Küçə və yolların işıqlandırılması
çox yaxın zamanda tam həllini tapacaq
Sosial şəbəkələrdə tez-tez toxunulan problemlərdən biri də Bakının ətraf ərazilərində yerləşən küçələrin gecələr qaranlığa qərq olmasıdır. Bu iradlara aydınlıq gətirmək üçün Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinin direktoru Eldar Eldarovla görüşdük.
Eldar müəllim sualımıza birbaşa cavab verməzdən əvvəl rəhbəri olduğu müəssisənin həyata keçirməli olduğu vəzifələri diqqətimizə çatdırdı. Dedi ki, biz təkcə küçələrin işıqlandırılması ilə məşğul deyilik. Yəni Bakı şəhərinin inzibati ərazisində (Ələtdən Sumqayıta qədər) yerləşən şəhər, qəsəbə və kəndlərdə həm küçələrin, həm bağ-parkların, həm də çoxmərtəbəli binaların fasadlarının işıqlandırılmasına cavabdehlik daşıyırıq. Məsuliyyət dairəmizə son illərdə salınmasına başlanılan abad həyətlərin işıqlandırılması da daxil edilib.
Siz sosial şəbəkələrə istinadən deyirsiniz ki, küçə işıqları problemi var. Bu problemi ölkə başçısı cənab İlham Əliyev hələ 2 il əvvəl tədbirlərin birində diqqətə çatdırmışdı. Demişdi ki, mərkəzdə işıqlandırma yüksək səviyyədə olsa da, mərkəzdən kənar hissələrdə, xüsusən də kənd, qəsəbə ərazilərində gecə işıqlandırılması yaxşı vəziyyətdə deyil. Və Bakı şəhərinin mərkəzi kimi, ətrafının da işıqlandırılması barədə icra hakimiyyətinin müvafiq qurumlarına tapşırıq vermişdi. Hazırda o yöndə çox intensiv, güclü işlər gedir. Elə sizin qəzetiniz vasitəsilə demək istəyirəm ki, artıq bu ilin noyabr ayına kimi Bakı şəhəri və ətrafında işıqlandırılmayan yer qalmayacaq. Bildirim ki, son iki ildə daha 20 min işıq nöqtəsini xidmətə qəbul etmişik. Bir məsələni də diqqətə çatdırım ki, müəyyən küçələrdə müasir texnoloji yeniliklər tətbiq etmişik. İşıqlandırmada “Phillips” şirkətinin istehsal etdiyi led çıraqlardan istifadə edirik. Led çıraqların istifadəsi elektrik enerjisinə təxminən 3 dəfə qənaət deməkdir. Bir sözlə, yenidən qurulacaq işıq sistemləri köhnə tipdə olmayacaq, daha müasir, daha səmərəli, enerjidən qənaətə əsaslanmış olacaq.
- “Digər ölkələrdə küçələrin günəş panelləri ilə işıqlandırılması təcrübələri də var. Bizdə necə, bu, mümkündürmü?” sualını cavablandıran müsahibim dedi ki, qurumun balansında bu cür işıqlandırma sistemi yoxdur: “Bəli, şəhərin bir neçə yerində günəş panelləri quraşdırılan dirəklər görə bilərsiniz. Onları da fərdi qaydada, yəni hansısa bir sahibkar öz hesabına quraşdırıb. Ancaq onu da deyim ki, hazırda Qarabağda həmin günəş panellərindən istifadə geniş tətbiq olunur. Yenə də deyirəm, işıqlandırmada hələlik bizim xidmət göstərdiyimiz sahədə günəş panellərindən istifadə olunmayıb. Gələcəkdə, təbii ki, bu ola bilər.
Ancaq mən sizin diqqətinizə bir nüansı da çatdırmaq istəyirəm. Düzdür, günəş panellərindən istifadə enerjiyə qənaətdir. Ancaq gəlin belə izah edim. Bu gün biz led çıraqlardan istifadə edib qənaəti anındaca görə biliriksə, bu, günəş panelləri üçün də keçərlidir demək deyil. Çünki bu panellərin alınması, quraşdırılması, tətbiqi çox bahalı bir prosesdir. Təsəvvür edin ki, biz onun qənaətinin nəticəsini istifadəsindən təxminən bir neçə il sonra görə bilərik. Yəni ancaq bir neçə ilə maya dəyərini çıxarda bilir.
“Yol-nəqliyyat hadisələrinin baş verməsində yolların qaranlıq olmasının da payı varmı?” sualını cavabladıran Eldar müəllim dedi ki, bu, düzgün yanaşma deyil: “Yaxşı, bəs, gündüz vaxtı baş vermiş qəzalar da işıqlandırma ilə bağlıdır? Deməli, bu problemin kökündə ayrı məsələlər var. Bəli, işıqlandırmanın olmamasının payı ola bilər, mən bunu istisna etmirəm. Ancaq səbəbi tamamilə yolların qaranlıq olmasında görmək çox yanlış fikirdir. Əsas məsələ o deyil. Mən sizə birmənalı şəkildə deyirəm. Bu gün avtomobil sükanı arxasında əyləşmiş insanların bəziləri yol-hərəkət qaydalarını bilmir. Bax, elə birinci və əsas səbəb budur. İkinci səbəb isə, piyadalar da qaydalara əməl etmirlər. Piyada keçidlərini qoyub, yolun hərəkət hissəsi ilə keçirlər. Ona görə də bu cür qəzalar baş verir.
Elə piyada keçidlərindən danışmışkən mən bir məsələni də qeyd etmək istəyirəm. Yeraltı və yerüstü keçidlərin işıqlandırılması məsələsi bizim səlahiyyətimizdə deyil. Ümid edirəm ki, Prezident cənab İlham Əliyevin qarşımıza qoyduğu və bu gün insanlarımızı da narahat edən küçə və yolların işıqlandırılması ilə bağlı məsələlər və problemlər çox yaxın zamanda öz həllini tapmış olacaq”.
Aliyə ARİFQIZI