Torpağın normativ qiyməti nədir və bu qiymətdən nə vaxt istifadə olunur?
Vəli MƏMMƏDLİ, Abşeron rayonu.
Kimlər notarius fəaliyyəti ilə məşğul ola bilər? Həm də bilmək istəyirəm ki, ali hüquq təhsili olub, lakin əvvəllər məhkum olunmuş şəxs notarius işləyə bilərmi?
Şəmsiyyə NƏCƏFOVA, Mingəçevir şəhəri.
- “Notariat haqqında” qanunun 3-cü maddəsinə əsasən, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.
Yuxarıda göstərilən tələblərə cavab verən və notarius olmaq istəyən şəxs notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə (bundan sonra - şəhadətnamə) almalıdır.
Torpağın normativ qiyməti nədir və bu qiymətdən nə vaxt istifadə olunur?
Vəli MƏMMƏDLİ, Abşeron rayonu.
- Torpaq Məcəlləsinin 95-ci maddəsinə əsasən, torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir.
Torpağın normativ qiymətindən meyar kimi aşağıdakı hallarda istifadə edilir:
torpaq sahələri mülkiyyətçilərdən geri alındıqda və ya müsadirə edildikdə;
torpaq sahələri alınıb satıldıqda, ipoteka qoyulduqda, nizamnamə (pay) fonduna və icarəyə verildikdə, sığorta edildikdə;
torpaq sahəsi bir kateqoriyadan başqa kateqoriyalara keçirildikdə.
Torpağın normativ qiymətinin hesablanmasında istifadə olunan tariflər inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Torpağın normativ qiymətinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Azyaşlı uşağıma görə işəgötürən məni yüngül işə keçirə bilərmi? Bu zaman əməkhaqqım necə hesablanacaq?
Aliyə QAFAROVA, Beyləqan rayonu.
- Əmək Məcəlləsində işləyən qadınlar üçün bir sıra imtiyaz və güzəştlər nəzərdə tutulmuş, qadınların fizioloji durumlarına uyğun olaraq bəzi maddələrdə əmək standartları müəyyən edilmişdir. Bu güzəştlərdən biri də ƏM-in 243-cü maddəsində nəzərdə tutulmuş hamilə və yaşyarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsidir. Bunları diqqətinizə çatdırırıq:
- Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
- Yaşyarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.
- Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əməkhaqqı saxlanılır.
- Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır.
Belə olan halda əməkhaqqının hesablanması qaydası da qanunvericiliklə tənzimlənir.
Əmək Məcəlləsində nəzərdə tutulur ki, yaşyarımadək uşağı olan qadınların yüngül işə keçirilməsi zamanı orta əməkhaqqı saxlanılır. Onların əməkhaqqı əvvəlki vəzifədə aldıqları əməkhaqqından aşağı ola bilməz. Belə ki, yeni vəzifədəki əməkhaqqı əvvəlkindən az olarsa, onda sizə əvvəlki vəzifədən əməkhaqqı ödəniləcəkdir. Yox, əgər əməkhaqqı yüksək olarsa, bu zaman yeni vəzifənin əməkhaqqı ödənilir.