Vəsaitlər kartlarda yatmayacaq
.
Bu ilin II rübündə kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Sorğuya əsasən, banklar 2024- cü ilin III rübündə də əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını bildirib.
Hazırda kredit kartları ölkədə çox aktualdır. İnsanlar bir kartla kifayətlənmir, bir neçə bankın kredit kartlarını əldə etməyə çalışır. Kredit kartlarına marağın artdığı bir dövrdə bu addımın atılması sual doğurur: sərtləşmə qərarını yaradan səbəblər hansılardır? Bu, banklara nə qazandıracaq?
Mövzu ilə bağlı qəzetimizə müsahibə verən bank üzrə ekspert İsmayıl Məmmədov bildirdi ki, vətəndaşlar bir neçə kartı alır və istifadə etmir. Bank təklif edir müştəri kartı götürür, özündə ehtiyat üçün saxlayır. İstifadə etmədiyi üçün də faiz hesablanmır . Bu, bankın gəlirlərinin azalmasına səbəb olur. Məsələn, bir vətəndaş iki min manat əməkhaqqı alır. Banklara müraciət edir, gəlirlərini, xərcini çıxaraq müştəriyə hərəsində 3 min manat olan üç kart verirlər. O isə həmin kartlardakı məbləğə toxunmur. Bu zaman kartlardakı 9 min manat banka heç bir gəlir gətirmir. Bank verdiyi vəsaitdən gəlir əldə etməlidir ki, vəsaiti digər müştəriyə yönəldərək pul dövrüyyəsini genişləndirsin. O səbəbdən vəsaitlərin plastik kartlarda yatması banklar üçün məqsədəuyğun deyil. Qeyd etdiklərimə nəzər salanda, sərtləşmələrə ehtiyacın olduğunu görürük.
Ekspert vurğuladı ki, sırf belə hallara görə banklar daha çox nağd kreditlərin verilməsində maraqlıdırlar: “Çünki nağd kreditlər verilən gündən faiz hesablanır. Artıq növbəti aydan vətəndaşlardan ödəniş tələb olunur”.
İsmayıl müəllim onu da diqqətə çatdırdı ki, banklar həmçinin bundan sonra daha sağlam müştərilərə kredit kartları verəcək, ehtiyat və NPL (Non Performinq Loan) xərci azalacaq, nəticədə gəlirlilik yüksək olacaq. NPL xərcləri bankların və ya maliyyə təşkilatlarının vaxtında ödənilməyən, yəni problemli kreditlər və mümkün itkiləri ilə əlaqəli olan xərcləri ifadə edir. Bu cür xərclər bankların maliyyə vəziyyətinə təsir edir. Onların xərc balansını dəyişdirə bilir. İnflyasiya və faiz dərəcələrinin artması maliyyə qurumlarını daha ehtiyatlı kredit siyasəti tətbiq etməyə məcbur edir. Kredit kart istifadəçilərinin artan borc yükü və ödənişdə gecikmələr səbəbindən standartlarının sərtləşməsi öz müsbət nəticəsini göstərəcək. Gecikmələri və potensial itkiləri azaldaraq maliyyə sabitliyini təmin edəcək.
Sərtləşmələrin vətəndaşlara necə təsir edəcəyi sualına gəldikdə isə, müsahibim qeyd etdi ki, yeni qaydalar üzrə sərtləşmələrin vətəndaşlar üçün hər hansı bir çətinlik yaradacağını düşünmürəm. Çünki əgər bankların şərtləri vətəndaşı qane etməsə, onlar nağd kredit də götürə bilərlər. Sadəcə, bu, bank sektorunda gələcəkdə yarana biləcək mənfi tendensiyaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planıdır. Müəyyən dövr keçdikdən sonra öz töhfəsini verəcək.
Kredit kartlarının əldə edilməsi şərtləri çox sadə olduğuna görə, vətəndaşlar özünün olmayan pulu sanki öz qazancı kimi xərcləyir. Müştərilər təcili ehtiyaclarını qarşılamaq üçün kredit kartlarından istifadə edir. Bəzən isə kartların şərtlərini və faizlərin necə hesablandığını tam anlaya bilmirlər. Bu zaman borc sürətlə artır. Nəticədə isə borc bataqlığına düşürlər. Kartların səmərəli və məsuliyyətli istifadəsi müştərilərin maliyyə sağlamlığını qorumaq üçün vacibdir. Müştərilər öz kredit kartlarını istifadə edərkən maliyyə vəziyyətlərini yaxşı qiymətləndirməli və borc yükünü idarə edərkən diqqətli olmalıdırlar. Belə olduqda kredit kartları ilə bağlı narazılıq halları da yaranmayacaq.
Leyla BƏHRAMQIZI