Azad ticarəti və rəqabəti qoruyan yeni qanun hazırlanır
“Ticarət fəaliyyəti haqqında” qanunun hansı üstünlükləri olacaq?
Hökumətin iqtisadi bloku tərəfindən hazırlanan “Ticarət fəaliyyəti haqqında” yeni qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Hökumətin rəyindən sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq və 2024-cü ilin ortalarına qədər təsdiq edilməsi gözlənilir. Nəzərə alsaq ki, ötən il parlament tərəfindən qəbul olunan və bu günlərdə - yanvarın 23-də Prezident tərəfindən təsdiqlənən Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Bu halda Azərbaycanda ticarətin fəaliyyətini, biznes icmasının azad və bərabər hüquqlarını qoruyan 2 mühüm qanun təsbit olunacaq. Yəni qanun və Rəqabət Məcəlləsi bir yerdə kompleks şəkildə tətbiq ediləcək.
“Ticarət fəaliyyəti haqqında” qanunun hansı üstünlükləri olacaq?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin sözlərinə görə, yeni qanun daxili ticarətin tənzimlənməsinə kömək edəcək sənədlərdən biri olacaq. Qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək. Eləcə də kiçik və orta biznes subyektlərinin bazara girişinin asanlaşması, maneələrin ortadan qaldırılması, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşması, təsərrüfat subyektlərinin bazar payı, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsi və digər vacib hədəf göstəricilərini, o cümlədən ölkənin rəqabət indeksini müəyyən edən metodologiyaya dair tələbləri özündə əks etdirir.
Hazırda biznes üzvlərini ən çox narahat edən məsələ inhisarçılıq və üstün bazar payıdır. Qaydalara əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda o, hökmran mövqe, yəni inhisarçı hesab edilir Eləcə də bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir.
Digər problem qiymətlərlə bağlıdır, daha doğrusu, süni qiymət artımı ilə. Bu, hökuməti də qayğılandırır, çünki süni qiymət artımları inflyasiyanı da yüksəldir. Ona gör də məhsulun maya dəyəri və digər xərcləri tam əks olunduqdan sonra satış marjasının süni artırılmasına qarşı da tədbirlərin görülməsi istisna deyil. Eləcə də elektron ticarət kanalları ilə ölkəyə gətirilən mallların satış qiyməti ilə fiziki yolla daxil olan malların maya dəyərində xeyli fərqlər yarandığından e-ticarətlə məşğul olan biznes icması digər kiçik və orta sahibkarları bazarda sıxışdırır. Onlayn satış platformalarının birbaşa satış mağazaları, kirayə və işçi xərcləri olmadığından onların satdığı məhsulun qiyməti ucuzdur və bu, sözsüz ki, ənənəvi ticarəti üstələyir. İnternet və onlayn satış platformalarında təkcə geyim və məişət məhsulları deyil, artıq ərzaq və digər qida mallarının satışının artması da bazarda ticarət təmsilçilərinin gəlir əldə etmə imkanlarını qütbləşdirib. Məsələn, 2017-ci ildə Azərbaycanda elektron ticarətin illik dövriyyəsi cəmi 590 milyon manat təşkil edirdisə, son 5 ildə bu rəqəm 27 dəfə artaraq 2023-cü ildə 14 milyard manatı ötüb. Bu isə e-ticarətdə fərasətli və çevik iş quranların bazarda ənənəvi - fiziki yollarla işləyən ticarətçilərin bazar payını da ələ keçirməsinə səbəb olmaqdadır. Ona görə də biznes nümayəndələri bu cür hallarla bağlı tədbirlərin görülməsini, bunu haqsız rəqabətin bir növü kimi qanunla tənzimlənməsini təklif edirlər.
Ölkəmizdə ticarətlə bağlı problemlərdən biri həm də qida təhlükəsizliyinin qorunmasındadır. Belə ki, bəzi işbazlar daxili bazara saxta əmtəə nişanı ilə keyfiyyətli məhsulların oxşarını hazırlayaraq ucuz, yaxud aşağı qiymətə satışa çıxarırlar ki, bu da rəqabətin pozulması hallarından birinə çevrilir. Eyni zamanda haqsız rəqabətə rəvac verir. Məsələn, yerli bazarda yağ, kolbasa, süd və xama, digər ərzaq mallarının saxta oxşarları satışa çıxarılmaqla həqiqi məhsulun idxalçısı və ya tədarükçüsünün hüquqlarının pozulmasına səbəb olur. Market və mağazalarda Almaniyanın, Yeni Zelandiyanın, Ukraynanın kərə yağı adı altında satılan 7-8 manatlıq yağların hamısı saxta və keyfiyyətsiz, palma və kokos yağlarının qarışığıdır, paytaxtın müxtəlif ərazilərində sexlərdə gizli yollarla hazırlanır. Nəticədə Zelandiyadan təmiz və həqiqi məhsul gətirən ticarətçinin hüquqları pozulur. Bütün bu sadalananların yeni qanunla nizamlanacağı nəzərdə tutulur.
Yeni qanunun Rəqabət Məcəlləsindən fərqi nədir?
“Ticarət fəaliyyəti haqqında” qanun azad ticarətin tənzimlənməsində əsas iqtisadi aktlardan biri olmaqla həm də Rəqabət Məcəlləsində nəzərdə tutulan əsas hədəflərlə eyni məqsədə xidmət edəcək. Daha doğrusu, yeni qanun, Məcəllənin tərkib hissəsi kimi, biznesin maraq və mənafeyinin təmin olunmasını təmin edəcək, bazarda ticarət qaydalarının pozulması halları baş verdikdə, ticarətçilərin hüquqlarının qorunmasında hüquqi istinadlardan biri olacaq.
Ona görə də ticarətçilərin ümidləri yeni qanunda və Rəqabət Məcəlləsində əks olunmuş əsas hədəflərin təmin edilməsindədir. Qanunu hazırlayanlar isə biznesi arxayınlaşdırır ki, yeni layihə bazarın tənzimlənməsi, haqsız rəqabətin aradan qaldırılması və qiymət artımının qarşısının alınması kimi problemləri həll etməyə imkan verəcək. Bildirilir ki, yeni qanun biznes mühitinin əlverişliliyinin artırılması, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacaq.
Elbrus CƏFƏROV