Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Taksi şirkətləri öz məlumatlarını elektron vergi sisteminə ötürəcək

Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələrində vergi əmsalı 1,5-ə vurulmaqla hesablanır.

17.01.2024 12:05
44
A+
A-

Ölkədə fəaliyyət göstərən taksi xidməti (sifarişi) operatorlarının gəlir və xərcləri barədə məlumatlara nəzarətin artırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin bu günlərdə imzaladığı qərara əsasən, taksi operatorları ay ərzində bütün zəruri məlumatlarını Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürməli olacaq. Bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digət aidiyyəti dövlət qurumları taksi xidməti üzrə bir sıra hüquqi qaydaları müəyyən edəcək.

Yeni qaydalar taksi xidməti sektorunda hansı dəyişikliklərə səbəb olacaq?

Əvvəlcə qeyd edək ki, hazırda ölkədə 50-dən çox taksi şirkəti fəaliyyət göstərir ki, onların əksəriyyətinin fərdi avtomobil parkı yoxdur, yəni sərnişinləri daşıyan maşınlar müxtəlif fiziki şəxslərə məxsusdur. Həmin sürücülərlə ikitərəfli müqavilə bağlanılır ki, bununla da iş bitmiş hesab edilir. Bir neçə şirkət normal qaydada sürücülərlə əmək və ya mülki-hüquqi müqavilə bağlayır. Bundan sonra həmin fərdi şəxslərin isə sərnişindaşıma fəaliyyətinə şirkətlər, demək olar ki, cavabdehlik daşımır. Sürücülər isə vergi qanunvericliyinin və “Dövlət rüsumu haqqında” qanunun tələblərinə əsasən, öhdəliklər daşıyırlar. Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün avtomobil sahibləri sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödəyicisi hesab olunur. Sadələşdirilmiş verginin aylıq məbləği 9 manat, məcburi dövlət sosial sığorta haqqının məbləği minimum əməkhaqqının 6 faizi miqdarında (345*6%= 20,7 manat) 20,7 manat, icbari tibbi sığortanın məbləği isə minimum əməkhaqqının 4%-i, yəni (345*4%=13,8 manat ) 13,8 manat ödəməlidir. Beləliklə, “Fərqlənmə nişanı”  olan hər bir sürücü bir nəqliyyat vasitəsinə görə ayda 43,5 manat ödəməlidir. Bu rəqəm ümumi respublika üzrə müəyyən edilmiş vergi öhdəliyidir.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində vergi bir qədər böyüyür. Belə ki, Bakı şəhərində vergi 2 əmsala vurulmaqla hesablanır. Yəni paytaxtda çalışan sürücülərin sadələşdirilmiş vergi öhdəliyi (9*2) 18 manat, məcburi dövlət sosial sığorta haqqı (345*6 = 20,7)*2=41,4 manat  və icbari tibbi sığortanın məbləği (345x4% = 13,8)*2 =27,6 manata bərabərdir. Beləliklə, paytaxtın taksi sürücülərinin cəmi vergi ödənişləri 87 manatdır.

Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələrində vergi əmsalı 1,5-ə vurulmaqla hesablanır. Bu halda sürücülərin aylıq öhdəliyi, vergi (9*1,5 =13,5) 13,5 manat, məcburi dövlət sosial sığorta haqqı (20,7*1,5) 31,05 manat və icbari tibbi sığortanın məbləği (13,8*1,5) 20,7 manat olmaqla, cəmi 65,25 manat təşkil edir.

Digər şəhər və rayonlarda əmsal 1-ə vurulduğundan yuxarıda vurğuladığımız kimi onların 9 manat sadələşmiş vergi, 20,7 manat məcburi sosial sığorta haqqı və 13,8 manat tibbi sığorta olmaqla aylıq ödənişləri 43,5 manata bərabərdir.

Bu öhdəliklər taksi sürücülərinin fərdi aylıq vergi borcudur. Onların çalışdıqları taksi şirkətlərinin, yəni operatorların isə vergi öhdəliyi başqadır. Vergi qanunvericiliyinə əsasən, taksi xidməti şirkətləri, o cümlədən müxtəlif elektron informasiya sistemləri və mobil tətbiqetmə vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətinin təşkilinə görə,  ƏDV ödəyicisi hesab olunur.  Həmçinin xarici şirkətlərin taksi operatorları (UBER, Taxify, Bolt və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlərə görə, 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilib. Ancaq onların əksəriyyəti vergidən yayınmaqdadır.

Hətta bu şirkətlərin çoxu, ümumiyyətlə, vergi uçotuna durmaqdam yayınır. Vergi Məcəlləsinin 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə həmin fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirlərdən çəkilən xərclər çıxıldıqdan sonra mənfəət vergisi ödəməlidir. Həmçinin Azərbaycanda daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.

Göründüyü kimi, taksi operatorlarının, ələlxüsus da xarici platformalar üzərindən fəaliyyət göstərən (UBER, Bolt, Maxim, YANGO və s.) şirkətlərin vergi pozuntularının artması vergi və nəqliyyat orqanlarını bu sahəyə nəzarəti artırmağa vadar edib. Taksi operatorlarının məlumatlarının Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsi də məhz bu baxımdan uçot və qeydiyyat məsələlərinin də həllində mühüm rol oynaya bilər. Bu sistemin taksi sürücülərinə heç bir təsiri olmaycaq, yəni nəzarətin təmin olunması onların xərclərini artırmayacaq. Çünki onlar onsuz da “Fərqlənmə nişanı” əsasında aylıq vergilərini ödəyirlər. Nəzarətin optimallaşdırılması hüquqi şəxs sayılan taksi şirkətlərinin vergiyə cəlb edilməsini nizamlaya bilər.

Sərnişinlər üçün hansı faydaları ola bilər?

Taksi operatorlarının elektron informasiya sisteminə inteqrasiyasının taksi sürücüləri və sərnişinlər üçün müsbət tərəfləri də olacaq. Etiraf etmək lazımdır ki, taksi xidməti göstərən şirkətlərin böyük əksəriyyəti Azərbaycanın əmək və sosial qanunvericiliyinin tələblərinə əməl etmir, əməkdaşlığa cəlb etdiyi sürücülərin peşəkarlığı, sağlamlığı, avtomobilin texniki parametrləri və istismar vəziyyəti ilə bağlı məsələlərə dırnaqarası yanaşılır, sürücülərdən müvafiq səhiyyə müəssisəsindən, narkoloji dispanserdən arayış tələb olunmur, əmək şəraiti normaları kobud şəkildə pozulur. Sürücülərin çoxu 14-16 saat işləməyə məcbur olur. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkəmizdə iş saatları tam və natamam olmaqla 8-10 saat müddətə müəyyən edilib. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Natamam, yəni iş vaxtından artıq iş isə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin iş müddəti isə 2 saatdan çox ola bilməz. Ona görə də taksi operatorlarının elektron sistemə inteqrasiyası sürücülər üçün xüsusi əhəmiyyət daşıya bilər, onlarla əmək müqaviləsi bağlanılar və hər bir işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaradılar, istismar olunmazlar. Nəticədə normal istirahət edən sürücülərin  sağlamlığı və psixoloji vəziyyəti normaya düşər, onların sərnişinlərə daha rahat xidmət göstərməsi, təhlükəsizliyə riayət etmələri təmin oluna bilər.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: