Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dollara tələb artır, hökumətin valyuta tələbatını ödəmək imkanları necədir?

Bəs dollara olan tələbin artmasının səbəbi nədir?

28.02.2024 11:54
12
A+
A-

2024-cü ilin yanvar-fevral aylarında valyuta hərraclarında dollara olan tələbin kəskin artımı müşahidə edilib. Yanvar ayında keçirilən 7 hərracda ümumilikdə Mərkəzi Bank tərəfindən 417 milyon dollar satılıb. Bu, ötən ilin yanvar ayı ilə nisbətdə 100 milyon dollar çoxdur. Fevral ayında keçirilən hərraclarda isə dollar tələbi daha da yüksəlib. Belə ki, fevralın ilk günündə təşkil olunmuş hərracda dollar tələbi 78,7 milyon, fevralın 6-da 79,7 milyon, fevralın 8-də 61,4 milyon, fevralın 13-də 151,1 milyon, fevralın 15-də Mərkəzi Bank tərəfindən təşkil olunmuş növbəti valyuta hərracında tələb 103,9 milyon, fevralın 20-də 102,6 milyon, fevralın 22-də 108 milyon, fevralın 27-də isə 105,1 milyon təşkil edibdir. Beləliklə, fevralda keçirilmiş 8 hərracda dollara olan tələbat 790 milyonu ötübdür. Ümumilikdə ötən 2 ay ərzində hərraclarda dollar satışının həcmi 1 milyard 210 milyon dollara bərabər olub. Bu, son 4 ildə dollara olan bazar tələbinin ən azı 25-30 faiz artması deməkdir.

Bəs dollara olan tələbin artmasının səbəbi nədir?

Mərkəzi Bank dollara olan ehtiyacların artmasını mövsümi amillərlə və müxtəlif dövlət layihələrinin icrasının artması ilə əlaqələndirir. Bildirilir ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşımaqla, bazarda pul konvertasiyasını genişləndirib. Belə ki, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun tələbinin artması xaricdən müxtəlif malların idxalını artırır ki, həmin malların alışına da daha çox dollar lazımdır. Həmin mal və sənaye ehtiyaclarında, sözsüz ki, azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri əsas yer tutur. Qarabağ və Şərqi Zəngəzurda iri layihələrin böyük əksəriyyətində istifadə edilən xammal və avadanlıqlar, mal-material, elektrotexniki vasitələr, xüsusi maşın və texnikalar xaricdən gətirilir. Həmin avadanlıqların böyük bir hissəsi bahalı sənaye məhsullarıdır, elə texnikalar var ki, dəyəri milyonlarla dollarla ölçülür. Bu isə idxalının dəyərini böyüdür, bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycanın idxalı 2022-ci illə müqayisədə 5 milyard dollar artıb.

Dollara tələbin artması ölkədə dollar qıtlığı yarada bilərmi?

Mərkəzi Bank dollar sıxıntısı olacağı barədə narahatlıqlara əsas görmür. Qeyd edilir ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanın illik ixracının həcmi 32 milyard dollara yaxındır, idxal isə 15 milyard dollar təşkil edir ki, ortada 17-18 milyard dollar həcmində müsbət saldo var. Yəni ölkəyə daxil olan dollar kütləsinin həcmi ölkədən çıxan dollardan 2 dəfə çoxdur. Bu isə dollar qıtlığı ilə bağlı qayğıları aradan qaldırır. Ən fundamental amil isə ölkəmizdə dollar tələbatının Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən ödənilə bilmə potensialı ilə bağlıdır. Hər iki qurumun illik dollar gəlirləri birlikdə ən azı 12-15 milyard dollardır. Təkcə  Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət neftinin və qazın satışından əldə etdiyi gəlirləri 12 milyard dollara bərabərdir. Ölkədə illik dollara olan tələbat isə 7 milyardı ötmür. Hazırkı şəraitdə dollara tələbin artması 2024-cü ildə ümumi olaraq valyuta hərraclarında dollar satışının ən yüksək həcmdə 8 milyard dollara yüksəldə bilər, lap 9 milyard dollar satış olsa belə, MB və DNF-nin tələbatı ödəmək üçün resursları kifayət qədər vardır. Yəni indiki halda Azərbaycanda dollar qıtlığı, hərraclarda dollar tələbini qarşılamaq üçün rezerv çatışmazlığı təhlükəsi yoxdur.

Dollara tələbin artması manatın kursunu dəyişdirə bilərmi?

Azərbaycanda manatın məzənnəsini bir çox faktorlar müəyyən edir. Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda, manat üçün ciddi risklər meydana çıxa bilər. Azərbaycanın 2023-cü ildə tədiyə balansının cari vəziyyəti olduqca qənaətbəxşdir və əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib. Cari əməliyyatlar balansında 6,7 milyard dollar profisit yaranıb, ehtiyat aktivləri 6,4 milyard dollar artıb.

Manatın məzənnəsinə təsir edən amillər sırasında neftin satış qiymətinin təsiri də əsaslı rol oynayır. Hazırda dünya birjalarında “Brend” və “WTI” markalı xam neftin 1 barelinin qiyməti 78-80 dollar arasındadır, neftin satış qiyməti 50 dollardan aşağı enəcəyi təqdirdə, manata təzyiq yükü yarana bilər. Dünya enerji ekspertlərinin fikrincə, 2024-cü ildə “Brend” markalı neftin qiyməti orta hesabla 80-85 dollar/barel olacaq. Bu da, Optimist ssenaridir.

“Fitch Ratings” Beynəlxalq Kredit Təşkilatı bir neçə gün əvvəl açıqladığı proqnoz-hesabatda Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondlara malik olduğunu bildirib. Təşkilat hesab edir ki, Azərbaycanın milli valyutasının sabitliyi üçün də dayanıqlılığı təmin edir. “Fitch”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq və bu, həm də bəzi dairələrdə yayılan devalvasiya söhbətlərinin gerçəklikdən uzaq olmasını əsaslandırır. Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, ələlxüsus da Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Yeri gəlmişkən, 2023-cü il ərzində manatın nominal effektiv məzənnəsi 19.3%, real effektiv məzənnəsi isə 5.1% möhkəmlənib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

Bütün bunlarla bərabər, onu da qeyd etmək lazımdır ki, hazırda Dövlət Neft Fondu və Mərkəzi Bankla birlikdə Azərbaycanın 70 milyard dollara yaxın strateji rezervləri mövcuddur ki, bu ehtiyatlar manat üçün təhlükəsizlik yastığı rolunu oynayır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: