, cümhuriyyət də atsız süvariyə bənzəyirdi. Həmin vaxt hökumətin cəmi 600 nəfərlik silahlı qüvvəsi var idi. Bu isə 18 minlik Bakı Soveti ordusuna qarşı heç bir şansımızın olmadığı mənasına gəlirdi.

Həmsöhbət olduğumuz tarix üzrə fəlsəfə doktoru, politoloq Cəbi Bəhramov Bakının işğaldan azad edilməsindən və bu hadisənin Azərbaycanın milli dövlətçiliyinin yaranmasındakı rolundan danışdı. O dedi:

- Ümumiyyətlə, Bakı təkcə Azərbaycanın paytaxtı deyil, həm də milli tariximizin ən önəmli mərkəzlərindən biridir. Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti üçün Bakının işğaldan azad edilməsi ən önəmli məsələlərdən biri idi. Hələ Cümhuriyyət qurulmamış Azərbaycan nümayəndə heyəti İstanbula getmiş, bu məsələ ilə bağlı Osmanlı dövlətindən kömək istəmişdi. Həmin vaxt Osmanlının çətin vəziyyətdə olmasına baxmayaraq, hərbi nazir Ənvər Paşa qardaşı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunu Təbriz üzərindən Gəncəyə göndərmişdi.

Həmin vaxt bolşevik-daşnak ordusu Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq məqsədilə iyunun 10-da Gəncə istiqamətində hücuma keçmişdi. İyunun 27-də Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşlərdə müharibənin gedişatını tərsinə çevirməyi bacardı. Bakı Soveti qoşunlarının Gəncə yürüşünün qarşısını alan Qafqaz İslam Ordusu Bakı istiqamətində əks hücumlara başladı. Əhalinin könüllü olaraq orduya qatılması ilə daha da güclənən Nuru Paşa ard-arda Göyçay, Kürdəmir, Ağsu və Şamaxını bolşevik işğalından azad etdi.

Nəticədə Bakı işğaldan azad edildi. Mən daha çox Azərbaycanın milli dövlətçiliyinin yaranması prosesində bu hadisənin rolundan bəhs etmək istərdim. Tarix boyu bu torpaqlarda müxtəlif dövlətlər, sülalələr hökmranlıq edib. Lakin bunlardan heç biri milli mənsubiyyətimizi yansıtmayıb. Elə bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçiliyimiz üçün tamamilə yeni bir eranın başlanması demək idi.

Yenicə hür olan Cümhuriyyət Bakının işğal altında olması, bolşevik-daşnak qüvvələrinin Gəncəyə hücumundan sonra müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bakının işğal altında olmasını sonradan baş verən hadisələrlə əlaqələndirəndə görürük ki, əgər SSRİ belə bir şəraitdə yaransaydı, Azərbaycan deyə bir dövlətin indiki mövcudluğu belə sual altında olacaqdı. Əlbəttə, bu fikri əsaslandırmaq lazımdır.

Belə ki, Sovet hökuməti yarandığı vaxt onun tərkibinə daxil edilən ölkələrin bir çoxu müstəqil, ərazisi, milli atributları konkret olan, yaxın coğrafiyada tanınan, qəbul edilən dövlətlər idi. Bu isə vahid bir ittifaqın daxilində olsalar belə, bu, ölkələrə öz varlığını qorumaq imkanı verirdi. Əlbəttə, bu həm də itib-getməmək, yox olmamaq demək idi. İndi isə həmin vaxt mövcud olan Azərbaycana nəzər salaq. Təsəvvür edək ki, Azərbaycan Xalq Cümhuriyyəti hələ qurulmayıb. Bakı işğal altındadır və digər ərazilər də özbaşına yaşamağa, müxtəlif qruplaşmaların hücumlarından, qarətlərindən qorunmağa çalışırlar. Belə bir şəraitdə yaranan Sovet İmperiyasının daxilində onsuz da mövcudiyyətini, bütünlüyünü təmin edə bilməyən Azərbaycan yox olub gedər, əriyib bitərdi. Azərbaycan Xalq Cümhuriyyəti, heç şübhəsiz, Azərbaycanın birləşməsi və ərazilərimizin tanınması, konkretləşməsi baxımından tariximizin ən önəmli hadisələrindən biridir. Daşnaklardan təmizlənən Bakının işğaldan azad edilməsi təkcə o dövr üçün yox, indiki müstəqil, güclü Azərbaycanın da ərazi bütünlüyünün təmin edilməsi baxımından olduqca vacib idi. Əgər bu nöqteyi-nəzərdən baxsaq görərik ki, əslində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olduqca uzaqgörən və stratejik bir hadisə idi. Belə ki, qarşıdan gələn təhlükələr, Sovet İttifaqının yaranmasına baxmayaraq, vahid Azərbaycan öz mövcudiyyətini qoruyub saxlamağı bacardı. İnsanların dininin, milli-mənəvi dəyərlərinin istismara uğradığı 70 illik dövr üçün bu, Azərbaycan xalqının və dövlətinin milli mövcudiyyəti baxımından əvəzsiz hadisə idi.

Müsahibədən sonra AMEA-nın binasından çıxarkən ötən əsrin əvvəllərində olan görkəmindən əsər -əlamət qalmayan, müasirləşib inkişaf edən Bakıya, bu dəfə at belində cəbhədən-cəbhəyə çapan Nuru Paşanın əsgərlərini görmək üçün baxdım. Binaların, prospekt və küçələrin kölgəsində, insanların və maşınların səs küyündə, at belində zəfər çalan tariximizi görmək, bir-birinə çaxılan xəncərlərin, atılan tüfənglərin səsini eşitmək təsvir edə bilməyəcəyim, əvəzsiz bir duyğu idi.

Bütün bu səslərin fonunda bir mahnı xəyal dünyamın bütün reallığını öz ağuşuna aldı. “Yazın əvvəlində Gəncə çölündə, çıxıblar yenə də dizə lalələr...”

 

İmran ƏLİYEV

ETİKETLƏR: