Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşağın doğumuna görə sosial məzuniyyətdən yeni qayıtmışam. İş yerində attestasiya aparılır. Mənə güzəşt olunacaqmı?

Sevda HƏMİDOVA, Gəncə şəhəri.

18.09.2024 09:43
13
A+
A-

- İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə işçilər Əmək Məcəlləsində nəzərdə tutulan qaydada attestasiyadan keçirilə bilər. Lakin qanunvericilikdə bu zaman müəyyən istisnalar da nəzərdə tutulmuşdur.

Attestasiya olunmayan işçilərin siyahısı Əmək Məcəlləsinin 66-cı maddəsində qeyd edilmişdir. Maddəyə əsasən, aşağıdakı işçilərin attestasiyası keçirilmir:

Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

hamilə qadınlar;

uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 

yaşı 18-dən az olan işçilər;

bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;

eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

 kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər.

Haqqı qismən ödənilən sosial məzuniyyətdən sonra müvafiq vəzifədə bir ildən çox müddətdə işləməlisiniz ki, işəgötürən Sizi attestasiyadan keçirə bilsin.

 

Yaşı 18-dən az olan işçilərlə bağlanmış əmək müqaviləsinə hansı hallarda xitam verilə bilməz?

 

Samirə MƏCİDOVA, Bakı şəhəri.

 

- Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin bəzi özünəməxsus xüsusiyyətləri mövcuddur. Bunlardan biri də əmək müqaviləsinin ləğv edilməsində bu işçilərə müəyyən təminatların verilməsidir.

Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müəyyən qərar qəbul edildikdə, əmək müqaviləsi bu əsasla işəgötürən tərəfindən ləğv edilə bilər.

Qeyd edilən əsasla əmək müqaviləsinin ləğvi zamanı təşkilatda yaradılmış attestasiya komissiyasının müvafiq qərarı və əmək müqaviləsini ləğv etmək üçün işəgötürənin əmri (sərəncamı, qərarı) olmalıdır.

Lakin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yaşı 18-dən az olan işçilərə şamil edilmir. Belə ki, həmin Məcəllənin 66-cı maddəsində attestasiya olunmayan işçilərin siyahısında yaşı 18-dən az olan işçilər də sadalanır.

Eyni zamanda Əmək Məcəlləsinin 255-ci maddəsində bu təminat birbaşa qeyd edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı adlanan həmin maddəyə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

 

Əvəzçilik üzrə işlədiyim təşkilatda ezamiyyətə göndərilirəmsə, əsas iş yerində əməkhaqqım saxlanılmalıdırmı?

 

Arif ƏLİZADƏ, Mingəçevir şəhəri.

 

- “İşçilərin Ezamiyyə Qaydaları”na uyğun olaraq tənzimlənən məsələlərdən biri də elə əsas iş yerində əməkhaqqının saxlanılmasıdır. Həmin Qaydaların 9-cu bəndinə əsasən, əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta əməkhaqqı yalnız onu ezam edən təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta əməkhaqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən, ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.

Sizin orta aylıq əməkhaqqınız da bu Qaydalara uyğun olaraq ancaq əvəzçilik üzrə işlədiyiniz təşkilatda saxlanılacaq. Çünki siz o təşkilatdan ezam olunmusunuz.

ETİKETLƏR: