İndeksləşmədə artım hansı miqdarda ola bilər?
Sosial yardımlara gəldikdə isə, yanvarın 1-dən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb.
Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirdi ki, pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. Belə ki, yanvar ayından başlayaraq, indeksasiya sisteminə uyğun olaraq, pensiyalarda artımların hesablanması həyata keçiriləcək.
Bəs indeksləşmədə artım hansı miqdarda ola bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələyə münasibət bildirərək dedi ki, pensiyaların indeksasiyası pensiyaların məhz indeksasiya faizinə uyğun olaraq artırılması anlamına gəlir: “Nəzərə alsaq ki, indeksasiya mexanizmi əvvəlki ildəki orta aylıq əməkhaqqıdakı artım faizinə əsasən həyata keçirilir (yəni 2023-cü ildə orta aylıq əməkhaqqı nə qədər artıbsa, ona uyğun olaraq, 2024-cü ildə pensiya məbləğləri o qədər artırılacaq), bu baxımdan da indeksasiya təxminən 11 faizə yaxın faiz etibarilə əmək pensiyalarının artmasına imkan verəcək. İlkin gözlənti 10,8 faizdi və daha dəqiq rəqəm fevral ayının əvvəllərində elan olunacaq”.
Vüqar müəllim dedi ki, artım bütün növ əmək pensiyası alan vətəndaşlarımızı əhatə edəcək: “Nəzərə alsaq ki, 2023-cü ilədək təxminən 100 min vətəndaşımızın əmək pensiyaları indeksasiya olunmurdu. Amma artıq qanuna edilən dəyişikliklərdən sonra bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri hər il yanvar ayında indeksasiya olunaraq artırılır. Burada digər mühüm məqam məhz pensiya artımı ilə bağlı qərarın fevralda verilməsinə baxmayaraq, yanvar ayından hesablanmasıdır. Yanvar ayının artımları fevral ayının artımları ilə birlikdə veriləcək. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. Beləliklə, o, yanvar ayından qalan 55 manat da əlavə olunmaqla, fevral ayında 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək.
Onu da deyim ki, 2024-cü ildə sosial təminat baxımından vacib istiqamətlərdən biri də məhz qiymət artımlarına qarşı mübarizənin sürətlənməsi və birrəqəmli inflyasiyanın əldə edilməsi olacaq. Bu il qiymət artımlarının əvvəlki illərlə müqayisədə nisbətən səngiyəcəyi gözlənilir və hətta inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır. Ona görə xüsusən də sosial təminata ehtiyacı olan vətəndaşlarımızın dəstəklənməsi 2024-cü ildə də davam etdiriləcək.
Sosial yardımlara gəldikdə isə, yanvarın 1-dən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardım barədə müraciət edə biləcək. Belə izah edim: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər x 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat - 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardımla əlaqədar müraciət hüququ olduğu halda, o, proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm bu il artacaq. Belə ki, cari ildən həmin ailə üçün ehtiyac meyarı 1350 manata yüksəlir (5 nəfər x 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda, aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat - 800 manat) olur”.
V.Bayramov minimum əməkhaqqının artımı məsələsinə də toxundu. Dedi ki, bu artımlar büdcə paketi ilə deyil, il ərzində ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır: “Son illər mütəmadi olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Cari ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir”.
Aliyə SƏMƏDOVA