Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK İcraiyyə Komitəsinin iclası keçirilib

İclasda bildirilib ki, həmkarlar ittifaqı üzvlərinin sayında 2022-ci illə müqayisədə ötən il 0,14 % artım olub. Həmkarlar ittifaqı üzvlərinin 53,3 faizini qadınlar təşkil edir.

15.03.2024 23:54
7
A+
A-

Martın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə AHİK-in İcraiyyə Komitəsinin və Aparatının 2024-cü ilin I yarımilliyi üçün iş planı, həmkarlar ittifaqı təşkilatlarının 2023-cü il üzrə statistik hesabatı, ərizə və şikayətlərin təhlili, həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və cari il üçün təhsil planı, həmkarlar ittifaqları idman təşkilatlarının statistik hesabatları, gender statistikası, həmçinin Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin müraciətinə baxılması, eləcə də digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Gündəliyə çıxarılan məsələlərlə bağlı çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

İclasda bildirilib ki, həmkarlar ittifaqı üzvlərinin sayında 2022-ci illə müqayisədə ötən il 0,14 % artım olub. Həmkarlar ittifaqı üzvlərinin 53,3 faizini qadınlar təşkil edir.

Hazırda  işəgötürənlərlə bağlanmış 119 sahə tarif sazişi, dövlət müəssisələrində 10 706  və  qeyri-dövlət müəssisələrində 1 761 kollektiv müqavilə qüvvədədir.

Vurğulanıb ki, 2023-cü ildə AHİK-in Aparatına və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin 99,8 %-i müsbət həll edilib. Həmkarlar ittifaqı təşkilatlarına daxil olan müraciətlərin əksəriyyəti maddi yardım və yollayışlardan ibarət olub.

Müraciətlərə vaxtında verilən cavablara, göstərilən diqqət və qayğıya görə AHİK-ə 100-dən artıq təşəkkür məktubu daxil olub.

İclasda üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki, həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.

Həmçinin məlumat verilib ki, 2023-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslara həmkarlar ittifaqlarının 662 kadr və fəalı qatılıb. Ümumilikdə, Akademiyada 34 kurs (1, 3, 4, 5, 10 günlük və 2 aylıq kurslar) keçirilib. 2024-cü ildə isə 582 nəfərin Akademiyanın kurslarına cəlb edilməsi nəzərdə tutulub.Təhsil planına AHİK-in növbədənkənar VI Qurultayında qəbul edilmiş qərarların həyata keçirilməsi və digər aktual məsələlərin salınması qərara alınıb. 

İclasda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə mədəni hamilik üzrə 2019-2023-cü illər ərzində həyata keçirilən tədbirlərin yekunları və 2024-2028-ci illər üçün tədbirlər planı da təsdiqlənib. Qeyd olunub ki, AHİK İcraiyyə Komitəsinin 30 mart 2000-ci il tarixli qərarı ilə lisey mədəni hamiliyə götürülüb. Həmin vaxtdan həmkarlar ittifaqları hərbi təhsil ocağında mütəmadi olaraq gəncləri Vətənə ləyaqətli xidmətə həvəsləndirən, stimullaşdıran, səsləyən tədbirlər keçirir. İcraiyyə Komitəsinin 15 fevral 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş növbəti tədbirlər planına uyğun olaraq 2019-2023-cü illərdə liseydə 20 tədbir keçirilib. Tədbirlərdə 269 nəfər müsabiqə qaliblərinə nağd pul və qiymətli hədiyyələr təqdim edilib. Hər tədris ilinin sonunda bütün müsabiqə qaliblərinə təntənəli toplantıda şəxsi heyət qarşısında AHİK-in diplomları və sahə Hİ respublika komitələrinin hədiyyələri təqdim olunub.

Daha sonra gündəlikdəki digər məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

AHİK sədri Səttar Möhbalıyev deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan məsələlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməlidir. Müraciətlərə cavablarda dolğun məlumatlar əksini tapmalıdır ki, vətəndaş məmnunluğu tam təmin olunsun.

Səttar Möhbalıyev bildirib ki, həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının qorunmasıdır.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran AHİK sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

Milli Məclisin deputatı sonda Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.

ETİKETLƏR: