Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Torpaq sahəsi üzərində mülkiyyət hüququ vərəsəlik qaydasında vərəsəyə keçə bilərmi?

Ceyran QASIMOVA, Şabran rayonu.

20.08.2024 22:40
47
A+
A-

-  Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi Torpaq Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 92-ci maddəsinə əsasən, torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi aşağıdakı hallarda olur:

1. Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir.

2. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir.

3. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.

4. Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.

 

Pozulmuş əmək hüququmun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək müddəti başa çatıb. Əmək qanunvericiliyində belə bir müddət nəzərdə tutulubmu?

 

Aydın ŞİRİNOV, Sumqayıt şəhəri.

 

- Nəzərinizə çatdırırıq ki, kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəssisələrdə həmkarlar ittifaqının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılır. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində həmin orqana müraciət edə bilər.

Bundan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Bu müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” qanunla müəyyən edilir.

Qeyd edək ki, iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzrlü hal hesab edə bilər.

 

Cəzaçəkmə müəssisəsində olan şəxslə nikah münasibətinə xitam verilərkən ərazi aidiyyəti olmalıdırmı? Mənim öhdəmdə azyaşlı uşağım var.

Sona HAŞIMOVA, Bakı şəhəri.

 

- Ərazi aidiyyətinin ümumi qaydalarına görə, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Lakin bəzi hallarda iddiaçının müraciət edəcəyi məhkəməni seçmək hüququ da vardır.

Mülki Prosessual Məcəlləsi iddiaçının seçiminə görə aidiyyət məsələsini nəzərdə tutur. Belə ki, iddiaçı həm yanında yetkinlik yaşına çatmamış uşağı olduqda, həm də azadlıqdan məhrumetmə növündə cəzaçəkən şəxsə qarşı nikahın pozulması haqqında iddia qaldırdıqda iddianı həm cavabdehin yaşayış yeri üzrə, həm də özünün yaşadığı yerə görə verə bilər. Odur ki, Siz qeyd etdiyiniz halda nikahın pozulması haqqında iddianı öz yaşayış yeriniz üzrə məhkəməyə verə bilərsiniz.

ETİKETLƏR: