Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2024-cü ildə sosial sahədə artımlar gözlənilir?

Beləliklə, dövlət və icmal büdcələrində sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaqdır.

25.10.2023 13:55
911
A+
A-

2024-cü ilin dövlət büdcəsi layihəsində xərclər siyasətinin əsas 2 istiqaməti azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin davam etdirilməsi və müdafiə-təhlükəsizlik sahəsində əlavə tədbirlərin təmin olunması ilə bağlıdır. Büdcə xərclərinin 3-cü ən başlıca prioriteti isə əhalinin sosial müdafiəsi ilə bağlı yürüdülən sosial siyasət tədbirlərinin dayanıqlı maliyyə təminatının yaradılmasından ibarətdir. Bu məqsədlə həm dövlət büdcəsinin, həm də icmal büdcənin tərkibində sosial xərclərin artırılması nəzərdə tutulub.

“2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 5,2 faiz və ya 220 milyon manat çoxdur. Eyni zamanda icmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsi 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % və ya 690 milyon manat çoxdur.

Beləliklə, dövlət və icmal büdcələrində sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaqdır.

Dövlət həmin əlavə maliyyə mənbələrini ilk növbədə pensiya və təqaüdlərin artırılmasına yönəldəcək. Həmin artımların təxminən 10-12 faiz olacağı gözlənilir. 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan əhalinin gəlirləri 11,3 faiz artıb, ilin sonuna bu rəqəmin 12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu isə pensiyaların 12 faiz artması deməkdir. Əgər həmin rəqəm 13-14 faiz olsa, artım nisbəti də eyni qaydada olacaq.

Bundan başqa, digər sosial təminat sahələrində qocalığa və əlilliliyə görə verilən təqaüd və müavinətlərin, ünvanlı sosial yardımların, digər sosial xarakterli ödənişlərin də 10 faiz artacağı gözlənilir. Həmin xərclər üçün büdcədən əlavə olaraq ən azı 550-600 milyon manat vəsait tələb olunur ki, həmin mənbədə proqnozlaşdırılan 700 milyon manat artım məbləği olacaq.

Hökumət 2024-cü ildə minimum əməkhaqqını və dövlət sektorlarında məvacibi artırmaq üçün 2 ssenariyə istinad edəcək. Birincisi, inflyasiya və sosial dayanıqlılıq gözləntisidir, bu plan özünü doğrultsa, həmin sahələrdə artımlar planlaşdırılmayacaq. Belə ki, gələn il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi qənaətbəxş həddə qorunacağı halda artıma zərurət olmayacaq. İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın proqnozlarına əsasən, növbəti ildə inflyasiya son 3 illik sıçrayışlardan sonra səngiməyə başlayacaq və ikirəqəmli inflyasiya birrəqəmli qiymət indeksi ilə - 4,2 - 5 faizlə müşayiət olunacaqdır. Bu isə hökuməti qayğılandıran əsas problem olan ərzaq bahalaşmasının sabitliyini təmin edəcəkdir. Hökumət hesab edir ki, mövcud ssenarilər özünü dorğuldacağı halda, stabil bazar qiymətləri fonunda əhalinin gəlirlərinin inflyasiya yeminə çevrilməsinin qarşısı alınacaq ki, bu da sosial xərclərin yüklənməsini də səngidəcək. Yəni büdcədən böyükhəcmli sosial ayırmalara, o cümlədən minimum əməkhaqqının məbləğinin artırılmasına ehtiyac qalmayacaq.

İkinci ssenari qlobal mühitdən artan təzyiqlərin sosial sahələrə təsirləri ilə bağlıdır. Əgər qlobal miqyasda meydana çıxa biləcək yeni təlatümlər nəticəsində qiymət dalğalanmaları baş verəcəksə, bu halda hökumət qabaqlayıcı sosial müdafiə buferləri çərçivəsində əhalinin gəlirlərinin “əriməməsi” üçün artımlara gedəcək.

Çünki Azərbaycanda inflyasiyanın 70 faizi birbaşa xarici mühit amili ilə bağlıdır. Bu ssenarilərlə paralel olaraq dövlətin iqtisadi bloku başqa alternativləri də düşünür. Belə ki, sosial xərclərin ekvivalentliyini vergi güzəştləri, iqtisadi stimullarla tənzimləmək planı da qüvvədə olacaq. Hökumət sosial  xarakterli  güzəştlərə üstünlük verəcək və burada da əsas məqsəd  bu vasitə ilə əhalinin  vergi  yükünu azaltmaq, bir çox sosial kateqoriyaların gəlirlərinə təsir edən vergilərə yeni güzəştlər etmək niyyətindədir. Yəni müxtəlif sosial qrupların gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin yenidən 2 dəfə artırılması gözlənilir ki, bu da on minlərlə ailənin aylıq gəlirlərində vergi qənaətinin yaranmasına səbəb olacaqdır.

Bundan başqa, 2024-cü ildə sosial siyasət tədbirlərinin əsas istiqamətlərindən biri kimi sosial təminat növlərinin təyinatının proaktiv qaydada həyata keçirilməsi diqqətdə saxlanılacaq. Sosial xidmətin inkişafına dair milli strategiyaya uyğun olaraq əhalinin sosial xidmətlərlə təmin edilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yeni sosial xidmət növlərinin tətbiqi nəzərdə tutulur ki, bu sahələrə də əlavə maliyyə vəsaitlərinin yönəldiləcəyi istisna deyil.

Elbrus CƏFƏROV

ETİKETLƏR: