Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək Məcəlləsi dövlət qulluqçularına da şamil olunurmu?

Rəsul QURBANOV, Gəncə şəhəri.

27.08.2024 23:40
20
A+
A-

- Əmək Məcəlləsinin 4 və 5-ci maddələrində Məcəllənin tətbiq edildiyi iş yerləri, digər iş yerləri və qulluqçular göstərilmişdir. Belə ki, Məcəllə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.

Əmək Məcəlləsi eyni zamanda işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.

Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular isə aşağıdakılardır:

 1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ-hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

Lakin Ələt Azad İqtisadi Zonasında əmək münasibətləri “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə tələb olunurmu? Qeyd edim ki, sualım xüsusi notarius fəaliyyəti haqqındadır.

Sahilə BABAYEVA, Xırdalan şəhəri.

 

- İstər dövlət notariusu, istərsə də xüsusi notarius kimi peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə alınmalıdır. Bunun üçün ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır.

Müraciətə bir ay müddətinə baxılır və göstəriləcək fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması araşdırılır. Şəxsin bütün göstəriciləri notarius fəaliyyəti ilə məşğul olmağa imkan verirsə, o zaman toplanmış sənədlər Ədliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya göndərilir.

Bütün bunlar haqqında ərizə vermiş şəxsə yazılı formada məlumat verilməlidir.

Şəhadətnamə almaq üçün ərizə verən şəxsin bilik səviyyəsi ixtisas komissiyasında yoxlanılır. Bilik səviyyəsinin yoxlanılması imtahan və müsahibə vasitəsilə aparılır. Müvəffəqiyyət qazananlar Ədliyyə Nazirliyinin tədris elm müəssisəsində - Ədliyyə Nazirliyinin Akademiyasında icbari təlimə cəlb olunurlar. Şəhadətnamənin verilməsi üçün ixtisas komissiyasının qərarı olmalıdır.

Notarius  fəaliyyəti ilə şəhadətnamənin verilməsi haqqında qərar çıxarıldıqdan sonra şəxs şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödəyir. Rüsum ödənildikdən 10 gün müddətində Ədliyyə Nazirliyi tərəfindən həmin şəxslərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.

Lakin bəzi şəxslər icbari təlimdən azad edilir və şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçirlər. Bunlar Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumlarında və notariat kontorlarında məsləhətçi və yuxarı vəzifələrdə çalışan şəxslərdir. Lakin həmin şəxslərin qeyd edilən vəzifələrdə çalışmaları 2 ildən az olmamalıdır. Peşə hazırlığına dair müsabiqələrdən keçən şəxslərə də şəhadətnamə qeyd etdiyiniz qaydada verilir.

 

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti nə qədər uzadılır?

Şamil XUDAYAROV, Bakı şəhəri.

 

- “Notariat haqqında” qanunun 6-cı maddəsinə əsasən, icbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra şəxs ona şəhadətnamə verilməsinə görə dövlət rüsumu ödəməlidir.

Dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir.

Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.

Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödəməlidir.

ETİKETLƏR: