“İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının sədri Sahib Məmmədovun çıxışı
-Hörmətli nazirlər! Hörmətli iştirakçilar! Hörmətli qonaqlar!
Mən ilk növbədə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusuna həsr olunmuş konfransın bütün iştirakçılarını salamlayıram.
Fürsətdən istifadə edərək dəvəti qəbul edib ölkəmizi və gözəl şəhərimizi ziyarət etdikləri üçün burada iştirak edənlərə, xüsusən də Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və onların üzv təşkilatlarından, eləcə də Pan Avropa Regional Şurasından olan yaxşı dostlarımıza ən səmimi təşəkkürümü bildirmək istəyirəm.
Bu gün hamımız, sadəcə, həmkar deyilik, daha çox böyük bir ailəyik.
Əminəm ki, dövrümüzün bəzi məsələləri müstəsna mürəkkəbliyinə baxmayaraq, kifayət qədər həll edilə bilər və onların həlli həyatımızın nə qədər keyfiyyətcə və dərhal yaxşılığa doğru dəyişəcəyindən asılıdır.
Bu aktual məsələlərdən biri iqlim dəyişmələri sahəsində həmkarlar ittifaqlarının roludur.
İqlim dəyişmələri həyatın bütün əsaslarını təhdid edir.
İddialı iqlim fəaliyyət planları ətraf mühiti yaxşılaşdırmaqla yanaşı, həm də sosial gərginliyi azaldır, həmkarlar ittifaqlarına yaşıl iqtisadiyyata ədalətli keçiddə mühüm rol oynamağa imkan verir.
Artıq Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan və iqlim böhranını yumşaltmaq üçün bütün lazımi alətlərimiz var, sadəcə olaraq, onlardan beynəlxalq, milli, regional və fərdi səviyyələrdə daha geniş istifadə etməliyik.
Bu mövzuların Konfransın gündəliyində mərkəzi yer tutması çox vacibdir. O, çoxlu sayda iştirakçını bir araya gətirdi ki, bu da bizə qarşılıqlı faydalarımız üçün çiyin-çiyinə səmərəli səy göstərməyə imkan verəcək.
Qlobal həmkarlar ittifaqı hərəkatındakı həmrəyliyimiz heç kimi geridə qoymadan, inkişaf etməkdə olan yaşıl iqtisadiyyatda yeni iş yerlərinin yaradılmasına kömək edir.
Dubayda keçirilən COP28-də Azərbaycan hamı üçün daha dayanıqlı və təhlükəsiz yaşıl gələcəyə rəhbərlik etmək məqsədilə COP29-a ev sahibliyi edən ölkə elan edilib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev bu qərarı dünya ictimaiyyətinin ölkənin mövqeyinin möhkəmliyinə inamını vurğulayan mühüm mərhələ adlandırdı.
Həqiqətən də Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində BMT-nin iqlim dəyişikliyi ilə mübarizə çağırışlarına fəal qoşulan və bu konvensiyaya əlavə olan Kioto Protokolunu 2000-ci ildə ratifikasiya edən ölkələr sırasındadır. Bundan başqa, Kioto Protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin ikinci dövrü üçün qəbul edilən Doha Əlavəsi, 2015-ci il aprelin 14-də Parlament tərəfindən ratifikasiya edilmiş və ölkə Prezidenti tərəfindən təsdiq olunub. Digər mühüm beynəlxalq sənəd olan Paris Sazişi 2016-cı il oktyabrın 28-də Parlament tərəfindən ratifikasiya edilib.
Əminəm ki, bugünkü Konfransda ekspert təqdimatları və panel müzakirələri yaxın gələcəkdə İqlim Dəyişikliyi üzrə Paris Sazişində müəyyən edilmiş yüksək prioritet məqsədlərə nail olmaq yollarının tapılmasında həmkarlar ittifaqlarının rolu və iştirakının aydın mənzərəsini işıqlandıracaqdır.
Əziz dostlar!
Biz bilirik ki, dünyanın bir çox yerində insanların iqlim böhranını başa düşmək üçün diaqram və qrafiklərə ehtiyacı yoxdur - onlar, sadəcə, pəncərələrindən baxmalıdırlar.
Təbiət qəzəblidir. Qlobal emissiyalar artır. Temperaturlar yüksəlir. Quraqlıq genişlənir və meşə yanğınları tüğyan edir. Səhralar genişlənir. Bütün bunlar son nəticədə okeanlar, meşələr, biomüxtəliflik, qida istehsalı, su ehtiyatları, əmək bazarlarına mənfi təsir göstərir və insan həyatı üçün dəhşətli təhlükələr yaradır. Belə davam edərsə vəziyyət daha da pisləşəcək. Dünya iqlim fəlakətlərinin şahidi olub. Bütün bu fəlakətlər on minlərlə insanın həyatına son qoyub. Biz bu faciələri görmüşük və yaşamışıq. Dünyanın heç bir guşəsi iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən sığortalanmayıb. Üstəlik ən çox əziyyət çəkənlər bu problemin yaranmasında ən az əməyi olanlardır.
İqlim dəyişmələri sosial-iqtisadi gərginliyi artıraraq beynəlxalq sülh və təhlükəsizliyin əsaslarını sarsıdır. Nəticələri torpaq, qida və su kimi ehtiyatlar uğrunda şiddətli rəqabətdə özünü göstərir ki, bu da əhalinin kütləvi yerdəyişməsinə səbəb olur. Dünya Bankının məlumatına görə, əgər tədbir görülməsə, 2050-ci ilə qədər 140 milyondan çox insan öz regionu daxilində miqrasiya etməyə məcbur olacaq və proses davam edəcək.
Koronavirus pandemiyası bir daha insan və təbiət arasındakı əlaqə ilə bağlı suallar doğurdu. COVID-19 pandemiyası iqlim dəyişmələrini dayandırmasa da, emissiyaların müvəqqəti azalmasına səbəb oldu.
İndi emissiyalar yenidən artıb və təxminən pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bu, qlobal temperaturun 1,5 dərəcədən xeyli yuxarı artmasına səbəb ola biləcək yola qayıtmaq deməkdir. Dağıdıcı nəticələrin miqyası çox böyük ola bilər. Aydındır ki, köklü şəkildə yeni yanaşma lazımdır. Vəziyyəti və həyat tərzimizi təcili olaraq dəyişməsək, həyatın özünü riskə atmış olarıq.
Əziz dostlar!
Azərbaycan yeni paradiqmaya sadiqdir və güclü istəyi var, hazırda ixrac dövriyyəsində neftin payı azalır. 2010-cu ildən bəri təbii qaz ölkənin elektrik enerjisi sektorunda üstünlük təşkil edir və neft məhsullarını, demək olar ki, tamamilə əvəz edir. Günəş və külək enerjisi istehsalında artım var. Azərbaycan Respublikasının “2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda nəzərdə tutulduğu kimi, bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 2026-cı ilə qədər 24 faizə, 2030-cu ilə qədər isə 30 faizə çatdırılacaqdır. Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının tullantılarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşısına məqsəd qoyub.
Azərbaycan iqlim böhranından əziyyət çəkən inkişaf etməkdə olan ölkələr üçün İqlim Maliyyəsi Fəaliyyəti Fondunun yaradılmasını təklif edib və digər ölkələrin də buna töhfə verəcəyini gözləyir. COP29-da əsas məsələ az inkişaf etmiş ölkələrin emissiyaları azaltmaq və ekstremal hava şəraitinin təsirlərini aradan qaldırmaq üçün ehtiyac duyduğu maliyyənin cəlb edilməsi olacaq. Bunun üçün ildə trilyonlarla ABŞ dolları lazımdır, lakin indiyədək zəngin inkişaf etmiş dünya hər il 100 milyard ABŞ dolları verməklə bağlı uzunmüddətli öhdəliklərini çətinliklə yerinə yetirib.
Sevindirici haldır ki, dünya liderləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir çox ölkələrin həmkarlar ittifaqları mənfi iqlim təsirlərinin uyğunlaşdırılması və yumşaldılması üçün qətiyyətli tədbirlər görmək çağırışlarına cavab verib.
Öz növbəsində Azərbaycanda da təkcə hökumət nümayəndələrinin deyil, həm də biznes ictimaiyyətinin, investorların, vətəndaş cəmiyyəti təşkilatlarının və həmkarlar ittifaqlarının təmsil olunduğu geniş koalisiya yaradılıb. Düzdür, təkcə dövlətlər deyil, həmkarlar ittifaqları da iqlim dəyişmələri və “yaşıl iqtisadiyyat” problemlərindən narahatdır, bu mövzuya və “yaşıl iş yerləri”nə xüsusi diqqət yetirir, qlobal təcrübədən istifadə edilir, fikir mübadiləsi aparılır. Burada qanunvericiliyin təkmilləşdirilməsi, məlumatların geniş ictimaiyyətə çatdırılması üçün geniş müzakirələrə ehtiyac var. Axı biz bu gün çirkli hava ilə nəfəs alırıq, qeyri-sağlam qidalarla qidalanırıq və tükənən təbii sərvətlərdən istifadə edirik.
Azərbaycanın həmkarlar ittifaqları dəyişmələrin fəal agentləri olmaqla davamlılığa nail olmağın yeni yollarını nəzərdən keçirirlər. Buna isə yalnız iqlim dəyişmələrin həmkarlar ittifaqlarının əsas prioritetləri ilə - iş yerləri, layiqli iş şəraiti və əməkhaqqı, zəmanətli iş saatları və daha ekoloji təmiz cəmiyyətə keçid üçün adekvat sosial müdafiə ilə nail olmaq olar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz dərin biliyi və geniş səriştəsi ilə milli davamlı inkişaf siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində və monitorinqində, bütün səviyyələrdə sosial dialoqun təşviqində mühüm rol oynayır. Bundan əlavə, aşağı karbonlu cəmiyyətə keçid zamanı işçilərə xidmətlərin təşkili və təmin edilməsi üçün öz iqlim dəyişmələri və ədalətli keçid siyasəti və fəaliyyət planları hazırlanır.
Son 5 ildə Azərbaycan həmkarlar ittifaqları BƏT-in dəstəyi ilə bir çox milli və beynəlxalq seminarlar təşkil edib. Bakıda Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları üçün “Yaşıl iş və ədalətli keçid” mövzusunda seminar keçirilib. Onlar Xəzər dənizi ətrafındakı ölkələrin vəziyyətini və onların neft və qaz ixracından asılılığını və öz dövlətlərində “yaşıl iş yerləri”nin təşviqini müzakirə ediblər. Bakıda, Çimkənddə və Almatıda “Şərqi Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi və ədalətli keçid üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” müzakirə olunub. Bakıda BƏT ilə keçirilən üç birgə seminar milli həmkarlar ittifaqlarının potensialının artırılması və onların iqlim dəyişmələri ilə bağlı dövlət siyasətinə təsirini gücləndirmək imkanlarının artırılmasına yönəlib.
“BMT prosesləri, DİM Gündəlik 2030 və Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr (NDC) çərçivə sazişi ilə bağlı AHİK-in həyata keçirdiyi tədbirlər təcrübəsinin təhlili”, “Azərbaycan Respublikasında “yaşıl iş yerləri”nin yaradılması yolu ilə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata ədalətli keçid üzrə Həmkarlar İttifaqı Strategiyasının hazırlanması haqqında”, “Qlobal istiləşmə və Azərbaycan Respublikasında “yaşıl iş yerləri”nin yaradılması vasitəsilə ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata ədalətli keçid - Həmkarlar İttifaqlarının Fəaliyyəti” və s. ilə bağlı 10 analitik araşdırma hazırlanıb.
Dayanıqlı müəssisələrin inkişafı, iş yerlərinin yaradılmasının stimullaşdırılması, kişilər və qadınlar üçün bərabər imkanlar, işçilər üçün təhsil və təlim səviyyəsinin yüksəldilməsi və ədalətli keçid prosesinin asanlaşdırılması məqsədilə üçtərəfli sosial dialoq və kollektiv müqavilələr təkmilləşdirilmişdir.
Əziz dostlar!
Onilliklər boyu davam edən dekarbonizasiya yolu dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından biri olacaqdır.
Qəti şəkildə inanıram ki, həmkarlar ittifaqlarının iştirakı ilə beynəlxalq əməkdaşlıq iqlim maliyyəsini daha çox səfərbər edə, texnoloji dəyişiklikləri sürətləndirə, bazarları genişləndirə, xərcləri azalda, beynəlxalq rəqabətqabiliyyətlilik problemlərini həll edə və qabaqcıl təcrübəni bütün dünyada yaymağa imkan verə bilər. Nəticə etibarilə dünyanın və gələcək nəsillərin taleyi bizim iqlimlə mübarizədə nə qədər qətiyyətli və əzmlə hərəkət etməyimizdən asılıdır.
Diqqətiniz üçün təşəkkür edirik!