“Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz.
Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.
Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.
Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.
O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.
Bildiyiniz kimi, müharibə zamanı bir çox xarici media nümayəndələrinə mənim müsahibələrim olub və təbii ki, suallar da müxtəlif olmuşdur. Ancaq müharibədəki planlarımızla bağlı mən təbii ki, heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.
Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.
Şuşada quruculuq işləri, əslində, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkilməli idi. Çünki siz yaxşı bilirsiniz ki, işğala qədər olan dövrdə yol Xankəndi ərazisindən keçirdi. Ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq. Bir neçə başqa önəmli hadisə baş vermişdir.
Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.
Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.
Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər hansı hadisələr baş verirdi, siz, yəni, yaşlı nəsil yaxşı xatırlayırsınız - hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.
Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.
Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir.
Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.
Bugünkü bu bayram günü - mənim üçün və hamımız üçün ikiqat bayram günü bir daha onu göstərir ki, biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. Biz buraya qayıdan kimi, dərhal guya orada aparılmış təmiri ləğv etdik, onu yenidən qurduq. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Burada rahat yaşayın.
x x x
Sonra açarların təqdim edilməsi mərasimi oldu.
Sakinlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq etdilər.