Doğum evlərində süni qida tələsi
Bəs körpəsinə süd verən anaların sayının azalmasına səbəb nədir? Bu, dəbdir, yoxsa arxasında başqa səbəblər yatır?
“Uşaqların süni qidalarla qidalanması halları çox artıb. Ana südü ilə qidalanan uşaqların sayı azalır”. Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Bildirib ki, dünyanın bir çox ölkəsində uşaqlar üçün süni qida maddələrinin reklamı qadağandır. Bu reklamı etməklə biz uşaqların ana südü ilə qidalanmasının qarşısını alırıq. Uşaqlar üçün ana südündən faydalı ikinci qida yoxdur. Süni qidalar nə qədər keyfiyyətli hazırlansa da, onlar heç vaxt ana südünü əvəz edə bilməz. Süni qidaların reklamı ilə mübarizə aparmaq lazımdır. Bu, çox təhlükəlidir. Nəzərə alsaq ki, bu gün süd vəzi xərçəngi qeydə alınan qadınların çoxu məhz övladına süd verməyən analardır.
O qeyd edib ki, körpəyə süd verməmək yalnız həkim göstərişi ilə olmalıdır.
Bəs körpəsinə süd verən anaların sayının azalmasına səbəb nədir? Bu, dəbdir, yoxsa arxasında başqa səbəblər yatır?
Suallarımızı cavablandırmaq üçün pediatr Aytən İsmayılzadəyə müraciət etdik. O bildirdi ki, ana südündən imtinanın səbəbi doğum evləridir: “İlk baxışda deputatın toxunduğu süni qidaların reklamı məsələsi qulağa bəsit gələ bilər. Ancaq uzun illərdir ki, ölkəmizdə mövcud olan bu xoşagəlməz halın arxasında böyük qüvvələr, yəni monopoliya durur. Həmin qüvvələrin təsiri ilə süni qida doğum evlərində analara təklif olunur. Şirkətlərlə birgə işləyən həkimlər analara körpəyə süni qida verməyi məsləhət görürlər.
Tibbi nöqteyi-nəzərdən doğum evlərində süni qida verilə bilər. O qidalar ki, səhiyyə qurumlarında və Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçib, onların satışında heç kim maraqlı deyil”.
Aytən həkim çıxış yolunu doğum evlərində donor süd bankı yaradılmasında görür. Deyir ki, yeni doğum edən ana özündən sonra gələn uşaqlar üçün süd qoyarsa, heç bir süni qidaya ehtiyac olmaz:
“Süni qidaların uşaqlara ilk gündən verilməsi ürək- qan damar sistemi xəstəliklərini, piylənməni, şəkərli diabeti erkənləşdirir. Uşağın bağırsağına düşən ilk qida ana südü olmalıdır. Əgər doğum evlərinin şirkətlərlə əlaqələri kəsilərsə, anaların özbaşına gedib süni qida almaq kimi marağı olmayacaq.
Ana 5-6 aydan sonra südü olmadığı halda aptekə gedib süni qida alır. Apteklərdə, mağazalarda süni qidaların boy-boy düzülməsi də yanlışdır. Guya hansı bahadırsa, o yaxşıdır, bunun da fərqi yoxdur. Onların maya dəyəri çox ucuzdur. Bizdə isə şirkətlər tərəfindən çox baha satılır. Çünki bundan həm də klinikadakı həkimlərə faizlər verilir. İmkansız ailələr çox çıxılmaz vəziyyətdə qalır.
Digər problem anaların ana südü ilə bağlı düzgün maarifləndirilməməsidir. Bu da heç kimin marağında deyil. Doğum evlərində “ana südü məsləhətçisi” ştatı yaradılmalıdır. Ananın motivasiyası onun öz südü ilə uşağını bəsləməsidir”.
Leyla BƏHRAMQIZI