Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK 4200 ailəyə bayram sovqatı göndərib

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır.

14.03.2024 23:40
9
A+
A-

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) qarşıdan gələn Novruz bayramı münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Bundan başqa, martın 14-də Naxçıvan Muxtar Respublikasında həmin kateqoriyadan olan 1200 ailəyə də bayram sovqatı verilib.

Bununla da AHİK-in 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 120 mini ötüb.

Qeyd edək ki, sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Yolasalma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı     Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, qazilərə və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması hər zaman ölkə başçısının diqqət mərkəzində olub.

Bu sahədə nümunəvi fəaliyyəti ilə fərqlənən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri açılır.

Heydər Əliyev Fondunun bu nəcib missiyaları, vətəndaşlarımızın sosial problemlərinin həllinə yardımçı olması hörmətli Mehriban xanıma olan ümummilli inamı daha da yüksəldib. Bu gün Fond Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak edərək dövlətimizə bu işdə yaxından dəstək olur və əminik ki, Mehriban xanım Əliyevanın bu şərəfli missiyası da uğurla yekunlaşacaq.

Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır.

AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir və deyərdim ki, artıq bu, bizdə ənənə halını alıb.

Səttar Möhbalıyev bildirib ki, qarşıdan xalqımızın ən qədim el bayramı olan Novruz gəlir. Gəlişi ilə sevinc və şadlıq gətirən Bahar bayramı müstəqil, suveren və xoşbəxt Vətənimizin hər guşəsində xoş ovqatla, böyük təmtəraqla qeyd olunur. Artıq son illərdir əzəmətli Qələbəmizin sevinci Novruz bayramını daha da təravətləndirib. Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə səsləndirdiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” fikirləri bu gün artıq reallıqdır. Düşməndən təmizlənmiş Şərqi Zəngəzurda və Qarabağda bayram tonqalları alovlanır, sakinlər öz yurdlarında, onlar üçün yeni tikilmiş evlərdə bayram keçirirlər. Təbii ki, bu Zəfəri bizə yaşadan şəhidlərimizi unuda bilmərik, onların ailələrinə hər zaman dəstək olmalıyıq. Sovqat göndərdiyimiz ailələr içərisində şəhid ailələri də var. Sözsüz ki, dövlətimiz onlara hərtərəfli dəstək olur, bütün qayğılarını qarşılayır. Həmkarlar ittifaqları olaraq biz də çalışırıq ki, onların bayramını təbrik edək, süfrələrini bəzəyək. Bu, hər birimizin müqəddəs borcudur.

AHİK hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinə həssaslıqla yanaşır, müəyyən köməkliyin göstərilməsinə çalışır. Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə təmin olunurlar.

Hər il iki mindən çox şəhid ailəsi ödənişsiz olaraq istirahət mərkəzlərinə, müalicə almaq üçün sanatoriyalara göndərilir.

Şəhid ailələrinin məşğulluğunun təmin edilməsi istiqamətində də işlər görülür. Eyni zamanda Qarabağ Dirçəliş Fonduna və “YAŞAT” Fonduna ianələr edirik.

Səttar Möhbalıyev həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlər haqqında da məlumat verib.

Milli Məclisin deputatı sonda Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.

Azər MUSTAFYEV

ETİKETLƏR: