Türkiyə və Azərbaycan idxal-ixrac və gömrük rüsumlarını azaldır
.
Türkiyə və Azərbaycan qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində addımlar atmaqdadır. Bu siyasətə əsasən, iyulun 1-dən etibarən Azərbaycandan qardaş ölkəyə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmi azaldılıb. Yeni rüsum cədvəlinə əsasən, Azərbaycandan idxal edilən heyva, tut, dəmirdən hazırlanan yarımfabrikatlar və s. kimi məhsulların gömrük tariflərinə yenidən baxılıb. İdxal qaydalarına uyğun olaraq Azərbaycandan tut və heyva idxalı üzrə tarif 7,7 faiz müəyyən edilib, dəmir və poladdan hazırlanmış bəzi məhsul növləri üzrə gömrük prosedurlarında isə 11,3 faizdən 15 faizədək rüsum tutulacaq. Eyni zamanda Azərbaycandan idxal olunan plastik borulara, şlanqlara, eləcə də ərintisiz alüminium təbəqələrə və lövhələrə tətbiq edilən əlavə gömrük rüsumları ləğv edilib. Bununla yanaşı, illik 15 min hektolitr kvota çərçivəsində Azərbaycan şərabları da dövlət rüsumundan azad edilib.
Mövcud qərar Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından irəli gəlir. Belə ki, hər iki ölkə azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səylərin daha da gücləndirilməsi istiqamətində son 2 ildə ardıcıl olaraq iqtisadi qanunlarda və gömrük-vergi qaydalarında əhəmiyyətli dəyişikliklər etməkdədir. 2022-ci ildə Azərbaycan və Türkiyə böyük iqtisadi hədəfləri həyata keçirmək üçün əsas stimulverici alətlərdən biri olan qarşılıqlı ticarətin asanlaşdırılmasına dair Preferensial Ticarət Sazişin tətbiqinə başlayıb. Saziş mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılmasını nəzərdə tutur. Ötən il Preferensial Sazişə əlavə və dəyişikliklər edilib və hər iki ölkənin idxal və ixrac etdiyi bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumları qarşılıqlı olaraq azaldılıb, güzəştli mal qrupuna daxil olan mal çeşidinin sayı 15-dən 30-a qaldırılıb.
İyul ayından isə qüvvəyə minən yeni dəyişikliklər Preferensial Ticarət Sazişi çərçivəsində əlavə mal və mal qruplarının ticarət qaydalarının və rüsumlarının da asanlaşdırılmasını nəzərdə tutur. Bura spirtli içki növləri, yarımfabrikatlar, yeyinti və müxtəlif sənaye malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir. Bu isə güzəştli mal qrupuna daxil olan məhsulların çeşidinin yenidən artırıldığını təsdiqləyir.
Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş də təsdiq edilib ki, bu sənəd iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
Bütün bu sazişlərin əsas ana hədəfi isə tərəflər arasında ticarət-iqtisadi dövriyyənin artırılaraq yaxın illərdə 15 milyard dollara çatdırılması, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsidir.
2023-cü ildə Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin həcmi 7,7 milyard dollara yaxın olub. Azərbaycan qardaş ölkəyə 5,4 milyard dollar həcmində məhsul ixrac edib, Türkiyədən isə 2,3 milyard dollarlıq mal idxal edib. Tərəflər ticarətin artırılması üçün daha əlverişli iqtisadi imkanların yaradılması, ticarət rejimlərinin asanlaşdırılması istiqamətində yeni təşəbbüsləri də nəzərdən keçirir. Türkiyədə tətbiq olunan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinə əsasən, daşınmalarda tətbiq olunan rüsumların, o cümlədən çəki, ölçü, xüsusi icazələrin alınması, təhlükəli yüklərin daşınması və s. barədə tələblər üzrə məlumatların elektron mübadiləsi, qeyri-tarif maneələri barədə araşdırmaların aparılması və təhlil sənədinin hazırlanması, səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması barədə sazişlərin imzalanması nəzərdə tutulur.
Preferensial Sazişdə nəzərdə tutulan güzəştli mal qrupunun siyahısının artırılması sayəsində iki ölkə arasında ümumi ticarət dinamizminin yüksəlməsi gözləniləndir. Mövcud statistika və qarşılıqlı əmtəə dinamikası illik ticarət dövriyyəsinin həcminin növbəti ildə 8-9 milyard dollara, 2027-2028-ci illərdə isə 15 milyard dollara yüksələcəyinə əminlik yaradır.
Qarşılıqlı ticarətdə bu güzəştlərin tətbiqi və rüsumların ləğvi isə idxal-ixrac mallarının çeşidinə yeni məhsulların da daxil olmasına səbəb olacaq, sahibkarların logistika və daşınma, gömrük xərclərini azaldacaq, nəticədə məhsulun maya dəyəri də aşağı düşəcək. Bunun sayəsində hər iki ölkənin bir-birinə göndərdiyi malların ucuzlaşması da mümkün olacaq.
Elbrus CƏFƏROV