Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kapital Bankdan götürdüyüm kreditin ödənilməsi əlilliyə görə aldığım pensiyaya yönəldilmişdi. 2021-ci ildən pensiyam kəsildi və bank borcun ödənilməsini xəstə uşağa qulluqla əlaqədar aldığım müavinətə yönəltdi. Mənim xəstə uşağa qulluğa görə aldığım müavinətdən bank kredit borcunu tuta     bilərmi?

Elmira  ŞAHLAROVA,  Biləsuvar rayonu.

25.10.2023 16:39
123
A+
A-

Kapital Bankdan götürdüyüm kreditin ödənilməsi əlilliyə görə aldığım pensiyaya yönəldilmişdi. 2021-ci ildən pensiyam kəsildi və bank borcun ödənilməsini xəstə uşağa qulluqla əlaqədar aldığım müavinətə yönəltdi. Mənim xəstə uşağa qulluğa görə aldığım müavinətdən bank kredit borcunu tuta bilərmi?

 

Elmira  ŞAHLAROVA,

 Biləsuvar rayonu.

 

- Əməkhaqqıdan tutulmaların hansı qaydada və şərtlərlə tutula biləcəyi Əmək Məcəlləsinin 175 və 176-cı maddələrində göstərilmişdir. Ödənilən pensiya və müavinətlərdən tutulmalar isə müvafiq qanunverici aktlara əsasən həyata keçirilir.

Eyni zamanda bildiririk ki, bankdan kredit götürəndə bankla müqavilə bağlanmış və imzalanmışdır. Mülki Məcəllədə də qeyd olunduğu kimi, müqavilə hər iki tərəfin iradə ifadəsidir. Bu müqavilə ilə Siz götürdüyünüz kredit məbləğini müəyyən müddətə  ödəmək öhdəliyi qəbul etmisiniz.

Öhdəlik yerinə yetirilmədikdə isə, bank düzgün olaraq gəlirinizə aylıq tutulmalar yönəltmişdir. Bu həm də hər bir bankın kredit siyasətinə uyğun olaraq həll edilir.

 

Mediasiya prosesi nədir və bu proses zamanı hər hansı bir müdaxiləyə yol verilirmi?

Şəbnəm RƏSULOVA, Bakı şəhəri.

 

- Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılığı əsasında həlli ilə bağlı olub “Mediasiya haqqında” qanunla müəyyən olunan prosesdir. Qanuna əsasən, mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.

 

Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzi necə ödənilir?

     Şahmar VƏZİROV, Bakı şəhəri.

 

- Mülki Məcəlləyə əsasən, on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.

Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin altı manatdan az olmamaqla, ödəməyə borcludur.

Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə, lakin altı manatdan az olmamaqla ödənilir.

Əvvəllər sağlamlığına zərər vurulmuş yetkinlik yaşına çatmayanın əmək fəaliyyətinə başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas götürülməklə, lakin tutduğu vəzifə üzrə müəyyənləşdirilmiş muzdun və ya iş yeri üzrə eyni ixtisaslı işçinin qazancının miqdarından çox olmamaqla, zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb etsin.

ETİKETLƏR: