Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Neft ucuzlaşır, dollara tələb artır

Azərbaycanın dollara olan tələbi ödəmək üçün kifayət qədər resursları var

11.09.2024 11:28
13
A+
A-

Son günlər Azərbaycanda dollara tələb əvvəlki aylara nisbətən əhəmiyyətli dərəcədə artmaqdadır. Sentyabrın 10-da keçirilən növbəti valyuta hərracında dollara olan tələb son 6 ayda ən yüksək həddə qalxaraq 90,74 milyon dollar təşkil edib ki, bu da fevral ayındakı 151 milyon dollarlıq rekord hərrac göstəricisindən sonra ən böyük tələblərdən biridir. Ümumilikdə may ayından sonra valyuta hərracında yenidən artımlar müşahidə edilməkdədir. Bu da hər hərracda təxminən 20-25 milyon dollar deməkdir ki, aylıq tələb təxminən 100-150 milyon dollar arasındadır. Beləliklə, 2024-cü ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən keçirilmiş 65 hərracda  4 milyard 941,14 milyon dollar satılıb.

Dollara tələbin artması nə ilə bağlıdır?

Dollar hərraclarındakı artımlar bəzi banklarda ajiotaja səbəb olub və onlar dollar satışına müəyyən məhdudiyyətlər tətbiq etməyə çalışır. Yayılan məlumatlarda iddia edilir ki, hətta bir neçə bank valyuta qıtlığı ilə üzləşməkdən ehtiyat edərək satışı məhdudlaşıdırıb. Ancaq Mərkəzi Bank (MB) açıqlama ilə çıxış edərək ajiotaja əsas olmadığını, bankların valyuta satışı üçün kifayət qədər dollar kütləsinin olduğunu bildirir.

MB xarici valyutaya tələbin artmasının səbəbini isə bir neçə faktorla izah edir. Başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə geniş miqyas alan tikinti və bərpa işləri, eləcə də çoxsaylı infrastruktur və iqtisadi-sosial layihələrin icrası böyük həcmlərdə sərmayələr hesabına həyata keçirilir ki, bu layihələrin icrasında xaricdən alınan mal və avadanlıqlar dollara tələbi artırır. 2024-cü ilin ötən 7 ayında təkcə daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11  faiz artıb, eləcə də 7 ay ərzində ölkəmizin idxal etdiyi məhsulların dəyəri 10,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar çoxdur. Bu o deməkdir ki, ölkənin xərclərində əlavə 1,4 milyard dollar vəsaitə tələb yaranıb.

Tələbi ödəmək üçün dollar ehtiyatları kifayət edirmi?

MB bildirir ki, Azərbaycanda dollara olan tələbi ödəmək üçün kifayət qədər valyuta resursları mövcuddur. Dollar tələbatını qarşılayan Mərkəzi Bank və Dövlət Neft Fondunun (DNF) ehtiyat bazası tələbi 100 faiz qarşılayır və hətta aylıq izafi dollar qalığı da yaranır. Dollar hərraclarında daha aktiv satıcı qismində iştirak edən Neft Fondu hər ay bazar iştirakçılarının tələbatını ödəmək üçün valyuta hərraclarına 600-700 milyon dollar çıxarmaq likvidliyinə malikdir. DNF 2024-cü ilin yanvar-iyul aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,7 milyard dollar gəlir əldə edib, “Şahdəniz” yatağından isə qaz və kondensat satışı üzrə təxminən 400 milyon dollar qazanıb. Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin həcmi isə 7 ayda təxminən 2 milyard dollar təşkil edib. Beləliklə, DNF 7 ayda cəmi bütün gəlir mənbələri üzrə təxminən 6,1 milyard dollar əldə edib. 2024-cü ilin 7 ayında isə keçirilmiş 61 hərracda DNF tərəfindən 4,7 milyard dollar satılıb. Bir ayda təxminən 650-700 milyon dollar satışı təmin edilib. Yəni Neft Fondunun gəlirlərinin 78 faizi ölkəmizdə dollara olan tələbatın 100 faiz ödənilməsinə kifayət edib. Qalan 22 faiz və yaxud 1,4 milyard dollar isə Fondun ehtiyatlarının artımına yönəlib. Bu o deməkdir ki, ölkədə dollar tələbatı ilə bağlı heç bir sıxıntı, çatışmazlıq yoxdur, Neft Fondu, tələb  hətta ayda 800-900 milyon dollara yüksəlsə belə, bütün ehtiyacları qarşılamağa hazırdır.

Bundan başqa, dollara olan tələbi qarşılamaq üçün Mərkəzi Bankın da dollar ehtiyatları mövcuddur. Ancaq DNF-nin valyuta satışları kifayət etdiyindən, Mərkəzi Bankın valyuta rezervlərindən istifadəyə ehtiyac qalmır.

Dollara tələbin artması Azərbaycan manatının məzənnəsinə necə təsir edə bilər?

Azərbaycanda manatın məzənnəsini iqtisadi faktorlar müəyyən edir. Tədiyə balansının cari vəziyyəti pisləşdiyi halda, manat üçün ciddi risklər meydana çıxa bilər. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 26,9 milyard dollar təşkil edib ki, onun 16,1 milyard dolları ixrac, 10,7 milyard dolları idxaldır. Xarici ticar?tdə 5,3 milyard dollar müsbət saldo qeydə alınıb. Ticarət saldosu onu göstərir ki, Azərbaycana daxil olan valyutanın həcmi ölkəmizdən çıxan valyutanın həcmindən 5,3 milyard dollar çoxdur. Bu amil də ölkədə dollar ehtiyatının olmasından xəbər verir.

Ancaq bir məsələ var ki, son günlər dünya bazarında neftin qiyməti də ucuzlaşmaqda davam edir ki, bu da neft ixrac edən ölkələrin, o cümlədən də Azərbaycanın gəlirlərinin azalmasına səbəb olur. Sentyabrın ilk ongünlüyündə neftin dünya bazarlarında orta satış qiyməti 70-75 dollar təşkil edib, Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 78-79 dollara bərabərdir. Beynəlxalq enerji agentliklərinin proqnozlarına görə, 2024-cü ilin sonunda neft qiymətlərin yekun orta qiyməti 65-70 dollar olacaq.

Neftin ucuzlaşması Azərbaycana necə təsir göstərə bilər?

Sözsüz ki, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir. Neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün təhdid yaratmasa da, 60 dollarlıq qiymət əmsalı müəyyən çətinliklərə səbəb ola bilər. Belə ki, büdcədə neftin qiyməti 70 dollardan götürülüb və neft yığımları üzrə gəlirlər həmin rəqəm üzrıə proqnozlaşdırılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanda neftin 60 dollardan satışı belə, valyuta bazarında gərginliklər yarada bilməz, ələlxüsus da manat üçün təhdidlər yaratmır. Çünki ölkəmiz üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyini gözləmək də düzgün olmazdı. Həmçinin Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilsə də, MB-nin də böyük valyuta bazası vardır.

Elbrus CƏFƏROV

ETİKETLƏR: