Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəssisədə yarımştat işləyirəm, işə təzə girmişəm, Yeni il bayramı münasibətilə işçilərə 100 AZN miqdarında pul mükafatı veriləcək. Bu mənə də şamil ediləcəkmi?

Bahar ŞƏFİYEVA, Bakı şəhəri.

10.01.2024 22:44
40
A+
A-

Müəssisədə yarımştat işləyirəm, işə təzə girmişəm, Yeni il bayramı münasibətilə işçilərə 100 AZN miqdarında pul mükafatı veriləcək. Bu mənə də şamil ediləcəkmi?

 

Bahar ŞƏFİYEVA, Bakı şəhəri.

 

- Nəzərinizə çatdırırıq ki, iş vaxtının növləri və tənzimlənməsi qaydaları Əmək Məcəlləsində öz əksini tapmışdır.

Qanunvericilikdə tam iş vaxtı və onun müddətləri, həftəlik tam iş vaxtı, qısaldılmış iş vaxtı, əmək şəraiti zərərli olan işlərdə və xüsusi xarakterli işlərdə çalışan işçilər üçün qısaldılmış iş vaxtı, natamam iş vaxtı, gecə vaxtı işləri və müstəsna hallarda yol verilən iş vaxtından artıq işlər müəyyən edilmişdir. Sualınızdan məlum olur ki, siz əmək müqaviləsini natamam iş vaxtı üçün bağlamısınız.

Məcəllənin 94-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Həmçinin maddənin 4-cü hissəsinə uyğun olaraq natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Natamam iş vaxtında işçinin yerinə yetirdiyi əmək fəaliyyətinə uyğun olaraq da əməkhaqqı hesablanıb verilir. Lakin rəhbərliyin müvafiq əmri (qərarı, sərəncamı) əsasında verilən mükafat, maddi yardım və s.  işçilərə faktiki işlədiyi iş saatlarına uyğun olaraq müəyyən edilib ödənilmir. Belə ki, mükafat, maddi yardım və s. müdiriyyətin mülahizəsinə əsəsən sabit pul məbləği şəklində müəyyən edilməklə verilir. Odur ki, siz bayram münasibətilə rəhbərlik tərəfindən verilməsi müəyyən olunmuş 100 AZN məbləğində mükafatı tam şəkildə alacaqsınız.

 

Sosial müavinətin alınması hansı hallarda dayandırılır?

Günel RƏHİMOVA, Gəncə şəhəri.

 

- “Sosial müavinətlər haqqında” qanunun 11-ci maddəsində müavinətlərin ödənişinin dayandırılması qaydası müəyyən edilmişdir.

Müavinətlərin ödənişi adıçəkilən qanunla müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:

- dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə;

- yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;

- əlilliyə görə müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə.

- müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu qanunda göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır.

ETİKETLƏR: