Dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə
hərbi xidmət keçmək üsulu tətbiq edilərsə...
Son günlər Azərbaycanda ordunun ödənişli hərbi xidmət modelinə keçidi ilə bağlı müzakirələr gedir. Belə ki, bir neçə gün öncə Milli Məclisdə təklif edilib ki, Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmət rejimi tətbiq oluna bilər.
Təklifə görə, büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Əgər hazırda hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar.
Belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər.
“Millət vəkillərinin bu gün qaldırdığı bu məsələ elə-belə ortaya çıxmayıb. Biz torpaqlarımızın 30 illik işğalına son qoymaqla erməni işğalçıları üzərində qələbə qazandıq. Sözsüz ki, qələbə bizim olsa da, ordumuzu günbəgün təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırırıq. Məhz ona görə də ordumuz dünyanın ən güclü orduları sırasındadır. Hesab edirəm ki, bu məsələyə diferensial yanaşmaq lazımdır. Bütün sahələrdə müasirləşdiyimiz kimi, Azərbaycan ordusunun gələcəyini, qarşıda olan inkişaf perspektivini görərək düşünürəm ki, hörmətli millət vəkillərinin verdiyi təklif düzgün addımdır”. Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi.
Dedi ki, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək üsulu dünya təcrübəsində neçə illərdir mövcuddur. Bu sistem daha çox ordusu professional istiqamətdə inkişaf edən ölkələrdə tətbiq edilir. Belə bir dəyişiklik olsa, bu, bir sıra problemlərin həllində rol oynayacaq: “Xüsusilə gənclərin təhsili ilə bağlı məsələlərdə bu dəyişiklik kömək etmiş olar. Təhsilini və karyerasını davam etdirmək istəyən gənclər qısamüddətli hərbi xidmət keçməklə yenidən təhsillərini davam etdirə bilərlər. Çünki bizim gənclər orta məktəbi bitirən kimi ali məktəbə qəbul olursa oxuyur, olmadısa parta arxasından birbaşa əsgərliyə yollanır. İl yarım xidmətdən qayıtdıqdan sonra isə gənclərin məktəbdə və hazırlıqlarda öyrəndiyi yadından çıxır, bir növ təhsildən uzaqlaşmış olurlar. Qardaş Türkiyədə əsgərlik yaşı 21-dir. Bu yaşda gənc ya ali savad almış, ya da müəyyən peşəyə yiyələnmiş olur və orduda xidmət edənlər istər döyüşə hazırlıq, istər fiziki, psixoloji cəhətdən daha möhkəm, daha iradəli, dözümlü olur. Bir sözlə, orduda artıq kişiləşmiş gənclər xidmət edirlər. Bu gün bizim ordunun gələcəyinə də bu prizmadan baxmaq lazımdır”.
Ekspert bildirdi ki, dünya müasirləşir, silah-sursat dəyişir, təkmilləşir, indi daha çox texnoloji avadanlıqlara ehtiyac duyulur. Bu silahları da, məsələn, puaların, tankların idarəsini hər kəsə etibar etmək olmur, bunun üçün peşəkar və hərbi xidmətə tam uyğun olan gənclər seçilməlidir. Düşünürəm ki, orduda xidmət edən heyətin öz xidməti borcunu ürəklə vermək istəyən gənclərdən ibarət olması daha yaxşı olacaq.
Ş.Ramaldanov qeyd etdi ki, həqiqi hərbi xidmətdə bir o qədər də önəm daşımayan vəzifələr var. Bunları bir neçə ay ərzində də öyrənmək olar. Yəni müəyyən problemləri olan, özünü hərbi xidmətə hazır hiss etməyən gənclər bir neçə ay xidmət edib, qalan aylarının müqabilində müəyyən vəsait ödəyib ehtiyatda olan hərbçilər sırasına qoşula bilər.
Müsahibim onu da qeyd etməyi vacib bildi ki, müharibə vaxtı ödənişli hərbi xidmətdən istifadə edənlər də orduya qatılacaq. Onlar da əlisilahlı Vətəni qorumağa hazır olacaqlar. Hərbi andın sonunda deyilir ki, Azərbaycanın müstəqilliyini qorumaq üçün əli silahlı hər zaman hazır olacağıq! Yəni sabah müharibə olarsa, həmin ehtiyatda olanlar səfərbərlik zamanı konstitusiyanın tələblərinə uyğun olaraq öz vətənlərini qoruyacaqlar.
Mən, bir vətənpərvər vətəndaş kimi, düşünürəm ki, düzgün yanaşma ilə bu təklifi prinsip cəhətdən həyata keçirməyin yeri var. Azərbaycan Ordusu daha da güclənəcək ki, zəifləməyəcək.
Əsli TELMANQIZI