Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Peyvənd-xəstəliklərdən qorunmağın  yeganə yolu

- Hansı hallarda uşağa peyvənd etdirmək olmaz?

29.11.2023 12:33
80
A+
A-

Son günlər uşaqlar arasında kütləvi şəkildə “qızılca” adlandırılan infeksion xəstəliyin yayılması müşahidə olunur. Bu xəstəlik əsasən uşaqların həyatını təhdid altına alır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada qızılcadan ölənlərin sayı 43% artıb. Bu da öz növbəsində peyvəndlənməni yenidən gündəmə gətirir. ÜST-ün protokol qaydalarında bir və altı yaş aralığında uşaqların qızılca peyvəndi alması məcburidir. Elə ağırlaşma halları ilə müraciət edənlərin də qızılca əleyhinə peyvənd olunmadıqları məlum olub.

Ölkəmizdə hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliometil, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Vaksinlər isə ölkəmizə Belçika, Hollandiya, İndoneziya, Cənubi Koreya, Britaniya Krallığı və Hindistandan gətirilir.

Hazırda ölkəmizdə peyvəndlənmə ilə  bağlı  bir sıra fikir ayrılığı mövcuddur. Bəzi valideynlər peyvəndin vurulmasına müsbət baxır, bəziləri isə bu barədə heç eşitmək belə istəmir. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun, sadəcə, “uşağın seçiminə buraxılmalı” olduğuna inanırlar.

Düzdür, Azərbaycanda peyvəndləşməni icbari edən qanun yoxdur - bu, valideynin seçiminə buraxılır. Peyvənddən imtina etmək istəyən valideynlər notariusda yazılı imtina etməli və sənədi qeydiyyatda olduğu poliklinikaya təqdim etməlidirlər. Bununla da valideyn uşağının xəstələnməsi halında bütün məsuliyyəti üzərinə götürmüş olur.

Uşaqlarımın hər bir peyvəndini vurdurmuş bir valideyn olsam da, hazırladığım məqalə ilə əlaqədar sosial şəbəkələrdə peyvəndə qarşı münasibəti  öyrənməyə çalışdım. Qarşıma saysız-hesabsız mənfi rəylər çıxdı. Məsələn, peyvənddən sonra autizm qorxusu, gələcəkdə uşaqda sonsuzluq, peyvənddən sonra baş verə biləcək ağırlaşmalar və sairə. Düşünürəm ki, vaxtında, həkim məsləhətindən əvvəl, bunları oxusaydım necə olardı...

Qəzetimizə müsahibə verən pediatr Vaqif Qarayev deyir ki, peyvənd təbabətin ən son ixtiralarından biridir və bu bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur.

O, söyləyir ki, peyvənd siyahısına düşən xəstəliklərin hamısı epidemiya yaradır və xüsusən də körpələr arasında ölümə səbəb olur, amma epidemiyanın olub-olmamasına baxmayaraq, vaksinasiyaya həmişə ehtiyac var.

Həkim Qarayev ölkəmizdə vaksinasiyalardan imtina edənlərin statistikasını bilməsə də, rastlaşdığı və oxuduğu hallardan irəli çıxaraq bunun artdığını düşünür.  Bunun səbəbini  isə heç bir elmi sübutu olmayan, internetdə  peyvənd əleyhinə aparılan kampaniyalarda görür.

- Hansı hallarda uşağa peyvənd etdirmək olmaz?

V.Qarayev söyləyir ki, sovet dövründə, peyvənd vurulmasına qarşı kifayət qədər əks göstərişlər olsa da, Avropanın tibbi protokolunda heç bir əks göstəriş yer almayıb. “Peyvənd birmənalı sağlam uşağa vurulmalıdır, amma bəzi hallarda həkim özü risk edir. Məsələn, allergiyanın kəskin dövründə və ya çox ciddi xəstəlikləri olan uşaqlara peyvənd vurmaq olmaz. Digər tərəfdən isə, bu xəstəliklərdə uşağın immuniteti onsuz da çox aşağı olur və tez xəstələnə bilər. Yəni bu uşağın bir dərdi varkən, başqa xəstəliyə də yoluxsa necə olacaq, burada peyvənd qərarında həkim risk edəcək. ÜST-ün təlimatında heç qızdırmalı uşaqlarda da əks göstəriş yoxdur, amma qurum maarifləndirmə məsələsində əhali və region faktorunu birinci yerə qoyur”.

Vaqif həkim onu da qeyd etdi ki, bəzən valideynlər uşaqların peyvəndə qarşı reaksiyalarını fərqli qiymətləndirir və həkimlərdən ciddi müayinələr tələb edə bilir. Nəzərə alsaq ki, peyvənd yad zülaldır və müəyyən reaksiyalar gözləniləndir. Uşaqda 24-72 saat müddətində qızdırma ola bilər, yuxusu narahat edə bilər, amma bunlar keçicidir.

- Bəzi valideynlər dövlət müəssisələrində vurulan vaksinlərin keyfiyyətinə etibar etmirlər, özəl klinikalarda isə qiymətin çox baha olduğunu qeyd edirlər.

- Vaksin beynəlxalq standartlardan keçərək, ÜST-ün təlimatına uyğun olaraq, istehsalçıya icazə verilir ki, məhsulunu satışa çıxarsın. Standartdan keçməyən vaksin ölkəyə gətirilə bilməz. Bir çox sosial şəbəkə və platformalarda aparılan müzakirələrdə, xüsusilə Hindistan istehsalı olan vaksinlərə qarşı, inamsızlıq və mənfi rəy formalaşıb. Mən isə bunun “ əsassız ajiotaj” olduğunu düşünürəm. Sırf bu peyvəndlərin əks reaksiya verdiyi hallarla qarşılaşmamışam. Sadəcə, belə bir anlayış var ki, dövlətdə pulsuzdursa, demək, keyfiyyəti aşağıdır. Təbii ki, özəldə baha olacaq. Nəzərə alsaq ki, burada bir peyvənddən söhbət getmir. Fərqi yoxdur harda vurdururlar, əsas odur ki, vurdursunlar.

Vaqif müəllim sonda onu da vurğuladı ki, vaksinləşmə rayonlarda daha aşağı səviyyədədir. Bunu son günlər xəstəliyə yoluxanların sayında rayonlardan olan uşaqların üstünlük təşkil etməsi sübut edir. Təbliğat güclü olmalıdır. Biz həkimlər sosial şəbəkələrdə peyvəndə çağırış edəndə tənqid olunuruq, bizi söyürlər də. Buna baxmayaraq, uşaqları qorumağı peşə borcumuz bilirik.

Leyla BƏHRAMQIZI

 

ETİKETLƏR: