Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verildi.

04.09.2024 09:19
24
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcərdə yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

Bildirildi ki, “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur.

Prezident İlham Əliyev “Yuxarı Vəng” Su Elektrik Stansiyasını işə saldı.

Bildirildi ki, “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. “Yuxarı Vəng” SES “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilib və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Dövlətimizin başçısına və birinci xanıma, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a hazırlıq çərçivəsində “AzərEnerji” ASC-nin dekarbonizasiya tədbirləri, o cümlədən 2003-2023-cü illərdə ənənəvi generasiya sahəsində əldə edilən səmərəlilik barədə hesabat, “Ansaldo Energia” və “General Elektrik” şirkətləri ilə birgə layihələrin COP29-da təqdimatı, İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin”, “Qız Qalası” SES layihələri, Şimal-Cənub dəhlizi layihəsinin statusu haqqında məlumat verildi.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar.

Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma abidə haqqında məlumat verdi.

Bildirildi ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində saxtalaşdırma əlamətləri olan əlavələr edib, abidələrin bir çox hissələrini vandalizmə məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar.

Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.

Qeyd olundu ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları “erməni ənənəvi incəsənət nümunələri” kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Sonra dövlətimizin başçısına və xanımına Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsi də təqdim edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.

Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.

Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq.

Prezident    İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban      Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı ətraflı məlumat verildi.

Bildirildi ki, bu yaşayış kompleksinin ümumi sahəsi 19,5 hektardır.

Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.

Diqqətə çatdırıldı ki, ikinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat verdi.

Bildirildi ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

Qeyd edək ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.

Prezident İlham Əliyev zavodu işə saldı.

Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanıb.

Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış oldular.

“İstisu” təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216-2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

Qeyd edək ki, “İstisu” mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksəkkeyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Sonra “Zar” və “Toğanalı” KSES-lərin tikintisindən və yaradılan şəraitdən bəhs edən videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev stansiyaları işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.

Dövlətimizin başçısına qəsəbə barədə məlumat verildi.

Bildirildi ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.

x x x

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayon sakinləri ilə görüşdülər.

 

ETİKETLƏR: