Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2025-ci ilin büdcəsi:

 Hansı sahələrə daha çox pul ayrılacaq?

18.09.2024 10:52
13
A+
A-

Maliyyə Nazirliyi (MN) 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair bəyanat sənədini açıqlayıb. Gələn ilin büdcə layihəsinin ilkin göstəriciləri ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlara əsaslanır və yeni ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş prioritetlərə və makro-fiskal çərçivəyə uyğun olaraq hazırlanıb.

Növbəti ilin büdcə layihəsi ənənəvi olaraq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi inkişaf ssenarilərinə və proqnozlara əsaslandığından bu ssenariyə uyğun olaraq büdcə üçün mühüm göstəricidən biri olan neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar fərz edilməklə götürülüb. Bu isə o deməkdir ki, neft gəlirlərində artım nəzərə alınmayacaq. Bu səbəbdən də neftin büdcədəki payı azalmış olacaqdır. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və ya 0,6 faiz çoxdur. Gəlirlərin 46,6 faizi və ya 17 milyard 73 milyon manatı neft-qaz sektorunun payına düşür. Əsas gəlirlər isə qeyri-neft sütunlarıdır ki, büdcədə həmin gəlirlərin həcmi 53,4 faiz və ya 19 milyard 543 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, büdcədə yenə də əsas gəlir mənbəyi qeyri-neft resursları üzərində qurulacaq.

2025-ci ilin dövlət büdcəsinin xərcləri 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin dürüstləşdirilmiş büdcə xərcləri ilə müqayisədə 74,7 milyon manat və ya 0,2 faiz azdır. Xərclərin 24,9 milyard manatı və ya 63 faizi cari xərclərə, 12,3 milyard manatı və ya 31 faizi əsaslı xərclərə, 2,4 milyard manatı və ya 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı  xərclərə yönələcək. Büdcə kəsiri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 302,7 milyon manat və ya 9 faiz az olmaqla 3 milyard 51,6 milyon manat nəzərdə tutulub.

Büdcədə əsas yığım sütunu vergi orqanlarının fiskal ödənişləri olacaq. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar büdcə gəlirlərinin 42,3 faizini və ya 15,5 milyard manatını təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş büdcə proqnozundan 230 milyon manat və ya 1,5 faiz çoxdur. Yeri gəlmişkən, 2025-ci ildə büdcədə vergi gəlirləri üzrə siyasətin əsas istiqamətləri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasıdır. Bu sırada həm fiziki şəxslərin, həm də sahibkarlıq subyektlərinin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalar üzrə güzəştlərin həcminin artırılması nəzərdə tutulur. Eləcə də vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi bu siyasətin tərkib hissəsidir.

Dövlət büdcəsi gəlirlərinin 12,8 milyard manatı və ya 34,9 faizi isə Dövlət Neft Fondundan transfertin payına düşəcək. Bu, 2024-cü ilin fiskal həcmi ilə eyni məbləğ deməkdir. Yəni Neft Fondunun büdcə köçürmələri eyni həcmdə qalacaq. Dövlət Gömrük Komitəsinin büdcənin gəlirlərində payı 6,6 milyard manat və ya 18 faiz təşkil edəcək. Bu, cari illə müqayisədə 165 milyon manat və ya 2,6 faiz çoxdur. Büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının məbləği 840 milyon manat, sair gəlirlərin payı isə 895 milyon manat təşkil edir. Büdcənin gəlirlərində 17 milyard manat təşkil edən neft-qaz sektoru üzrə daxilolmaların strukturunda Neft Fondunun payı 12,8 milyard manat, Dövlət Neft Şirkətinin payı 3,8 milyard manat, 462 milyon manatını isə SOCAR üzrə dividendlər təşkil edir.

Büdcədə xərclərin əsas hədəf prioritetləri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadiyyatın liberallaşdırılması, dövlət əmlakının özəlləşdirilməsinin və aktivlərinin satışının sürətləndirilməsi, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə fəaliyyətlərinin səmərəliliyinin artırılması ilə bağlıdır. Həmin hədəfin isə ilk istiqaməti azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin maliyyələşdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində dayanıqlı maliyyə təminatının yaradılması təşkil edəcək. Növbəti ildə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə ayrılacaq vəsaitlərin tərkibində Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd, Xocalı üzrə də əsaslı xərclərin həcminin artırılması istisna deyil. Həmin ərazilərdə zəruri infrastrukturların və kommunikasiyaların yaradılması, həyati vacib sosial təminatların həlli, iqtisadi, sosial və humanitar xarakterli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait nəzərdə tutulub.

Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılması, Zəngəzur dəhlizinin açılması üçün yol infrastrukturlarının başa çatdırılması, eyni zamanda ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması məqsədilə büdcədən 6,7 milyard manat ayrılacaq.

İqtisadi fəaliyyət xərclərinə 8,4 milyard manat, ümumi dövlət xidmətləri üzrə xərclərinə 5,2 milyard manat, təhsil sektoruna 4,9 milyard manat, səhiyyəyə təxminən 2 milyard manat, sosial müdafiə və sosial təminat üzrə xərclərə 5 milyard manat ayrılacaq. Kənd təsərrüfatı üzrə xərclərə 1,2 milyard manat vəsait yönəldilməsi proqnozlaşdırılır.

2025-ci ilin icmal büdcəsinin gəlirləri isə 44 milyard 371 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin göstəricisinə nisbətən 856,4 milyon manat və ya 2 faiz artım deməkdir. İcmal büdcənin xərcləri isə növbəti ildə 45,9 milyard manat olmaqla, 2024-cü illə nisbətdə 240,2 milyon manat çoxdur. İcmal büdcənin kəsirinin məbləği isə 1 milyard 495,6 milyon manat təşkil edəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: