Naxçıvanın turizm brendi - Ağbulaq İstirahət və Xizək Mərkəzi
Qışı nağıllardakı kimi hiss etmək istəyirsinizsə, ünvanınız Ağbulaq İstirahət və Xizək Mərkəzi olsun.
Şahbuz rayonunun sıldırımlı dağlarının qoynunda möcüzə kimi yaradılmış bu əsərin müəllifi elə təbiətin özüdür. Söhbət Ağbulaq kəndindən gedir.
Ağbulaq Naxçıvan şəhərindən 55 km, Hava Limanından isə 60 km. məsafədə yerləşir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə, uca dağların əhatəsində əsrarəngiz bir guşədədir. Bir-birindən möhtəşəm və məğrur dağ silsilələri Dərələyəz və Zəngəzur kəndə keşik çəkir. Buranın təbiəti ilin hər çağında özünəməxsus olur. Mənzərəli və rəngarəng, fəsillərə uyğun peyzajları təbii gözəlliyi ilə göz qamaşdırır. Füsunkar təbiəti, təbii resursları ilə sanki bu yerlər səyahət, istirahət üçün yaradılıb. Elə bu səbəbdən Ağbulaq tələbatlı turizm məkanına çevrilib.
2018-ci ildə burada Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Qısa müddətdə kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edib. 2021-ci ildə Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.
2023-cü il iyunun 24-dən etibarən Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındadır. Həmin tarixdən başlayaraq mərkəzdə əsaslı təmir-bərpa işləri aparılıb. Hazırda mərkəzdə ümumi tutumu 80 nəfər olan 38 otaq, 3 restoran, 2 əyləncə parkı fəaliyyət göstərir. Həmçinin minifutbol, basketbol meydançası, uşaqlar üçün əyləncə parkı, market və başqa xidmətlər də mövcuddur.
Ağbulaq İstirahət Mərkəzi ilin bütün fəsillərində turistlər üçün əsl istirahət məkanıdır. Qış fəsli tamam bir başqadır. Hər yanı bürüyən bəmbəyaz qar, tərtəmiz dağ havasında xizəklə sürüşmək və burada istirahət etmək olduqca maraqlı və əyləncəlidir.
Bu gün muxtar respublikanın turizm brendi olan Ağbulaq Xizək Mərkəzi qar əyləncəsini yaşamaq, təbiətdən zövq almaq istəyənlərin ən çox üz tutduğu ünvana çevrilib.
Xizək Mərkəzində ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, kafelər, əyləncə və uşaq parkları süni qaryaratma sistemləri, xizəksürmə məktəbi mövcuddur. Ərazidə süni qar örtüyü 26 sabit, 2 hərəkət edən mobil süni qar püskürtmə aparatı vasitəsilə yaradılır.
Ağbulaq xizək məktəbində Türkiyədən dəvət olunmuş ixtisaslı təlimçilər müxtəlif hazırlıq səviyyəsi olan xizəkçilər üçün təlimlər həyata keçirir və təhlükəsizliyin təmin edilməsini öyrədirlər.
Həm də Mərkəzdə ziyarətçilər üçün kanat gəzintisi də təklif olunur. Ağbulağın ecazkar təbiətini və dalğalı təpəli dağlıq bölgələrin mənzərəsini hündürlükdən seyr etmək üçün uzunluğu 960 metr olan kanat yolu var. Burada hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılıb. Kanat liftinin başlanğıcında və sonunda kafelər də var.
Ağbulaq İstirahət və Xizək Mərkəzi kiçikdən tutmuş böyüyə qədər hər kəsə sehrli anlar bəxş edir.
Hər il olduğu kimi, bu il də Naxçıvanda qışa Ağbulaq İstirahət və Xizək Mərkəzi ev sahibliyi edir. Həm də özünəməxsus şəkildə. Bir sözlə, siz də qışı nağıllardakı kimi hiss etmək istəyirsinizsə, ünvanınız Naxçıvanın turizm brendi - Ağbulaq İstirahət və Xizək Mərkəzi olsun.
Günel NUR,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr
bölməsinin təlimatçısı