Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prokrastinasiya nədir və onunla necə mübarizə aparmaq olar

Tərəqqinizi izləyin. Nə etdiyinizi və nə vaxt etdiyinizi yazın. Bu, həm də əlavə motivasiya ola bilər.

06.12.2023 14:29
120
A+
A-

Sabahdan və ya yeni ildən dərhal siqareti atacağınıza dair özünüzə tez-tez söz vermisinizmi? Və ya daha az şirniyyat yeməyi vəd edirsiz? Yoxsa intensiv idmanla məşğul olmağa başlayacağınızı planlaşdırırsız? Əgər bu, tez-tez baş verirsə, onda siz öz təcrübənizdən bilirsiniz: bu vədlər işləmir. Bunun üçün özünüzü günahlandırmağa alışmış ola bilərsiniz, lakin sizinlə qoyduğunuz məqsəd arasında dayanan əsas maneə beyninizdə formalaşmış sabit davranış nümunələridir.

Elmi araşdırmalar göstərir ki, ən çox yayılmış yeni il qərarlarına aşağıdakılar daxildir: içkini, siqareti dayandırmaq və idmanla məşğul olmaq. Ən parodaksalı isə odur ki, yeni ilin ilk həftəsinin sonunda özünə “bir daha heç vaxt” və ya əksinə, “indi, həmişə” deyə and içənlərin beşdə biri vədinə xilaf çıxır. Yanvarın sonuna qədər respondentlərin artıq yarısı, necə deyərlər, sözündən qaçır. 60 faizi uzağı yaya qədər “dözür”. İki ildən sonra isə yalnız 19 faizi vədlərinə əməl edir.

Bəs, görəsən, bu qədər məyusedici statistikanın səbəbi nədir?

“Sabah” bütün pəhrizlərin başladığı gündür, bu gün isə işlərin ertələnməsi üçün ideal vaxtdır.

Ancaq düşünün, əslində sabah nədir? Bu, yaxın gələcəkdir, yoxsa bu gün hərəkətə keçməmək üçün bəhanədir?

Əslində sabah, birinci gün, yanvarın 1-i və gələn il zamanla bağlı insanların uydurduğu miflərdir.

Özümüzü bir işi və ya tapşırığı yerinə yetirməyə məcbur edə bilmədiyimiz halı psixoloqlar prokrastinasiya adlandırır. İngilis dilində prokrastinasiya - “sonraya saxlamaq” deməkdir.

Hər birimiz bəzən vacib bir işin icrasını “sonraya saxlayaraq”, onun əvəzində başqa, çox vaxt mənasız bir işlə məşğul oluruq. Bunu niyə etdiyimizi özümüzə izah edə bilməməklə yanaşı, işin icra tarixini uzatdığımıza görə özümüzü günahkar hesab edirik. Belə hallarda lazım olan işi görmək əvəzinə, biz televizor izləmək, kompüter oyunları oynamaq, sosial şəbəkələrdə vaxt keçirmək, ehtiyac olmasa belə, təmizlik işləri görmək kimi əhəmiyyətsiz işlərlə məşğul oluruq. Bu zaman biz özümüzü qınayaraq çarəsizlik hissi duyuruq.

Mütəxəssislər prokrastinasiya sözünü tənbəllik sözü ilə qarışdırmağın düzgün olmadığını vurğulayırlar. Prokrastinasiya edən insanın tənbəl insandan fərqi ondadır ki, o, işini məmnuniyyətlə görərdi, sadəcə, başlamaqda çətinlik çəkir. Prokrastinasiyanı dincəlmək ilə də səhv salmaq olmaz. Belə ki, biz istirahət etdiyimiz zaman enerji bərpa olur, prokrastinasiya etdikdə isə əksinə, enerjimizi itiririk. Bir işə başlamaq üçün lazım olan enerjimiz azaldıqca, işi qeyri-müəyyən müddətə təxirə salmaq və heç nə etməmək istəyimiz daha da artır.

Bəzən biz görüləsi işi və ya imtahana hazırlaşmağı son dəqiqəyə saxlayır və bunu son gün daha yaxşı işləməyimiz ilə izah edirik. Əslində isə, bu, belə deyil: işləri son tarixə qədər təxirə salmaq, əsasən narazılıq və səmərəsizliyə zəmin yaradır. Məşhur atalar sözündə də deyildiyi kimi: “Bu günün işini sabaha saxlama”.

Bəs, görəsən, bunun kökündə nələr dayanır?

Psixoloqların müşahidələrinə görə, çox vaxt prokrastinasiya aşağıdakı hallarda baş verir.

- Uğursuzluq qorxusu: bir işi təxirə salmaq, uğursuzluq ehtimalı ilə üzləşməkdən daha asandır.

- Mükəmməllik: mükəmməl bir nəticə gözləmək, tapşırıqdan yayınmağa səbəb olur.

- Motivasiyanın olmaması: əgər tapşırıq darıxdırıcı və ya maraqsız görünürsə, onu təxirə salmaq ehtimalı artır.

- Qeyri-müəyyənlik: tapşırığı haradan başlamaq və ya necə başa çatdırmaq barədə məlumatsız olmaq maneə yaradır və hərəkətlərimizi iflic edir.

Bununla necə mübarizə aparmaq olar?

Mütəxəssislər vurğulayır ki, hər dəfə özünüzə sual verməli olacaqsınız: “niyə mən bu işə başlaya bilmirəm?”. Davranışınızı və ehtiyaclarınızı öyrənməyə çalışın. Bu, bir çox problemin həllidir.

Məqsədlərinizi müəyyən edin. Aydın və əldə edilə bilən hədəflər qoyun. Bu, işi asanlaşdırır və qorxuları azaldır.

Pomodorro texnikasının effektivliyi üçün istifadə edənlərin sayı hər ötən gün artmaqda davam edir. Bu texnikanın yaradıcısı olan universitet professoru Fransisko Kirilyo 1980-ci illərin sonunda tələbə olduğu dövrdə sosiologiya fənni üzrə imtahana hazırlaşarkən “işləri təxirə salma” sindromu ilə üzləşərək bu metodu icad edir. Metod hər bir tapşırığı alt tapşırıqlara bölərək hər birinin icrasına 25 dəqiqə, fasilələrə isə 5 dəqiqə vaxt təyin etməkdən ibarətdir. Bu, konsentrasiyanıza kömək edərək beyninizi fasiləsiz şəkildə davamlı işləmək yükündən azad edəcək. İşləri təxirə salmaq əslində xroniki bir vərdiş problemi yaradır. Bu texnikanın məqsədi də məhz həmin vərdiş problemini həll etməkdir. Lakin problemi zorakı yollarla deyil, zövq alaraq həll etmək ön plana çıxır.

Bundan başqa, xoş atmosfer yaratmaq zəruridir. Ətrafınız məhsuldarlığınıza böyük təsir göstərir. İş yerinizin rahat və diqqəti yayındıran amillərdən azad olduğundan əmin olun.

Tərəqqinizi izləyin. Nə etdiyinizi və nə vaxt etdiyinizi yazın. Bu, həm də əlavə motivasiya ola bilər.

Ən əsası özünüzə qarşı mərhəmətli olun. Prokrastinasiyaya görə özünüzü günahlandırmayın, çünki bu, mənfi və qeyri-produktivlik dönəmini uzada bilər.

Araşdırmalar göstərir ki, hər hansı bir vərdişin yaranması üçün ortalama 66 gün lazımdır. Yəni yeni il əvəzinə indi başlasanız 2024-cü ilə kimi yarı yoldan çox getmiş olacaqsız. Ona görə həyatınızı yaxşıya doğru dəyişmək istəyirsinizsə, məhz indidən başlamaq vacibdir. Uğur hansısa sehrli günü yox, atılan addımların nəticəsidir. Hərəkətə indi başlasanız,  atdığınız hər addım sizi uğura daha da yaxınlaşdıracaq.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: