Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Sahib Məmmədov sanatoriyalara baxış keçirib

Sahib Məmmədov deyib ki, ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir

11.09.2024 09:52
49
A+
A-

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib     Məmmədov AHİK-in sanatoriyalarına baş çəkib, ittifaq üzvlərinin müalicəsi üçün yaradılmış şəraitlə tanış olub.

Öncə “Şıx” sanatoriyasına gələn Konfederasiya sədri ərazini gəzib, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib.

AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyev sanatoriya haqqında məlumat verib. Bildirib ki, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitli bir və ikinəfərlik nömrələr var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan terapiyası və parafin terapiyası daxildir. Burada İsrail, Rusiya, Belarus, Qazaxıstan, Almaniya, Polşa, Danimarka və digər ölkələrdən gələn xəstələr də müalicə alırlar.

Sonra AHİK sədri Sahib Məmmədov “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən      “Miras” İstirahət Mərkəzində olub, pasiyentlərin müalicə şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. “Miras” İstirahət Mərkəzində də üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.

Konfederasiya sədri Mərdəkan qəsəbəsində yerləşən  “Günəşli” nevroloji sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə tanış olub.

Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün “Günəşli” sanatoriyası olduqca əlverişlidir. Sanatoriyada yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə mövcuddur. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə ən çox təsir göstərən müalicə üsulları arasındadır.

AHİK sədri Sahib Məmmədov “Qaranquş” uroloji sanatoriyasında da olub. Sədrə məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən sanatoriyada Çıraqqala təbii mənbəyinin müalicəvi mineral suyu “Qaranquş” sanatoriyasında sidik-tənasül sistemi xəstəliklərinin müvəffəqiyyətli müalicəsinə zəmin yaradır. Həmçinin pasiyentlər təbii müalicəvi palçıq və mineral yod-bromlu su ilə müalicə olunurlar.

Buzovna qəsəbəsində yerləşən AHİK-in “Şəki” İstirahət mərkəzinə gələn Sahib Məmmədov burada da əraziyə, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.

Sonda Konfederasiya sədri “Bilgəh” kardioloji sanatoriyasına gəlib və ona bildirilib ki, burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir.

AHİK sədri Sahib Məmmədov sanatoriyalarda olarkən müalicə alanlarla da görüşüb, vəziyyətləri ilə maraqlanıb, rəy və təkliflərini dinləyib. Sanatoriyalarda müalicə olunan pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. 

Sahib Məmmədov deyib ki, ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, eyni zamanda təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır. Burada müalicə olunmaq üçün hər cür şərait yaradılır, qonaqlara peşəkar səviyyədə xidmətlər göstərilir. Çalışırıq ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun.

AHİK sədri həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, sanitar və texniki təhlükəsizlik qaydalarına əməl olunması və ərazilərin yaşıllaşdırılmasının vacibliyi barədə sanatoriyaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, işçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biri hesab olunur. Bu məqsədlə AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır.

ETİKETLƏR: