Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri”
mövzusunda beynəlxalq konfrans keçirilib
Sentyabrın 26-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransdan əvvəl AHİK sədri Sahib Məmmədov və tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin konfrans nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
“Fairmont Baku” otelində keçirilən konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayıb. Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv təşkilatların rəhbərləri və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-ın rəsmi şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfrans həmkarlar ittifaqlarının iqlim dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları, hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.
Açılış mərasimində AHİK sədri Sahib Məmmədov çıxış edib (çıxışın tam mətni qəzetimizin 3-cü səhifəsində dərc olunub).
Sonra COP29-un müəyyən edilmiş prezidenti, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin videomüraciəti nümayiş etdirilib. O bildirib ki, Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir. Ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan edildiyini də diqqətə çatdırıb. Deyib ki, COP29 Fəaliyyət Gündəliyi enerjiyə böyük diqqət yetirir və biz Dubayda qəbul edilmiş qərarlar əsasında bərpaolunan enerjiyə keçidin həyata keçirilməsini sürətləndirmək üçün bir sıra təşəbbüslər hazırlamışıq. Yaşıl Enerji Zonaları və Dəhlizlər Bəyannaməsi investisiyaları təşviq etmək, iqtisadi artımı stimullaşdırmaq və bərpaolunan enerjinin inkişafı sahəsində regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən, bu istiqamətdə görülən işlərdən, ölkəmizin yaşıl enerji siyasətindən, habelə Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrindən danışıb. Deyib ki, bərpaolunan enerji, qaz emissiyalarının azaldılması hazırda mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi ilə bağlı Paris sənədi ölkəmizdə ratifikasiya edilib. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilədək isə 40 faizə qədər azaldılmasını hədəfləyir. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun “Sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Həmin ərazilərdə bərpaolunan və yaşıl enerjinin əldə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
S.Ələkbərov yeni yaşıl iqtisadiyyatın yaradılmasında görülən işlərdən də danışıb. Həmçinin qeyd edib ki, müsbət haldır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iqlim dəyişmələri ilə bağlı yaşıl iqtisadiyyata keçid dövründə öz rolunun və fəaliyyətinin əsas istiqamətlərini dəqiqləşdirmək üçün belə bir mötəbər konfrans təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında iqlim dəyişmələrinin dünya iqtisadiyyatı üzərində təsirlərini qeyd edib, yaşıl iqtisadiyyata keçid və bu aspektdə ortaya çıxacaq sosial risklərdən, onun həlli yollarından söz açıb, eləcə də sosial tərəfdaşlığın önəmini vurğulayıb. Bildirib ki, layiqli əməyə sosial dialoqun inkişafı əsasında nail olunması yaşıl iqtisadiyyata keçid dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən biridir və bu, əmək sferasının, sosial müdafiənin inkişafında yeni yanaşmaların tətbiqini zəruri edir.
İqlim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını almaq üçün yaşıl iqtisadiyyat konsepsiyasına keçid qaçılmazdır. Keçid dövründə də əməkçilərin əmək və sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüslərinin xüsusi rol oynadığını diqqətə çatdırıb.
O bildirib ki, 2018-ci ildən sonrakı dövrdə Azərbaycanda 4 milyon şəxsi əhatə edən, illik əlavə maliyyə vəsaiti 7 milyard manat (təqribən 4,1 milyard ABŞ dolları) olan 4 sosial islahat paketi həyata keçirilib.
A.Əliyev diqqətə çatdırıb ki, həmin dövrdə sosial ödənişlər 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, minimum pensiya 2,5 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, orta aylıq əməkhaqqı 84 faiz, median əməkhaqqı 2,2 dəfə, minimum əməkhaqqı 2,7 dəfə və əməkhaqqı fondu 2,8 dəfə artıb. Ölkəmizdə məşğulluq haqqında yeni qanunlar qəbul edilib. Son 6 ildə 650 minə yaxın şəxs işlə təmin edilib. Bu nəticələrdə işəgötürənlərin rolunu xüsusi qeyd etmək lazımdır. Bu gün iqlim dəyişikliyinin ölkənin sosial-iqtisadi inkişafına və insanların həyatına təsirinin düzgün qiymətləndirilməsi, bunun əsasında müasir yanaşmaların və təşəbbüslərin müəyyən olunması dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iqlim dəyişmələrinin fəsadlarından, yaşıl iqtisadiyyata keçid prosesində iş yerlərinin qorunmasından, özəl sektorun dəstəklənməsindən danışıb. Deyib ki, innovasiya və texnologiyaya çıxış, xüsusi maliyyələşdirmə mexanizmləri rəqabət qabiliyyətini və dayanıqlı iqtisadiyyat yaradan uğurlu keçidi təmin etmək üçün vacibdir, eləcə də bir çox risklər var və yanlış idarə olunan iqlim siyasəti gözlənilməz nəticələr yarada bilər.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi deyib ki, ötən il COP28 İqlim Konfransında ölkələr Ədalətli Keçid Proqramını qəbul etdilər. Bu, iqlim siyasətinin mərkəzinə əməyi yerləşdirərək irəliyə doğru atılmış mühüm addımdır. Bizdən ötrü bu proqram, sadəcə, sazişi imzalayan ölkələrin iqlim danışıqları aparan şəxsləri üçün bir sənəd deyil. Bu, sosial tərəfdaşları, o cümlədən həmkarlar ittifaqlarını iqlim tədbirlərinin müzakirəsinə cəlb edən sosial dialoqların nəticəsidir. Sosial müdafiə ədalətli keçidin əsas elementinə çevrilib.
Əmək hüquqlarının tanınması məsələsi də eyni dərəcədə vacibdir. Onlar işçilərin həmkarlar ittifaqlarında birləşmək azadlığına, kollektiv sövdələşmə hüququna və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis edilmiş digər fundamental əmək hüquqlarına təminat verir. İlk dəfə olaraq BMT-nin iqlim danışıqlarında fundamental əmək hüquqları qeyd edilib. Bu, işçilərin hüquqlarını qorumaqda maraqlı olan hər kəs üçün əlamətdar hadisədir.
Biz bu nailiyyəti əsas götürməli, onu praktikada həyata keçirməli, əmək hüquqlarını qorumaq üzrə öhdəliklərini ölkələrə xatırlatmalıyıq. Bizə yeni sosial tərəfdaşlar lazımdır. COP29 prezidentinin konfransın açılışındakı videomüraciətində əmək hüquqlarından bəhs etməsi sevindirici idi. Bu öhdəlikləri yerinə yetirmək üçün bizim COP29 Rəyasət Heyətinin fəal dəstəyinə ehtiyacımız var. Biz bütün ölkələrin ədalətli keçid prinsiplərini və tədbirlərini milli müəyyənləşdirilmiş töhfələrə inteqrasiya etməyi hədəfləyirik.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin bildirib ki, iqlim dəyişmələri ilə mübarizə hər bir ölkənin, təşkilatın üzərinə məsuliyyət qoyur. Keçid dövrü ilə əlaqədar bu mübarizədə həmkarlar ittifaqı təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.
Beynəlxalq əməkdaşlıq və qlobal həmrəylik vacibdir. Milli öhdəliklərin yerinə yetirilməsində hər bir ölkənin həmkarlar ittifaqları mühüm rola malikdir. İqlim dəyişikliyi ilə mübarizədə bütün ölkələr fəal iştirak etməli, ədalətlilik prinsipi qorunmalıdır.
BƏT-in İşçilərinin fəaliyyətləri üzrə Bürosunun direktoru Maria Helena Andrea çıxışında qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova minnətdarlığını bildirib. Qeyd edib ki, on illər ərzində ədalətli keçidlə bağlı dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir. Çox şadam ki, Bakı da bu prosesdə iştirak edir. Bu konfrans bir daha sübut edir ki, iqlim dəyişmələri ilə mübarizədə hökumət, işəgötürənlər və həmkarlar ittifaqlarının əməkdaşlığı vacibdir.
Regionda və dünyada baş verən təbii fəlakətlərin şahidi olduğumuzu diqqətə çatdıran BƏT-in rəsmisi neft və qaz hasilatı, atom bombaları və digər iqlim dəyişikliyinə təsir edən amillərlə bağlı narahatlığını ifadə edib. O, iqlim dəyişikliyi ilə bağlı mübarizədə səfərbər olmağın əhəmiyyətini qeyd edib, həmkarlar ittifaqları təşkilatlarının COP29-a verəcəyi töhfə ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə müştərək layihələrdən, təcrübə mübadiləsindən danışıb.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev artıq təbrik məktubunda öz mövqeyini ifadə edib və onun fikirləri ümumi işin vacibliyini vurğulayır.
Qazaxıstanda nüvə sınaqlarının və Çernobıl fəlakətinin nəticələrindən tutmuş, Xəzər dənizində illərlə neft hasilatı nəticəsində yaranan ekoloji problemləri həll etmək çox vacibdir. Bundan əlavə, regionun təbii sərvətlərinə olan maraqlardan irəli gələn geosiyasi qeyri-sabitlik onun kövrəkliyini artırır və ekoloji dayanıqlığı təhlükə altına alır. Qarşıdakı müzakirələrdə biz həmkarlar ittifaqlarının COP29-a hazırlıqlara töhfəsini, eləcə də gələn il nəzərdə tutulan Paris Sazişinə əsasən milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində iştirakını müzakirə edəcəyik.
Həmkarlar ittifaqları günümüzün bir çox problemlərinin başında dayanır və hər şeydən əvvəl, iqlim dəyişikliyinin işçilərə təsirlərinin - onların həyatlarına, gəlirlərinə, iş hüquqlarına və bacarıqlarının inkişafına - nəzərə alınmasında əsas rol oynayırlar. “Həmkarlar ittifaqlarının iqlim dəyişikliyinə uyğunlaşmaq və iqtisadiyyatı şaxələndirmək üçün inkişaf etdirilməli olan yeni fəaliyyət sektorlarının yaradılmasında fəal rol oynaması vacibdir”, - deyə o, əlavə edib.
Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının nəinki müzakirələrdə iştirak etmələri, həm də ölkə səviyyəsində öhdəliklər götürmələri vacibdir. Əsas aspektlərdən biri fikir, bilik və təcrübə mübadiləsidir ki, bütün iştirakçılar belə qarşılıqlı əlaqədən faydalana bilsinlər.
Açılış mərasimindən sonra konfrans çərçivəsində “İqlim dəyişmələrinin iqtisadi təsirləri və dayanıqlı iqlim maliyyəsi üçün strategiyalar”, “Dayanıqlı İnkişaf Məqsədlərində ədalətli keçid”, “Həmkarlar ittifaqlarının milli iqlim fəaliyyətləri”, “Həmkarlar ittifaqlarının iqtisadiyyatın sektorları üzrə iqlim fəaliyyətləri” mövzuları üzrə panel müzakirələr aparılıb.
Həmçinin konfransda iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.
***
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən beynəlxalq konfrans sentyabrın 27-də də panel müzakirələrlə davam edib.
Öncə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin videomüraciəti dinlənilib.
Konfransda “COP29 - Ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi”, “Qafqaz və Orta Asiyada ədalətli keçid”, “Ədalətli keçiddə sosial müdafiə”, “Ədalətli keçiddə gender və gənclərin rolu”, “COP29 üçün həmkarlar ittifaqlarının prioritetlərinə dair debatlar” mövzusunda panel sessiyalar keçirilib. Həmçinin iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.
Qeyd edək ki, konfrans iştirakçıları Anım Günü ilə əlaqədar saat 12-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bağlanış sessiyasından sonra Danimarka Həmkarlar İttifaqları İnkişafı Agentliyi ilə Beynəlxalq Əmək Təşkilatının İşçilərin fəaliyyəti bürosunun birgə nəşri olan “İqlim dəyişmələri və ədalətli keçid - həmkarlar ittifaqları üçün bələdçi (2024-cü il)” kitabının təqdimatı olub.