Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ortaq Türk Əlifbası

türk ölkələri arasında mədəni birlik, mədəni inteqrasiya

18.09.2024 10:42
31
A+
A-

Özbək, türkmən, uyğur, tatar, azər bir boydur;

Qaraqalpaq, qırğız, qazax bunlar bir soydur

 

Tarix boyu türkün qüdrəti böyük dövlətləri qorxu içərisində saxlayıb. Ona görə də türk xalqlarını parçalamaq, zəiflətmək üçün müxtəlif vasitələrdən istifadə ediblər. Ancaq müdrik mütəfəkkirlər türkün türkdən başqa dostu olmayacağını anlayaraq türk xalqlarını bir araya gətirmək üçün əllərindən gələni ediblər. Bunlardan biri də ortaq türk əlifbasını yaratmaq idi.

Müdriklərin bu arzusu, nəhayət ki, reallaşdı. Ortaq türk əlifbası qəbul olundu. Bu mübarək əlifba türk birliyi üçün hansı qapıları açacaq?

Müsahiblərim professor, türkoloq  Firudin Cəlilov və Ortaq Türk Əlifbası Komissiyanın üzvü Nizami Cəfərovdur.

Firudin Cəlilov bu əlifbanın tarixən hansı mərhələrdən keçdiyindən danışdı: “Əslində ortaq əlifba türk xalqlarında həmişə olub. Əksər türk boyları Orxon-Yenisey yazılarındakı runik əlifbasından istifadə edirdilər. Onlar ərəb işğalından sonra islamlaşdılar. Ərəblərin gəlişi ilə runik əlifbası sıradan çıxarıldı. XIX əsrdə Mirzə Fətəli Axundzadə latın qrafikası əsasında əlifba yaratdı. Həmin əlifbanı təsdiq etdirmək üçün Türkiyəyə apardı. Türkiyədə hakimiyyətdə olanlardan Fuad paşa əlifbanın qəbul edilməsinə əngəl törətdi. Səbəb M.F.Axundzadə ilə Fuad paşa arasında dinə münasibətdə fikir ayrılığının olması idi.

İlk dəfə isə latın qrafikalı əlifbaya Azərbaycan Demokratik Cümhuriyyəti dövründə keçildi. Onu deyim ki, ruslar buranı işğal edəndən sonra da həmin əlifba işlənirdi.

Daha sonra 1926-cı ildə Bakıda ilk Türkoloji Qurultay keçirildi. Onun əsas məqsədi türk xalqları üçün ortaq əlifba yaratmaq idi. Bu məqsədə nail olundu. Belə ki, 1939-cu ilə qədər latın qrafikalı ortaq türk əlifbası istifadə olundu. 1939-cu ildə Stalin bu əlifbanı qadağan etdi və rus, yəni kiril əlifbasından istifadə olundu. Vaxtilə Rusiyanın işğalı altında olan türk ölkələrinin çoxunda hələ də kiril əlifbasından istifadə olunur. Ancaq burda bir məsələ var idi ki, bu, ortaq əlifba deyildi. Yəni eyni səs ayrı-ayrı xalqların əlifbasında müxtəlif işarələrlə verilirdi. Bunun da məqsədi o idi ki, onlar bir-birilərinin yazılarını oxuya bilməsinlər.

Və nəhayət, hələ sovetlər dağılmamışdan qabaq-1990-cı illərdə ortaq türk əlifbası fikri yenidən gündəmə gəldi. 1990-cı ildə İstanbulda Ortaq Türk Əlifbası Simpoziumu keçirildi. Orada bütün türk dövlətlərindən alimlər, professorlar, akademiklər toplaşmışdı. 3 gün keçən həmin simpoziumda, nəhayət ki, Ortaq Türk Əlifbası qəbul olundu. Onu da deyim ki, o zamanlar mən həm həmin Ortaq Türk Əlifbası Komissiyanın, həm də Parlamentdə Elm, təhsil, mədəniyyət komissiyasının sədri idim. Orda qəbul olunmuş əlifbanı da Azərbaycan parlamentinə elə mən təqdim etmişəm. 1991-ci ildə bu əlifba qəbul olundu. O gündən bu günə ölkəmizdə ortaq türk əlifbası istifadə olunur. Yəni bizim bu 30 ildən çox işlətdiyimiz əlifba ortaq türk əlifbasıdır”.

Nizami Cəfərov yaradılan Ortaq Türk Əlifbasının mahiyyətindən danışdı: “Dünyada 25-ə qədər türk dövləti var. Bunlardan yalnız 6-sının - Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın bu əlifbanı qəbul etmək imkanı var. Çünki yalnız bu türk dövlətləri müstəqildirlər.

İndi gələk əsas məsələyə. Ortaq Türk Əlifbasına keçməkdə məqsəd nədir? Öncə onu qeyd edim ki, bu əlifba 34 hərfdən ibarət olacaq.

Səbəblərə gəlincə isə, birinci səbəb türk ölkələri arasında mədəni birlik, mədəni inteqrasiyanın yaranmasıdır. İkincisi isə, eyni səslərin bütün türk xalqları arasında eyni hərflərlə yazılmasıdır. Yəni necə? Özbəklər “ş” hərfini “sh”, “ç” hərfini isə “ch” kimi yazırlar. Baxın, eyni səs, fəqli hərflərdir. Ona görə də bu əlifba vasitəsilə bu cür fərqliliklər aradan qaldırılacaq.

Bəs bu əlifbadan necə istifadə olunacaq? Gəlin bunu ətraflı izah edim. Misal üçün, bizim əlifbamızda “x” hərfi var, ancaq Türkiyə türkcəsində yoxdur. Bundan başqa, təqdim olunan ortaq türk əlifbasında “ə” hərfi öz əksini tapıb. Məsələn, bu səs və hərf türkmən, özbək, qırğızlarda olmasa da, qazaxlarda var. Yəni fərqi yoxdur, bir səs və onu işarə edən hərf hər hansı bir türk dilində varsa, o, ortaq əlifbaya düşəcək. Amma həmin hərfin ortaq əlifbaya düşməsi heç də onun bütün türk dilləri üçün məcburi olması demək deyil. Məsələn, yuxarıda da misal çəkdiyim kimi, həmin əlifbada elə səslər var ki, onlar bizim dilimizdə yoxdur, başqa dillərdə isə var və yaxud əksinə. Söhbət yalnız müstəqil dövləti olan türk xalqlarının dillərindən gedir. Gələcəkdə başqa türk dilləri də bu prosesə qoşulanda daha müxtəlif səslər ortaya çıxacaq və həmin səslərin işarəsi ortaq əlifbada öz əksini tapacaq. Məsələn, ortaq əlifbada “sağır nun” səsinin işarəsi var. Bu hərf vaxtilə Azərbaycan əlifbasında olub. Düzdür, sonralar tamamilə dilimizdən çıxarılsa da, qərb zonalarımızda hələ də bu səsdən istifadə olunur. Əlifbamızdan çıxarılmasının səbəbi isə, xalqımızın böyük hissəsi bu səsi tələffüz edə bilmir. Bizim üçün o qədər əhəmiyyətli olmasa da, ancaq bu səsin də fonoloji yeri var. Ona görə də bu hərf də ümumi əlifbada öz əksini tapır.

Bir də mən bir məsələni qeyd etmək istəyirəm. Bilirsiniz ki, ortaq türk əlifbasında hərflərin qarşısında mötərizədə kiril hərfləri ilə qarşılığı yazılır. Sovet İttifaqının tabeliyində yaşayan və əlifbası kiril qrafikasına əsaslanan türk xalqlarına izah etmək üçün bu vasitədən istifadə edilib. Belə ki, kiril əlifbası vaxtilə Sovet ittifaqının tabeliyində yaşayan türk xalqları üçün sonuncu əlifba olub. Onlar uzun müddət bu əlifbadan istifadə etdiklərinə görə, səslərin qarşılığı kimi beyinlərində kiril əlifbasının işarələri var. Odur ki, həmin xalqlara izah etmək üçün bu vasitədən istifadə edilib. Yəni indiyə qədər istifadə etdiyiniz hərflərin hansı işarələrlə əvəzlənməsi sırf praktik məqsədlərdən irəli gəlir, heç bir təhlükəsi yoxdur. Gələcəkdə beynəlxalq transkripsiya hazırlanacaq. Həmin transkripsiyada hərflərin bir-birinə müvafiqliyi göstəriləcək. Artıq bununla xüsusi mütəxəssislər məşğul olurlar. Bu, daha çox akademik məsələdir deyə cəmiyyət üçün elə də əhəmiyyət kəsb etmir. Yəni hərflərin kiril qarşılığı həmin xalqların yaxşı anlaması üçün qeyd olunmuş vasitədir.

Onu da qeyd edim ki, ortaq türk əlifbası əksər türk dövlətlərinin əlifbası ilə uzlaşdığından ciddi dəyişikliklər olmayacaq. Onsuz da Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistanda bu əlifba öyrədilir, tədris olunur. Türk dövlətlərində istifadə edilən əlifbalarla bizim təqdim etdiyimiz ortaq türk dili əlifbası arasında ciddi fərq yoxdur. Beynəlxalq Türk Akademiyasının, Türk Dil Qurumunun rəhbərliyi ilə hazırlanmış ortaq əlifba Türk Dövlətləri Təşkilatı katibliyində nəzərdən keçiriləcək və hansı türk dövlətinin əlifbasında ortaq türk əlifbası ilə xırda fərq varsa, həmin fərq aradan qaldırılacaq. Bundan sonra hər bir türk dövləti bu ümumtürk əlifba bazasına istinad edərək öz əlifbasını təsdiq edəcək. Bir məsələ qalır ki, bu da qazax və qırğızların nə vaxt latın əlifbasına keçmələridir. Ümid edirik ki, onlar da yaxın zamanlarda ortaq əlifbaya qoşulacaqlar.

Nəhayət, biz türklər ortaq məxrəcə gələrək əlifbamızın ortaqlığını təmin etdik. Bu isə deyərdim ki, bizim qələbəmizdir. Bugünkü türk dünyasında-diferensasiya olunmuş türk dünyasında inteqrasiya meyillərini gücləndirmək bizim hər birimizin borcudur.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: