Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ailədaxili münasibətlər cəmiyyətdəki münasibətlərin güzgüsüdür

Həkim-psixoloq, yaşam koçu Cəmilə Yaşarqızının gəldiyi qənaətə görə, problemin kökündə, nə qədər qəribə olsa da, duran ən başlıca səbəblərdən biri övladlarını xoşbəxt görmək istəyən valideynlərdir.

31.01.2024 11:26
352
A+
A-

Ailə dəyərlərinin hər zaman üstün olduğu Azərbaycanda boşanma tendensiyası ilbəil artır. Hər birimizin ətrafında boşanma ərəfəsində olan və ya boşanan insanlar var. 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların  sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Statistik nəticə eyni olsa da, səbəblər müxtəlifdir.

Həkim-psixoloq, yaşam koçu Cəmilə Yaşarqızının gəldiyi qənaətə görə, problemin kökündə, nə qədər qəribə olsa da, duran ən başlıca səbəblərdən biri övladlarını xoşbəxt görmək istəyən valideynlərdir.

Hər bir valideynin arzusudur ki, övladının toyunu, xoşbəxt yaşadığını görsün. Amma valideynlər çox zaman, özləri də fərqində olmadan, hisslərinə,  nənə, baba olmaq arzularına övladlarını qurban verirlər. Tutaq ki, gəncin ailə üzvlərindən biri xəstədirsə, deyirlər ölməmiş toyunu görsün, bizim yaşımız keçib gedir, sənin toyunu görək və sair. Bu cür təzyiqlərə, psixoloji şiddətə məruz qalan gənclər tez-tələsik ailə qururlar. Qınaq hədəfi olmamaq üçün yalnız evlənmək xətrinə “təcili” şəkidlə qurulan ailələr ya məcburi mental basqının timsalında yaşayır, ya da tezliklə dağılır. Sevgi, hörmət əsasında evlənməyən cütlüyün boşanması gözləniləndir.

Psixoloqun sözlərinə görə, valideynlərin xüsusilə qız övladına fizioloji, duyğusal şiddət göstərməsi də boşamaların ən böyük faktorlarından biridir. Bir çox qız öz ailəsindən canını qurtarmaq üçün çıxış yolunu evlənməkdə  görür. Çox zaman internetdə tanış olduğu adamla, ailəsini araşdırmadan, tələskənliklə ailə qururlar. Bu zaman daha çətin, problemli, şiddət dolu ailə ilə qarşılaşırlar. Tərəflər arasında səbir, məsuliyyət, qaşılıqlı hörmət olmur. Bünövrəsi ani hisslər üzərinə qurulan ailələrin də sonu gözlədiyimiz kimi olur. İlk növbədə bunların qarşısını almalıyıq.

Cəmilə xanım  təəssüf hissi ilə dedi ki, kifayət qədər reytinqi olan, sosial-məişət  mövzulu proqramlarda daha çox cəmiyyətdəki neqativ hallar müzakirə olunur. İnsanlar seriala baxar kimi bu proqramları izləyir və düşünür ki,  filankəs boşandı, efirə çıxdı ona  yardım etdilər. Belə fikir formalaşır ki, deməli, boşanan xanım düzgün addım atıb. Bu proqramların çoxu da reytinq yığmaq xətrinə şou yaradır, reallığı əks etdirmir. Beləliklə, daimi olaraq insanların gözü qarşısında bu səhnələr olduğu üçün boşanmalar adiləşir.  Həmçinin sosial şəbəkələrdə yayımlanan həyat tərzi-yaxşı geyim, paltar, gəzinti, telefon, ev, maşın əksəriyyətin öncə arzusuna, daha sonra tələbinə çevrilir. Maddi gəlirlərlə tələbat uzlaşmayanda ailədaxili münaqişələr yaranır.

Ən böyük problemlərdən biri də gənclərin son vaxtlar ailə qurmamışdan əvvəl  tanışlıq müddətini azaltmasıdır.  Ölkəmizdə ailə modeli sanki hələ tam formalaşmayıb. Nikah bağlamaq üçün müraciət edən gənclərə ailədə ər-arvadın öhdəlikləri ilə bağlı izahat verilmir. Ümumiyyətlə, ailədə ər-arvadın vəzifəsi haqqında maarifləndirici tədbirlər yox səviyyəsindədir. Bəzi  gənclər elə bilir ki, ailə həyatı yalnız ani hisslər deməkdir. Ailə dəyərləri, gələcəyin anası və atası olmaq barədə hərtərəfli düşünmürlər.

C.Yaşarqızı vurğuladı ki, gənclərimiz özlərinə dəyər versinlər, həyatlarını kiməsə görə qurban verməsinlər. Ailə həyatı qurmağın məsuliyyətini dərk etsinlər. Başqasının arzusunu reallaşdırmaq üçün ailə qurulmamlıdır. Əgər iki şəxs arasında sevği, sayğı, hörmət yoxdursa, digər səbəblərə aldanıb gələcəklərini məhv etməsinlər.  Ailədaxili münasibətlər cəmiyyətdəki münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın və gözəl olması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə  yerinə yetirməliyik. Hər bir ailədə böyüyən, tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: