Əmək bazarındakı işsizliyin qarşısının alınması məqsədilə müəyyən tədbirlər görülməlidir, amma necə?
.
Azərbaycanda muzdla çalışan işçilərin sayı bu ilin sentyabrın 1-nə olan məlumata əsasən, 1,8 milyon nəfərə yaxınlaşır. Bu göstərici rəsmi qeydiyyata alınan işçilərin sayını, ölkənin əsas iqtisadi sahələrini, dövlət və özəl sektorları əhatə edir.
2024-cü ilin sentyabr ayının 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 222,8 min nəfər olub.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin iyul ayı üçün pensiyaçıların sayı 1,1 milyon nəfərdir. Bu, ölkə əhalisinin təxminən 10,8%-ni təşkil edir. Onların əksəriyyəti, yəni 64,4%-i yaşa görə, 23,3%-i əlilliyə görə, 12,3%-i isə ailə başçısını itirməyə görə pensiya alır. İşləyənlər arasında təxminən 60 min nəfər isə pensiyaçıların payına düşür. Onlar 6 il işlədikdən sonra topladıqları kapital hər il indeksasiya olunaraq pensiyalarının üzərinə gəlir.
“İqtisadi şərait də pensiyaçıların əmək bazarında qalmasına təsir edən amillərdən biridir, çünki bəzi sahələrdə təcrübəli işçi qüvvəsinə olan tələbat yüksəkdir. Dövlət sektorunda, xüsusilə təhsil və səhiyyədə pensiya yaşı tamam olduqdan sonra 5 il ərzində pensiyaçıların işini davam etdirmək imkanı var”.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov dedi. Qeyd etdi ki, bununla bağlı xüsusi qaydalar da artıq təsdiq olunub. Amma, ümumiyyətlə, inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işləmək niyyətində olan, pensiya yaşı tamam olanların böyük bir qismi özəl sektorda və ya yarımştat işlərə üstünlük verirlər. Nəticə etibarilə həm əmək fəaliyyətini davam etdirir, həm şəxsi həyatlarına yetəri vaxt ayırır, digər tərəfdən də öz topladıqları təcrübəni gənc işçilərlə bölüşürlər. Uyğun praktikanın Azərbaycanda da tətbiq olunması məqsədəuyğun olardı.
Qısa araşdırma zamanı məlum oldu ki, Azərbaycanda pensiyaçıların əmək bazarındakı fəaliyyəti müxtəlif səbəblərlə bağlıdır. Əsas səbəblərdən biri, pensiya məbləğinin kifayət qədər olmaması və dolanışıq üçün əlavə gəlir mənbəyinə ehtiyac duyulmasıdır.
V.Bayramov bu sahədə mühüm addımların atıldığını bildirdi: “Bu ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək”. Sahənin mütəxəssisləri hesab edir ki, pensiya məbləği kifayət etmədikdə və əgər pensiyaçı sırf bu səbəbdən işləmək məcburiyyətində qalırsa, həm onların istəyinə uyğun olaraq, həm də əmək bazarındakı işsizliyin qarşısının alınması məqsədilə müəyyən tədbirlər görülməlidir. Məsələn, pulsuz və ya endirimli tibbi xidmətlərin təmin edilməsi, dövlətdən əlavə sosial yardımların, subsidiyaların və ya yaşayış xərclərini dəstəkləyən digər proqramların tətbiqi bu sahədə mühüm rol oynaya bilər.
Eyni zamanda pensiyaçılar işdən ayrıldıqdan sonra sağlam mentalda qalmaları üçün müəyyən addımlar atılmalıdır. Sosial əlaqələri qorumaq və yeni dostlar tapmaq üçün müxtəlif fəaliyyətlərdə iştirak etmək, gənclərə təcrübə əsaslı seminarlar təşkil etməyə şərait yaratmaq və sosial qruplara qatılmaq həm mental sağlamlığı gücləndirə bilər, həm də insanın hər yaşda özünü gümrah hiss etməsində mühüm rol oynayar.
Əsli TELMANQIZI