Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil işçilərinin hüquqları tam məsuliyyətlə qorunub

Mayın 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) XVIII hesabat-seçki konfransı keçirilib.

31.05.2024 23:32
29
A+
A-

Konfransdan öncə Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və konfrans nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Konfrans nümayəndələri  Şəhidlər xiyabanında olublar.Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş igid oğullarımızın müqəddəs məzarlarını ziyarət ediblər. Məzarları üstünə gül dəstələri düzüblər.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binasında konfrans öz işinə başlayıb.

Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.

Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Reqlamentə uyğun olaraq, konfransın Rəyasət Heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Gündəliyə ATİAHİ RK-nın 2017-2024-cü illərdə gördüyü işlərin hesabatı, Təftiş Komissiyasının hesabatı, Məclisin yeni tərkibinin seçilməsi, Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, Azərbaycan Prezidentinə müraciətin qəbul edilməsi və təşkilati məsələ (Məclis üzvləri, ATİAHİ RK sədri və sədrin müavinlərinin seçilməsi) barədə məsələlər daxil edilib.

Hesabat məruzəsi ilə Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. O, Azərbaycan həmkarlar ittifaqının güclü təşkilata çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolundan və göstərdiyi dövlət dəstəyindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf göstəricilərindən, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, eləcə də son illərdə təhsil sahəsində qazanılmış nailiyyətlərdən danışıb.

Məruzədə Respublika Komitəsinin hesabat dövründəki fəaliyyətinə geniş yer verib. Deyilib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin informasiya - kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələri üçün lazımi köməklik göstərilmiş və müvafiq tövsiyələr verilmişdir. Belə ki, hesabat dövrü ərzində bütün şəhər, rayon və rayon hüquqlu komitələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən kompüter, faks aparatı və digər zəruri avadanlıqlar alınmış, internetə çıxış təmin edilmişdir. Təşkilatlarla Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında operativ əlaqənin təmin edilməsi məqsədilə təşkilat sədrlərinin İKT-dən istifadə bacarığının artırılması məqsədilə maarifləndirmə işi həyata keçirilmişdir.

Respublika Komitəsinin hesabına daxil olmuş üzvlük haqlarının böyük bir qismi aztəminatlı tələbələrin yemək xərcinə, həmkarlar ittifaqı fəalı olan əlaçı tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün ödənilməsinə, Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə keçirilmiş tədbirlərə, müsabiqə və olimpiada qaliblərinin mükafatlandırılmasına, hər il ənənəvi keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının maliyyələşdirilməsinə, qaçqın və məcburi köçkün uşaqları üçün “Novruz” və “Yeni il” hədiyyələrinin alınmasına xərclənmişdir. Həmçinin hesabat dövründə    “Maarifçi” Tələbə Kredit Fonduna 250 min manat vəsait köçürülmüşdür.

Hesabat dövründə həmkarlar ittifaqı fəallarının təhsili və ixtisaslarının artırılmasına da diqqət yetirilmiş, bu məqsədlə 50 min 500 manatdan artıq vəsait sərf edilmişdir.

2017-2024-cü illərdə ehtiyacı olan ittifaq üzvlərinə maddi yardım göstərilməsi də daim diqqət mərkəzində saxlanılmış, toplanmış üzvlük haqqının 10 %-i onlara maddi yardım olaraq ödənilmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz üzvlərinin istirahətini daha yaxşı təşkil etmək məqsədilə 2023-cü ildə Nabran istirahət zonasında yerləşən “Təhsil” İstirahət Mərkəzində yeni 3 mərtəbəli 217 nəfərlik korpus istifadəyə vermiş, yeməkxana binası yenidən qurularaq genişləndirilmiş, oturacaq sayı 260-dan 800-ə çatdırılmışdır.

Cari ildə “Təhsil” İstirahət Mərkəzində daha bir korpusun tikintisi başa çatdırılacaqdır ki, bu da əlavə olaraq hər növbədə 224 nəfərin istirahətini təşkil etmək imkanı yaradacaqdır.

Hesabat dövründə 10 min 867 nəfər ittifaq  üzvü və onların ailə üzvləri bu istirahət mərkəzində istirahət etmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz fəaliyyətini müxtəlif dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə qurmağa çalışmışdır.

Hesabat dövründə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yeni Kollektiv Sazişin layihəsi hazırlanmış, Təhsil Nazirliyinin müvafiq komissiyası ilə birlikdə müzakirə edilmiş və 2017-2019-cu illər üzrə, 2019-2021-ci illər üzrə, 2021-2023-cü illər üzrə və 2023-2025-ci illər üzrə Kollektiv Saziş imzalanmışdır. Həmçinin Kollektiv Sazişə uyğun olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətinə daxil olan üzv təşkilatlar da kollektiv müqavilələr bağlamışdır. Bağlanmış Kollektiv müqavilələrdə və Kollektiv Sazişdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının göstəriş və tövsiyələri əsas götürülmüşdür. Belə ki, təhsil işçilərinin Vahid Tarif Cədvəli əsasında əməyinin ödənilməsi və ona nəzarət, işçilərin hüquqlarının qorunması, qanunvericilikdə müəyyən olunmuş normalar daxilində işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmələri və əməyinin ödənilməsi, ona nəzarət, qanunvericilikdə müəyyən olunmuş normalar daxilində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün müəssisələrdə əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi, həmkarlar ittifaqlarının fəaliyyəti üçün lazım olan şəraitin yaradılması, yaranan əmək mübahisələrinin (münasibətlərinin) həlli məqsədilə həmkarlar ittifaqı komitələrinin nəzdində əmək mübahisələrinə baxan orqanın yaradılması və onun tərəfindən qəbul edilmiş qərarın mütləq yerinə yetirilməsi, ittifaq üzvü olan hər hansı bir işçinin, səbəbindən asılı olmayaraq, əmək müqaviləsinə xitam verilərkən müvafiq həmkarlar ittifaqı komitəsi ilə razılaşmaların aparılması və digər mühüm müddəalar bağlanmış müqavilələrdə öz əksini tapmışdır.

Kollektiv Saziş və müqavilələrə təhsil müəssisələrində çalışan III qrup əlillərin əməkhaqqının digər işçilərə nisbətən 15 faiz, I və II qrup əlillərin əməkhaqqının isə 25 faiz artırılması kimi şərtlər də əlavə edilmişdir. Həmkarlar ittifaqı komitələrində aparılan səmərəli işin nəticəsində 8000-dən çox əlil olan, lakin fəaliyyətini davam etdirən təhsil işçisinə əlavə əməkhaqqı ödənilmişdir. Bu iş bu gün də davam etdirilir və üzv təşkilatların hamısında bu iş uğurla həyata keçirilir.

Hesabat dövründə ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olmuş müraciətlər vaxtında araşdırılaraq cavablandırılmış və tədbirlər görülmüşdür. Hesabat dövründə əmək qanunvericiliyinin pozulması ilə əlaqədar yüzlərlə təhsil işçisi yazılı və şifahi müraciət etmiş, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və üzv təşkilatlar  işəgötürənlə işçi arasında yaranmış  mübahisələrin qarşılıqlı anlaşma, məhkəmədənkənar danışıqlar vasitəsilə, qanuni yolla həll edilməsinə nail olmuşdur.

Məhz bunun nəticəsidir ki, son yeddi ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tələbi ilə yüzlərlə ittifaq üzvü öz əvvəlki işinə bərpa edilmişdir.

Təhsil müəssisələrində əmək və iş şəraitinin yaxşılaşdırılması, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatı, ağır və zərərli iş şəraitində çalışan işçilərə əlavə məzuniyyət və əlavə əməkhaqqının verilməsi, istehsalatda zədə və xəsarət alanlara işdə zədə təhqiqat aktının verilməsi, onlara veriləcək ödənc və müavinətlərin özlərinə və ya ailələrinə verilməsinə də köməklik edilmişdir. Hesabat dövründə əmək şəraiti üzrə bəzi ali təhsil müəssisəsində iş yerlərinin attestasiyasının keçirilməsi təşkil  olunmuş, onların normalara uyğunlaşdırılması təmin olunmuş, təhlükəli iş yerləri haqqında işçilər müntəzəm olaraq təlimatlandırılmış və istehsalat xəsarətlərinin qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilmişdir.

İstehsalat zədələnməsi və peşə xəstəliyi, zərərli və təhlükəli istehsalat amillərinin səviyyəsi yüksək olan müəssisələrdə bədbəxt hadisələrin, zədələnmə və qəzaların səbəblərinin aradan qaldırılmasında, əmək şəraitinin təhlükəsizlik normalarının tələblərinə uyğunlaşdırılmasında mütəxəssislərin və həmkarlar ittifaqı fəallarının iştirakına dair müzakirələr keçirilmişdir.

Hesabat dövrü ərzində əməyin mühafizəsi məsələsi Məclisdə, 26 dəfə isə Respublika Komitəsinin Rəyasət Heyətində müzakirə edilmişdir.

Hesabat dövrü ərzində 181-ə yaxın təhsil müəssisəsində yoxlama aparılmış, müəssisələrin 93-nə baş texniki əmək müfəttişi tərəfindən təqdimat verilmişdir. Bu təqdimatlarda göstərilən nöqsanların aradan qaldırılması təhsil müəssisələrinin rəhbərlərinə ciddi tapşırılmış, təhsil müəssisələrində əməyin mühafizəsi üzrə 684 pozuntu aşkar edilmişdir. Göstərilən pozuntuların 660-ı vaxtında  aradan qaldırılmış, qalan 24 pozuntu isə sonradan həll edilmişdir.

Qeyd edim ki, hesabat dövründə dünyada və ölkəmizdə cəmiyyətin inkişafına və sabitliyinə ciddi mənfi təsir göstərə bilən bir sıra hadisələr baş vermişdi.

Bunlardan biri də COVID-19 pandemiyası idi.

COVID-19 pandemiyası, həmkarlar ittifaqı təşkilatları olaraq, bizim də qarşımızda yeni vəzifələr formalaşdırmış, öhdəliklər yaratmışdır. Respublika Komitəsi karonavirusun yayıldığı ilk günlərdən infeksiyanın qarşısının alınması, ittifaq üzvlərinin bu çətin günlərdə sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlamışdır.

İnfeksiyaya yoluxmuş həm təhsil sahəsində çalışan, həm də təhsil alan hər bir ittifaq üzvünə, onların ailələrinə müntəzəm olaraq maddi yardımlar edilmişdir. Onlayn formada layiqli iş şəraitinin təmin edilməsi, müəllimlərin əməkhaqlarında gecikmələrin olmaması, əmək fəaliyyətindən kənarlaşdırılmaması halları tərəfimizdən xüsusi nəzarətə götürülmüşdür. Bununla yanaşı, təhsil sahəsində işləyən insanların tibbi maska, qoruyucu və dezinfeksiyaedici vasitələrlə təmin edilməsi ilə bağlı da tərəfimizdən işlər görülmüş, yuxarıda qeyd edilən vasitələr ittifaq üzvlərinə paylanmışdır.

Ölkədə ilk karonavirusa yoluxma halı qeydə alındıqdan dərhal sonra Respublika Komitəsi də məsafəli iş rejiminə keçmiş, bütün mədəni-kütləvi tədbirlər ləğv edilmiş, ilk təşkilatlarla Respublika Komitəsi arasında çevik onlayn əlaqənin qurulması üçün təxirəsalınmaz addımlar atılaraq maddi-texniki baza formalaşdırılmışdır. Vaxtaşırı olaraq ilk təşkilatlarla onlayn konfranslar təşkil edilərək yerlərdəki vəziyyət analiz edilmişdir.

Həmkarlar ittifaqlarının balansında olan bütün sanator-kurort  və istirahət mərkəzləri fəaliyyətini tam dayandırmış, karonavirusa yoluxmuş ittifaq üzvlərimizin müalicəsinə səfərbər edilmişdir.

Vətən müharibəsi günlərində də cəmiyyətimizin bütün təbəqələri və qurumları kimi həmkarlar ittifaqları da səfərbər oldu. Respublika Komitəsi, onun üzv təşkilatları “hər şey cəbhə, hər şey ordu üçün” devizi altında işlədi. Postmüharibə dövründə təhsil sahəsində çalışan qazilər və şəhid ailələri himayəyə götürüldü.

S.Möhbalıyev hesabat dövründə ATİAHİ-nin gənclər, gender sahəsində həyata keçirdiyi tədbirlərdən, beynəlxalq əlaqələrdən və digər məsələlərdən də söz açdı. Bu istiqamətlərdə görülən işlər barədə geniş məlumat verdi.

Səttar müəllim çıxışının sonunda dedi:

“Hesabat məruzəsindən göründüyü kimi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı son beş ildə ittifaqın Nizamnaməsi və digər normativ-hüquqi sənədlərin tələblərindən irəli gələn vəzifələr, o cümlədən ittifaq üzvlərinin əmək, sosia-iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə əlaqədar müəyyən işlər görmüşdür. Hesab edirəm ki, qloballaşan, bazar iqtisadiyyatına keçən, əmək münasibətlərinin yeni forma və qaydalarının hökm sürdüyü dövrdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, onun üzv təşkilatları qarşılarına qoyduqları vəzifələri bundan sonra da inamla yerinə yetirəcək, gündən-günə inkişaf edən və çiçəklənən doğma respublikamızın təhsil sahəsində çalışan işçilərinin və oxuyan gənclərinin hüquqlarının müdafiəçisi funksiyasını layiqincə yerinə yetirəcəkdir”.

Məruzə ətrafında çıxışlar olub. Konfrans qurumun fəaliyyətini qənaətbəxş hesab edib və təsdiqləyib.

Konfransda təşkilati məsələyə baxılıb. Səttar Möhbalıyev Respublika Komitəsinin sədri, Hümbət Nağıyev sədrin I müavini, Mirzə Cəfərzadə sədr müavini seçiliblər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham     Əliyevə müraciət ünvanlanıb.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR:

Foto