Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Mən Ümummilli Liderə sevgimi

 yarışların qalibi olmaqla reallaşdıra bildim”

17.01.2024 13:01
35
A+
A-

 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (TİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.

Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və    şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev əvvəlcə Ümummilli    Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçilərini, XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının qaliblərini salamladı. Dedi ki, bu tədbirlərin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram nümayiş etdirmək, kütləvi bədən tərbiyəsinin inkişafı və təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkilidir. Hesab edirəm ki, bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanmışdır.

Adı qeyd edilən idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış etmiş, təkcə qaliblərin sayı 300 nəfərə yaxın olmuşdur.

Qeyd etdiyim kimi, yarışların təşkil edilməsində başlıca məqsədlərdən biri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram nümayiş etdirməkdir.

Bilirsiniz ki, Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır.

Hələ Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.

Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Ümummilli Lider     Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə Bakıya dəvət olunduqdan və Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəldikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi.

Sevindirici haldır ki, bu gün də Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu siyasət uğurla davam etdirilir. Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham     Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və Olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də, həmkarlar təşkilatı olaraq, hər zaman bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik.

Mən bir daha yarışlarda iştirak edərək adını qaliblər sırasına yazdırmış müəllimləri və tələbələri ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Mükafatlandırma mərasimi başa çatdıqdan sonra mən iştirakçıların bir neçəsi ilə söhbət etdim. Binəqədi rayonundakı 143 saylı tam orta məktəbin bədən tərbiyəsi və idman müəllimi, voleybol üzrə rayon yığma komandasının üzvü Elnarə Əmrəliyeva dedi ki, müasir milli dövlətimizin qurucusu olan Ümummilli   Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bu idman yarışlarında nəinki iştirak etmək, hətta mükafat qazanmaq mənim üçün böyük əhəmiyyət daşıyır. Əvvəla, ona görə ki, layiq görüldüyüm medal məhz Ümummilli Liderin adı ilə bağlıdır. Hər dəfə bu medala baxanda şirin xatirələr yaşayacağam. İkincisi isə, mən xalqımızın böyük oğluna sevgimi yarışların qalibi olmaqla reallaşdıra bildim.

Elnarə xanım Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə də minnətdarlığını halallıq borcu saydı. “Sağ olsunlar”, - dedi, - “Bilirəm, yubiley idman tədbirinin hazırlanması, keçirilməsi, yekunlaşdırılması prossesində çox zəhmət çəkiblər. Onu da bilirəm  ki, bu, onların təşkilatçısı olduğu nə ilk və nə də son idman tədbiri deyil. AHİK-in və sahə Hİ Respublika Komitəsinin keçirdiyi tədbirlər həmişə təşkilatçılıq baxımından yüksək səviyyəsi ilə fərqlənib. İştirakçıların potensialını tam aça bilməsi üçün hər cür şərait yaradılıb. Ədalət prinsipi əsas götürülüb. Bu yanaşmanın nəticəsidir ki, həmkarlar ittifaqları idman cəmiyyətlərinin yetirmələri respublikamızı dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və edirlər.

Bu gün mükafatların təqdimetmə mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin iştirak, çıxış etməsi və qaliblərə mükafatları şəxsən təqdim etməsi həmkarlar ittifaqının bədən tərbiyəsinə, idmana diqqətinin, qayğısının əyani nümunəsidir.

 

Digər həmsöhbətlərim də bu yarışlarda qaliblər sırasında olmaları ilə fəxr etdiklərini söylədilər. Ölkəmizdə idmanın inkişafına verilən dəstəyə görə Respublika Prezidenti cənab İlham Əliyevə, dövlətimizin idman siyasətinin həyata keçirilməsində fəal iştirak edən həmkarlar ittifaqına, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə təşəkkürlərini bildirdilər.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR:

Foto