Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kollektiv müqavilə necə hazırlanır və bağlanılır? Bu haqda məlumat verməyinizi xahiş edirəm.

Fərqanə HƏMZƏYEVA, Şirvan şəhəri.

30.07.2024 23:40
26
A+
A-

- Əmək Məcəlləsinin 25-ci maddəsinə əsasən, kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri daxilində həmkarlar ittifaqı təşkilatları (birlikləri), əmək kollektivləri, işəgötürənlər, müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər.

Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. Kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır.

Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı (birliyi) yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.

Respublika və ya ərazi üzrə, habelə müəssisə daxilində bir neçə həmkarlar ittifaqı təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün işçilərin müvafiq həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən ibarət komissiya yaradılır.

Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədilə kollektiv danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir.

İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə orqanlarını, eləcə də onların yaratdığı və ya maliyyələşdirdiyi təşkilatları təmsil edən şəxslərin, işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına yol verilmir.

 

Notariuslar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?

Həsən QƏNBƏRLİ, Şəki şəhəri.

- Notariusların hansı fəaliyyətlə məşğul ola bilmələri “Notariat haqqında” qanunda qeyd edilmişdir. Notariusların notariat fəaliyyəti ilə məşğul olma müddətində elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına heç bir məhdudiyyət qoyulmamışdır.

Dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və digər haqqı ödənilən işləri yerinə yetirmək qadağandır.

Notarius işlədiyi dövrdə hər hansı siyasi partiyada öz fəaliyyətini dayandırmalıdır.

Notarius Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi orqanı tərəfindən təsdiq edilən Notariusun etik davranış kodeksinin tələblərinə və müvafiq icra hakimiyyəti orqanının metodiki tövsiyələrinə riayət etməlidir.

Qanunun 3-cü maddəsinə əsasən, dövlət notariusuna həm də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.

 

İstirahət günü ezamiyyətə gedənlərə əlavə haqq ödənilirmi?

Səyavuş HƏSƏNOV, Bakı şəhəri.

- Ezamiyyətlə bağlı münasibətlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 18.01.2012-ci Q-01 saylı qərarla təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə nizama salınır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, ezamiyyətdə olduğu vaxt, həmçinin yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır. Təşkilat rəhbərinin tapşırığı ilə ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə istirahət günü (günlər) verilir.

Ezam olunan işçilərə ezam olunduqları təşkilatın iş vaxtı və istirahət vaxtı tətbiq edilir.

ETİKETLƏR: