Çempionata yekun vurulub
Gərgin mübarizə şəraitində keçən oyunda Sosial Xidmətlər Agentliyinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək minifutbol çempionatının qalibi olub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təşkil olunan minifutbol çempionatının final mərhələsi keçirilib.
Final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Hikmət Osmanov və başqaları olub.
Oyundan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əvvəlcə 3-cü yer uğrunda nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Agentliyinin komandaları mübarizə aparıb.
DSMF-nin komandası 2:1 hesabı ilə qalib gələrək çempionatda 3-cü yeri tutub.
Final oyununda isə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən oyunda Sosial Xidmətlər Agentliyinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək minifutbol çempionatının qalibi olub.
Final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və medallar təqdim edilib.
Qeyd edək ki, mayın 11-dən başlanan minifutbol çempionatında nazirliyin qurumları üzrə ümumilikdə 12 komanda mübarizə aparıb.