Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

Memoranduma uyğun olaraq, AHİK tərəfindən könüllülük prinsipi əsasında, əvəzsiz olaraq müvafiq xərclər üçün 300 min manat məbləğində maliyyə vəsaiti ayrılıb.

06.03.2024 11:22
6
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev imzalayıblar.

Memorandum ölkəmizin sosial-iqtisadi inkişafında həssas əhali qruplarının daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, o cümlədən Qarabağa köç edən vətəndaşların, habelə işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilinə köməklik göstərmək və bu istiqamətdə əlavə imkanlar yaratmaq, həmçinin ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, habelə sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək göstərmək sahəsində əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

Memoranduma uyğun olaraq, AHİK tərəfindən könüllülük prinsipi əsasında, əvəzsiz olaraq müvafiq xərclər üçün 300 min manat məbləğində maliyyə vəsaiti ayrılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə də AHİK arasında sosial həssas əhali qrupları üzrə sahibkarlığın inkişafına yardım göstərilməsi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb və müvafiq olaraq müəyyən məbləğdə vəsait ayrılıb.

Nəzərinizə çatdıraq ki, AHİK daim həssas əhali qruplarını diqqətdə saxlayır, onlara maddi-mənəvi dəstək olur, özünüməşğulluğuna köməklik göstərir.

 

ETİKETLƏR: