AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də ərzaq sovqatları verilir.
Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də ərzaq sovqatları verilir.
Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
Yolasalma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir: “Bu, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə bilavasitə dəstək xarakteri daşıyır. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Bu münasibətlə ölkəmizin hər yerində tədbirlər keçirilir. Ötən il isə Ulu Öndərimizin 100 illiyi böyük təmtəraqla xalqımız və dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olundu. Eləcə də dünyanın müxtəlif ölkələrində bu münasibətlə silsilə tədbirlər keçirildi. Dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarıq ki, 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Çünki Ulu Öndərimizin ideyaları, siyasi irsi daim yaşamalıdır, təbliğ olunmalıdır. Hər kəs, o cümlədən də gələcək nəsil bilməlidir ki, bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində bərqərar olub. AHİK və üzv təşkilatları da “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirdi. Bütün ilboyu davam edən tədbirlərimiz həmkarlar ittifaqlarının mövcud olduğu bütün idarə, təşkilat və müəssisələrdə baş tutdu”.
AHİK sədri müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin həyat və fəaliyyəti, əvəzedilməz xidmətlərindən danışaraq deyib ki, Heydər Əliyev məşğulluq siyasətini, işsizliyin aradan qaldırılması məsələlərini də daim diqqətdə saxlayıb. Onun rəhbərliyi dövründə respublikada əmək münasibətlərinin hüquqi bazasının yaradılması, yeni iş yerlərinin açılması, vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində bir çox uğurlar əldə olunub.
Həmin dövrdə bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərdə səlahiyyətləri çərçivəsində fəal iştirak etmək imkanları artdı. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan “Həmkarlar ittifaqları haqqında” qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.
Ümummilli Lider Heydər Əliyevin strategiya və ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin ideyalarının reallaşmasında Prezident İlham Əliyevə hər zaman dəstək olan, ən yaxın silahdaşlıq edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var.
Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin doğum günü həm dövlətimiz, həm də xalqımız üçün əlamətdar bir gündür: “Çünki o, bütün ömrünü Azərbaycana həsr edib. Onun xalqımızın və dövlətimizin həyatında gördüyü işlərə baxanda bir daha əmin oluruq ki, Heydər Əliyev bizim sərvətimizdir, qismətimizə düşmüş Allah payıdır. Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki, belə əziz bir gündə istədik ki, Ulu Öndərimizin bizə miras qalan qiymətli və müqəddəs tövsiyələrinə sadiq qalaraq şəhidlərimizin ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-mənəvi dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.
Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin müvafiq qərarları əsasında 2020-ci ilin aprelində 3900, 2021-ci ilin martında 3900, mayında 4000, 2022-ci ilin martında 4065, noyabrında 4500, dekabrında 4500, 2023-cü ilin martında 4650, may ayında 4500, iyununda 4100, noyabrında 4200, dekabrında 4300, 2024-cü ilin martında 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailəsi üçün, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan ailələrə ərzaq göndərilib.
Bundan başqa, AHİK hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinə həssaslıqla yanaşır, müəyyən köməkliyin göstərilməsinə çalışır. Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə, istəklərinə uyğun olaraq, sanatoriya-kurort yollayışları ilə təmin olunurlar
Azər MUSTAFAYEV
***
Mayın 10-da Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfərə gəlib.
AHİK sədri Səttar Möhbalıyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Şuranın kollektivi Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, qarşısına əklil və gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra AHİK tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 1200 aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak ediblər.
Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş ərzaq sovqatları müxtəlif qida məhsullarından ibarətdir.
Sonda sovqat daşıyan avtomobillər təyinatı üzrə ünvanlara yola salınıb.