Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşağın anadan olması ilə bağlı müavinətin məbləği nə qədərdir? Eyni vaxtda 2 uşaq doğulanda birdəfəlik müavinət necə ödənilir?

İRADƏ MƏMMƏDOVA, Şəki şəhəri.

17.07.2024 11:43
93
A+
A-

- “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin IV bölməsi uşağın anadan olmasına görə birdəfəlik müavinətə həsr olunub.

Həmin Əsasnamənin 73-cü bəndinə əsasən, uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. Bu müavinətin məbləği hazırda 500 AZN-dir.

Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. 1 yanvar 2021-ci il tarixdən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığorta edən tərəfindən müraciət edildikdə verilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

Əsasnamənin 75-ci bəndinə uyğun olaraq iki və ya daha çox uşaq doğulduqda uşağın anadan olmasına görə birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Sualınıza cavab olaraq bildiririk ki, 2 uşağa görə 1000 AZN ödənilməlidir.

Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.

 

Hamiləliyim otuz həftə olmamışdan əvvəl doğuş baş verdi. Hələ hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmamışdım. Uşağım ölü doğuldu. Bu halda mənə xəstəlik vərəqəsi veriləcəkmi?

 

Şəbnəm HAQVERDİYEVA,

Biləsuvar rayonu.

 

- Hamiləliyə və doğuşa görə xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi sığorta haqları ödəyən qadınlara müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi zamanı verilir. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər də elə həmin xəstəlik vərəqəsi əsasında verilir.

Qeyd olunan xəstəlik vərəqələrinin verilməsi Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatla tənzimlənir.

Təlimata əsasən, belə xəstəlik vərəqələri doğum baş vermiş müalicə idarəsində dəyişdirmə vərəqəsindəki qeyd əsasında qadın məsləhətxanaları tərəfindən, belə məsləhətxanalar olmadıqda isə ümumi müalicə profilaktika idarələri tərəfindən verilir.

Sualınızdan məlum olur ki, doğuş otuz həftəlik hamiləlik müddətinə qədər baş vermişdir. Bu hallarda xəstəlik vərəqəsinin verilmə qaydası da qeyd etdiyimiz Təlimata əsasən aparılır.

Doğum otuz həftəlik hamiləlik müddətinə qədər baş verdikdə və diri uşaq doğulduqda 140 təqvim günü müddətinə xəstəlik vərəqəsi verilir. Sizin halda isə xəstəlik vərəqəsi, uşaq ölü doğulduğu üçün, 126 təqvim günü müddətinə veriləcək. Bunun üçün xəstəlik vərəqəsini alıb müavinətin ödənilməsi üçün çalışdığınız müəssisəyə təqdim etməlisiniz.

 

Şifahi bağlanan zaminlik müqaviləsi etibarlı sayılırmı?

 

Amid HƏSƏNOV,

Daşkəsən rayonu.

 

- Müqavilənin anlayışı, şərtləri, onların növləri, bağlanması, forması müqavilələr üzrə yaranan məsuliyyət və sair hallar Mülki Məcəllə ilə tənzimlənir. Zaminlik müqaviləsinə əsasən, zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanıla bilər. Mülki Məcəllənin 471-ci maddəsi zaminlik müqaviləsinin formasını müəyyən edir. Maddəyə əsasən, zaminlik müqaviləsi yazılı bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

ETİKETLƏR: