İmtahanın əsas mahiyyəti təhsilverənlərin
peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını ölçmək idi
Dünya təcrübəsində geniş yayılmış sertifikasiya imtahanının 2022-ci ildən respublikamızda da tətbiqinin əsas mahiyyəti təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını ölçmək idi. Eyni zamanda sertifikatlaşdırma prosesindən sonra diferensial əməkhaqqı tətbiq olunur ki, artıq müəllimə sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əməkhaqqı verilir. Bu da çox ədalətlidir.
Qeyd edim ki, sertifikasiya zamanı müəllim yalnız test imtahanı vermir, o, həm də müsahibə mərhələsindən keçir ki, bu da müəllimin bilik və bacarıqlarından başqa, pedaqoji bacarıqlarının da yoxlanılmasına imkan verir.
“Qeyd edim ki, 4432 orta məktəb təhsil müəssisəsində 150 000 müəllim çalışır.
Cəmiyyətlə yanaşı, təhsil mütəxəssisləri, həmçinin Elm və Təhsil Nazirliyi də bilir ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil”. Bunu təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov dedi.
-Kamran müəllim, bəs müəllim peşəkarlığının hazırda lazımi səviyyədə olmamasının səbəbini harda, nədə görürsünüz?
- İlk növbədə müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Bu imtahanın keçirilməsinin məqsədi o idi ki, təhsilimizdə zəif məqamlar nələrdir, onları aradan necə götürməliyik, bunları pillə-pillə müəyyənləşdirək. İnanıram ki, sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına, uşaqların daha yüksək bilik və bacarıq əldə etməsinə gətirib çıxaracaq.
-İndiyədək keçirilən sertifikatlaşdırmanın nəticələrini necə qiymətləndirirsiniz?
- Bu vaxta qədər 40 600 müəllim sertifikatlaşdırmaya cəlb edilib, onların 88 faizi (35 600) müsabiqədə uğur qazanıb.
Sertifikatlaşdırmada uğur qazanan 8500 müəllim (21 faiz) 51-60, 27 min (67 faiz) müəllim isə 30-50 bal arası nəticə əldə edib.
Hər iki cəhddə uğursuz nəticə göstərənlər isə təxminən 5 min nəfərdir ki, bu da sertifikatlaşdırmada iştirak edənlərin 12 faizini təşkil edir.
Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi prosesdə uğur qazanıb.
Təəssüf ki, sertifikasiya imtahanlarında xoş olmayan hallara da şahid olduq. Bir qisim müəllim imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədini gətirmir. Digər tərəfdən, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, şparqalka, konspektlər keçirməyə, ətrafdan kömək almağa, köçürməyə cəhd ediblər.
Ən təəssüfedici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-6 bal toplayanlar oldu.
Yəni sertifikasiyaya cəlb edilən müəllimlərə fərqli bir sahədən test tapşırıqları təqdim edilməmişdi. 20-30 il öncə hər il onların uşaqlara öyrətdiklərindən suallar salınmışdı.
20-30 ilin müəllimi özünün tədris etdiyi fənlərdən ibarət suallara cavab verə bilmirsə, bu, yaxşı məsələ deyil. Ona görə də bu imtahan növbəti illərdə daha da çətin, daha da sərt olmalıdır ki, biz daha yüksək peşəkar müəllimləri sistemdə saxlayaq. Çünki müəllimlər öz üzərlərində çalışmırlar.
Bir məqamı da qeyd edim ki, sertifikasiya imtahanı təhsilverənlərin böyük bir hissəsinin hazırlıqlara, kurslara getməsinə səbəb oldu, onlar başqa müəllimlərin yanına gedib imtahana hazırlaşdılar. Bu, qəbuledilməz haldır.
İkinci növbədə problem universitetlərdədir. Universiteti bitirib əmək bazarına daxil olmağa çalışan vətəndaşların biliyi istənilən və lazımi səviyyədə deyil. Sertifikasiya imtahanı nəticəsində 4 minə yaxın müəllimin işini itirdiyinə toxunan ekspert vurğulayır ki, bu insanların yenidən təhsil sistemində işləmək hüququ məhdudlaşdırılmır:
“Elm və təhsil naziri humanizm prinsipini əsas götürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq vəzifələrində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri, bilik və bacarıqları var. Onlara yenidən təhsil sistemində işləmək icazəsi verilir. Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ (Müəllimlərin İşə Qəbulu) vasitəsilə işə qəbul ola bilərlər”.
Əsli TELMANQIZI