Tətil aviareyslərin ləğvinə səbəb olub
.
Sentyabrın 13-də Argentinanın dövlət aviaşirkəti “Aerolineas Argentinas”ın əməkdaşları 24 saatlıq tətil elan ediblər. Aksiya APLA pilot həmkarlar ittifaqı və AAA bort bələdçiləri həmkarlar ittifaqı tərəfindən həyata keçirilib. Tətil 319 reysin ləğvi ilə nəticələnib ki, bu da 37 min sərnişinə təsir edib,
“Aerolineas Argentinas”ın məlumatına görə, tətil ilk növbədə daxili reyslərin (28 min nəfər), Cənubi Amerikaya uçuşların (5,5 min), həmçinin Karib dənizi, ABŞ və Avropa (3,5 min) kimi uzun məsafəli istiqamətlərin sərnişinlərinə təsir edib. Aviaşirkət tərəfindən bildirilib ki, tətil nəticəsində şirkətə 2,5 milyon dollardan çox ziyan vurulub. Aviasiya İşçiləri Həmkarlar İttifaqları inflyasiyaya uyğun maaşların artırılmasını tələb edir.
Bu, aviaşirkətdə səkkiz gündə ikinci tətildir. Əvvəlki tətil əsasən daxili reyslərə (təxminən 16 min sərnişinə) təsir etmişdi. “Aerolineas Argentinas” tətilin “vaxtsız, təhqiramiz və kontekstdən kənar” olduğunu və həmkarlar ittifaqı liderlərinin bunu “məsuliyyətsiz bir şəkildə” başlatdıqlarını söylədi. Şirkət sözçüsü tətil edənlərin “cərimə və sanksiyalara məruz qalacağını” bildirib.