Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib

Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Bu, asan iş deyil, lakin biz buna hazırıq.

05.06.2024 11:05
9
A+
A-

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edərək bildirib ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Prezident İlham Əliyev deyib ki, otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu.

Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.

Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik.

Dövlətimizin başçısı bildirib ki, Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.

Prezident İlham Əliyev deyib ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

Beləliklə, “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir.

Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub.

Dövlətimizin başçısı bildirib ki, bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Bu, asan iş deyil, lakin biz buna hazırıq.

Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Yeni stansiyalar barədə videoçarx nümayiş olundu.

Daha sonra dövlətimizin başçısı Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə tanış oldu.

ETİKETLƏR: