Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Biz yeni tarixi inkişaf mərhələsində

özümüzü ciddi dövlət dəstəyi alan vətəndaş olaraq hiss edəcəyik

14.02.2024 12:16
12
A+
A-

Fevralın 7-də keçirilmiş prezident seçkisi dövlətimizin başçısı cənab İlham Əliyevin xarici və daxili siyasətinin məhz Azərbaycan xalqının mənafeyinə, maraqlarına hesablandığını bir daha təsdiq etdi.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə verdiyi müsahibədə dedi ki, seçkilər həm də milli tariximizin yeni mərhələsinin başlanğıcı idi: seçkiləri 800-ə yaxın beynəlxalq müşahidəçi izləyirdi, 49 təşkilat və 60-dan çox beynəlxalq media qurumu təmsil olunurdu. Onlar da sonda seçkilərin yüksək səviyyədə keçirildiyini etiraf etdilər. Bunun özü həm də ona işarədir ki, Azərbaycanda effektiv siyasi sistem var. Çünki prezident seçkiləri ölkənin siyasi və iqtisadi landşaftını təyin edən təsirli siyasi hadisədir. Bu siyasi prosesin şəffaf, demokratiyanın prinsiplərinə riayət olunması şəraitində keçirilməsi siyasi sistemin uğurundan, effektivliyindən xəbər verir.

E.Mirbəşiroğlu seçkilərdə qalib olmanın iki forması olduğunu vurğuladı. Biri var, namizəd seçkilərdə iştirak edənlərin, biri də var, ölkədə səsvermə hüququ olan vətəndaşların böyük əksəriyyətinin dəstəyini qazanaraq seçilir. Bunlar fərqli-fərqli hadisələrdir. Səsvermə hüququ olan vətəndaşların böyük əksəriyyətinin dəstəyini qazanaraq dövlət başçısı seçilən namizəd, təbii ki, daha ciddi dəstəyə sahibdir, onun hakimiyyətinin legitimlik səviyyəsi daha yüksəkdir və təbii ki, belə olan halda o, ölkə rəhbəri kimi gələcəkdə xalqı, dövləti üçün daha səmərəli fəaliyyət göstərmək imkanlarına malik olacaqdır: “Hesab edirəm ki, Azərbaycan növbədənkənar prezident seçkilərindən sonra beynəlxalq arenada daha təsirli fəaliyyət göstərəcək, yeni mərhələdə yeni hədəflərimizə doğru daha ciddi addımlar atmaq imkanlarımız olacaqdır. Azərbaycan vətəndaşı isə güclü dövlətin vətəndaşı olmaqla yeni tarixi inkişaf mərhələsində özünü ciddi dövlət dəstəyi alan vətəndaş olaraq hiss edəcəkdir. Bütün bunlar növbədənkənar prezident seçkilərinin verdiyi çoxsaylı töhfələrdən bir qismidir”.

Millət vəkili Arzu Nağıyev isə dedi ki, ilk dəfə olaraq bütün ərazilərimizdə seçkilərin keçirilməsi dünyaya verilən bir mesaj idi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək növbədənkənar prezident seçkilərinə getməklə yeni bir reallıq yaratdı: “Seçkini izləyən xarici müşahidəçilər Azərbaycanın ərazi bütövlüyünün əsas kimi götürüldüyünün şahidi oldular. Çünki illər boyu işğalda qalmış ərazilərimizdə heç bir seçki keçirilməmişdi. Ötən həftə baş tutan seçkidə isə azad edilmiş ərazilərimizdə 30-a yaxın seçki məntəqəsi təşkil edilmişdi. Bu, olduqca önəmli bir hadisə idi.

Digər önəmli və tarixi hadisə isə, Prezident İlham Əliyev və ailəsinin səsvermə hüquqlarından digər yerlərdə deyil, məhz Xankəndində istifadə etməsi idi ki, bu da onun suverenliyimizə, ərazi bütövlüyümzə olan yüksək qiymətinin göstəricisi hesab edilirdi. Xankəndində səs verməklə cənab Prezident bütün dünyaya bəyan etdi ki, bizim öz daxili və xarici siyasətimiz var, biz heç kəsdən asılı olan bir xarici siyasət həyata keçirən deyilik.

Məlumdur ki, ATƏT-in missiyası yanvar ayının ortalarından Azərbaycanda idi. Onlar seçkiyə hazırlıq və digər istiqamətdə monitorinqlər aparırdılar. Seçki vaxtı da monitorinqlər aparan xarici müşahidəçilər var idi. Beynəlxalq təşkilatlar hər zaman ölkəmizə qarşı qərəzli münasibətdə olsalar da, açıq-aşkar həqiqətlər, yəni real fakt qarşısında qaldılar. Qərəzlərini ifadə etməyə bəhanələri olmadı.

Deputat dedi ki, İlham Əliyev hər zaman təkcə yürütdüyü xarici siyasətlə deyil, eyni zamanda daxili siyasətlə də öz sözünü deyir: “İlham Əliyevin yenidən Prezident seçilməsindən sonra ölkəmizdə hər bir sahədə islahatlar dərinləşdiriləcək və daha böyük inkişafa doğru qəti addımlar atılacaq. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə ciddi işlər görülərək Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütdüyü bir daha dünyaya nümayiş etdiriləcək. Bütün bu işlərin başında isə xalqının və dövlətinin maraqlarını üstün tutan, sülh və əmin-amanlıq naminə əlindən gələni əsirgəməyən Liderin dayandığı sübut olunacaq”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: