Seçici qeydiyyat yerindən kənarda səs verə bilərmi?
Suallarımızı MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin İdris oğlu Əsədli cavablandırdı.
Bildiyimiz kimi, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Səsvermə ilə bağlı bu günlərdə ictimaiyyəti narahat edən bir çox məqamlara aydınlıq gətirməyə çalışdıq. Suallarımızı MSK-nın Media və kommunikasiya şöbəsinin müdiri Şahin İdris oğlu Əsədli cavablandırdı.
-Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, lakin həmin seçki məntəqəsində səs vermək imkanı olmayan seçici nə etməlidir?
- Vətəndaş müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidə- respublika ərazisində, ölkə hüdudlarından kənarda, Azərbaycanın diplomatik nümayəndəliklərində və konsul idarələrində yaradılmış istənilən seçki məntəqəsində səs verə bilər.
Qeyd edək ki, bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, Prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.
-Vətəndaşın qeydiyyatda olduğu seçki məntəqəsinə gedib səsvermə vəsiqəsini almağa imkanı yoxdursa (uzaq məsafə və ya hər hansı bir səbəbdən), bəs onda necə?
-Belə halda səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilə bilər. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Çünki bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
- Seçicilər müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsini nə vaxta kimi ala bilər?
- Dairə seçki komissiyalarından (Səsvermə gününə 45-25 gün qalanadək) - 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək (Qeyd: Bu müddət artıq bitib)
Məntəqə seçki komissiyalarından (səsvermə gününə 24-3 gün qalanadək) - 2024-cü il yanvarın 14-dən fevralın 4-dək.
Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir.
Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.
Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır.
Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir.
Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.
Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.
Əsli TELMANQIZI