Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisin nümayəndə heyəti Özbəkistan və Sinqapurda səfərdə olub

.

15.05.2024 11:47
15
A+
A-

Milli Məclisin sədri   Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

Qeyd edək ki, nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

***

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda tədbirdə çıxış edən S.Qafarova gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması məsələsinin bir ölkə, bir region ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu, qlobal təsirə malik və coğrafiyasından asılı olmayaraq, hamını narahat edən məsələdir.

Azərbaycanın qadın hüquqlarının inkişafı sahəsində qazandığı nailiyyətlərdən danışan Milli Məclisin sədri Sahibə Qafarova qadınların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olduqlarını bildirib. Deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin, ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran Milli Məclisin sədri vurğulayıb ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişafı üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq. Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib.

Sahibə Qafarova, həmçinin işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi COP29 barədə də məlumat verib.

Qeyd edək ki, Forumun açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbriki səsləndirilib. Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.

***

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılıb, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib.

Milli Məclisin sədri qarşı tərəfə bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisi olduğunu söyləyib. S.Qafarova sessiya çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan parlament iclası haqqında da məlumat verərək, Sinqapur parlamentinin sədrini bu mühüm tədbirə dəvət edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra S.Qafarova xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Sinqapur parlamenti ilə tanış olub.

ETİKETLƏR:

Foto