Hansı məsələlər müəssisədaxili intizam qaydalarına aiddir?
Şahin NƏZƏRLİ, Daşkəsən rayonu.
Təhsil prosesinin iştirakçıları kimlərdir?
Səma RƏHİMOVA, Bakı şəhəri.
- “Təhsil haqqında” qanunun 31-ci maddəsinə əsasən, təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.
Hansı məsələlər müəssisədaxili intizam qaydalarına aiddir?
Şahin NƏZƏRLİ, Daşkəsən rayonu.
- Əmək Məcəlləsinin 183-cü maddəsinə görə müəssisədaxili intizam qaydalarına aşağıdakılar daxildir:
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydası.
Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.
İşləməyən valideynlərə yeni doğulan uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?
Gülzar HƏŞİMOVA, Beyləqan rayonu.
- “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 74-cü maddəsinə əsasən, işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun müvafiq idarəsi tərəfindən ödənilir. Əgər uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri və DOST agentlikləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
Odur ki, Siz ərizə ilə qeyd edilən orqana müraciət etməlisiniz.