Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2024-cü ilin büdcəsi dəyişir, gəlirlər və xərclər artırılır

Bəs büdcənin artan xərcləri hansı sahələrə yönəldiləcək?

16.05.2024 11:15
33
A+
A-

Azərbaycan iqtisadiyyatında 2024-cü ilin ötən aylarında baş vermiş müsbət dinamika və fiskal yığımlarda əhəmiyyətli artımlar hökumətin büdcə zərfinə yenidən baxmasına, daha doğrusu, dürüstləşmə aparmasına zərurət yaradıb. Belə ki, cari ilin yanvar-mart aylarında ölkədə 29 milyard manat həcmində ÜDM istehsal olunub ki, yaradılmış əlavə dəyərin əsas güc sütunu qeyri-neft sektorunun üzərində cəmləşib. İqtisadiyyatın neft-qaz sektorunda ÜDM 0,4 faiz təşkil etdiyi halda, artım qeyri-neft-qaz sektorunda 6,7 faizi ötüb. Nəticədə iqtisadi artım mənbələri dövlət büdcəsinin fiskal yığımlarının da böyüməsini təmin edib. 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat təşkil edib. Nəticədə büdcədə 821,7 milyon manat məbləğində profisit yaranıb.
Büdcə yığımlarında həm vergi orqanlarının, həm də gömrük xidmətinin daxilolmaları artıb. Büdcə gəlirlərinin 4,3 milyard manata yaxını və ya 46,4 faizi vergi orqanlarının payına düşüb. Vergi xidməti büdcəyə proqnozdan əlavə 532 milyon manat vəsait köçürüb. Gömrük orqanlarının xətti ilə daxilolmaların məbləği 1 milyard 469 milyon manat təşkil edib ki, bu da ümumi büdcə yığımlarının 15,9 faizi deməkdir. Gömrük xidməti isə proqnozdan əlavə, büdcəyə 102,9 milyon manat çox vəsait ödəyib.
Büdcədə yığımların təxminən üçdəbiri (34 faiz) Dövlət Neft Fondunun payına düşüb ki, bu da 3,2 milyard manat deməkdir. Beləliklə, vergi və gömrük orqanlarının birgə fiskal yığımları 5,8 milyard manat olub ki, bu da toplam büdcə xəzinəsinin 63-64 faizi deməkdir. Hər iki qurumun topladığı vergi və rüsumlar əsas etibarilə qeyri-neft yığımları olduğundan fiskal baxımdan büdcənin böyüməsinin, profisitin yaranmasının da əsas mənbəyi qeyri-neft sektorundan daxilolmalara əsaslanır. Bu dayanıqlı yığım resursları isə büdcə zərfinə dəyişiklikləri reallaşdırır. Bunu maliyyə naziri Samir Şərifov da istisna etmir və o bildirib ki, hazırkı büdcə daxilolmalarında artımlar büdcə zərfinə yenidən baxılmasına ehtiyac yaradır. Nazir vurğulayıb ki, istər iqtisadi proqnozlar, istərsə də neft və qeyri-neft sektorları üzrə vəziyyət qənaətbəxşdir.
Büdcənin gəlir və xərcləri nə qədər artırıla bilər?
Birinci rübdə büdcədə 900 milyon manata yaxın profisit yaranıb və bu, hələ son deyil, qarşıdakı aylarda büdcə artımının daha da böyüyəcəyi istisna olunmur. Maliyyə nazirinin də vurğuladığı kimi, dünya bazarlarında neftin qiymətinin sabit olması, 2024-cü ilin ötən 4 ayı ərzində qeyri-neft sektorunda artımların davam etməsi dövlət büdcəsinin qarşıdakı aylarda da yığım potensialını artırmış olacaq. Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri də pis deyil, xam neftin bir barelinin büdcədəki qiyməti 60 dollardan götürülsə də, dünya bazarında bu rəqəm 85-87 dollardır. Yəni 2024-cü ilin sonunda neft sektorundan da daxilolmaların həcminin ümidverici olması istisna deyil.
Proqnozlar onu deməyə əsas verir ki, aprel və may aylarında büdcədə profisitin məbləği 1 milyard manatı ötəcək. Bu isə dövlət büdcəsinin gəlirini 1 milyard, xərclərini isə ən azı 1,2 milyard manat artırmağa maliyyə təminatı deməkdir.
Ötən illərin təcrübəsindən görmək mümkündür ki, büdcədə dürüstləşmə aparılan zaman gəlir və xərclər 1 -1,5 milyard manatdan az olmur. Məsələn, sonuncu dəfə 2023-cü ilin iyun ayında büdcəyə dürüstləşmə edilən zamanı xərclər 2 milyard manatdan çox artırıldı. Doğrudur, 2023-cü ilin ilk 5 ayında büdcədə priofisit də böyük idi, 2 milyard manata yaxın olmuşdu, indiki halda büdcə qalığı əvvəlki ilə nisbətən aşağı olsa da, yenə də xərclərin ən azı 1,5 milyard artırılması mümkündür.
Beləliklə, 2024-cü ilin dövlət büdcəsində dürüstləşmələr aparılacağı təqdirdə, büdcənin gəlirləri hazırkı 34,2 milyard manatdan 35,2 milyard manata, xərcləri isə hazırkı 36,8 milyard manatdan 38 milyard manata yüksəlmiş olacaq.
Bəs büdcənin artan xərcləri hansı sahələrə yönəldiləcək?
Son 3 ilin praktikasına baxsaq, bu suala da cavab tapmaq çətin deyil. Birinci maliyyə təminatı .  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası”nın daha da sürətləndirilməsi və əhatəsinin genişləndirilməsi üçün nəzərdə tutulacaq.Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına mərhələli qayıdışının tezləşdirilməsi, bu ərazilərə geri dönmüş insanların iş yerləri və fəaliyyət sahələri ilə təmin olunması, yeni iqtisadi reallıqlara uyğun olaraq bu bölgədə müxtəlif iqtisadi layihələrin icrası əlavə maliyyə tələb edir. Həmçinin Azərbaycan ötən ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatları ilə öz ərazi suverenliyini tamamilə təmin etdikdən sonra Xankəndidə, Əsgəran, Ağdərə, Xocavənd rayonlarının bir neçə kəndində də zəruri quruculuq və bərpa işlərinə start verdi, hazırda həmin ərazilərdə də dayanmadan fasiləsiz layihələr icra olunur. Bütün bunlar bu bölgədə daha böyük xərcləri tələb edir. Ona görə də büdcədə dürüstləşmə aparılarkən birinci məsələ kimi bu istiqamət nəzərdə tutulacaq.
İkinci xərc istiqaməti hərbi sahədir. Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi məqsədilə 4 milyard manata yaxın vəsait ayrılıb, ancaq işğaldan azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturların və sərhəd-nəzarət məntəqələrinin yaradılması, Ermənistanla delimitasiya çərçivəsində sərhəd nöqtələrində mühafizə xətlərinin qurulması, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi, eləcə də milli təhlükəsizliyini daha da gücləndirilməsi üçün də əlavə xərclərə ehtiyac vardır. Bu baxımdan büdcədən bu sahəyə də əhəmiyyətli məbləğdə vəsaitin ayrılması istisna deyil.
Büdcədə əlavə xərclərin maaş artımı və pensiyaların artırılması üçün nəzərə alınması mümkünlüyünə gəlincə, bu, dürüstləşmə zamanı xərclərin həcminə əsasən müəyyən ediləcək. Əgər büdcədə əlavə xərclərin həcmi daha böyük həcmdə olarsa, həmin sahələrdə də artımlar üçün maliyyə təminatının yaradılması mümkündür. Çünki hökumətin siyasəti sosialyönümlüdür və sosial sahə hər zaman prioritet məsələ kimi diqqətdə saxlanılır.

Elbrus CƏFƏROV

ETİKETLƏR: