Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Sahib Məmmədov BƏT-in nümayəndələri ilə görüşüb

AHİK-in beynəlxalq əlaqələrinə toxunan Sahib Məmmədov bu sahəyə xüsusi önəm verdiklərini, fəaliyyətdə bundan sonra da qabaqcıl beynəlxalq standartlara və mütərəqqi təcrübələrə əsaslanacaqlarını deyib.

27.09.2024 01:49
19
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan BƏT-in İşçilərin fəaliyyətləri üzrə bürosunun direktoru xanım Maria Helena Andre və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə yerli ofisinin baş mütəxəssisi Qoça Aleksandriya ilə görüşüb.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat verən AHİK sədri bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, vətəndaşlarımızın əmək hüquqları ilə bağlı qəbul edilmiş qanunvericiliklər bizim sərbəst və məhsuldar fəaliyyətimizə geniş imkanlar açır. Onun sözlərinə görə, Azərbaycanın həmkarlar ittifaqları hazırda üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini etibarlı şəkildə müdafiə edir.

AHİK-in beynəlxalq əlaqələrinə toxunan Sahib Məmmədov bu sahəyə xüsusi önəm verdiklərini, fəaliyyətdə bundan sonra da qabaqcıl beynəlxalq standartlara və mütərəqqi təcrübələrə əsaslanacaqlarını deyib.

Konfederasiya sədri vurğulayıb ki, AHİK-in BƏT ilə də qarşılıqlı etimada əsaslanan geniş münasibətləri var, qurumun konvensiyaları ölkəmizdə geniş tətbiq olunur, eyni zamanda həmkarlar ittifaqlarının nümayəndələri təşkilatın hər il keçirilən sessiyalarında iştirak edirlər.

Sahib Məmmədov həmçinin BƏT-in dəstəyi ilə Bakıda və regionlarda onlarla seminar, konfrans və dəyirmi masaların keçirildiyini, tədbirlərdə təşkilatın səlahiyyətli ekspert və nümayəndələrinin iştirak etdiyini bildirib.

Sədr AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqı təşkilatından biri olduğunu məmnunluqla qeyd edib, qurumla bundan sonra da təmasları intensivləşdirəcəklərini və münasibətləri genişləndirəcəklərini deyib.

Görüş üçün təşəkkür edən xanım Maria Helena Andre Bakıda olmaqdan, şəhərin gözəlliyini və ölkəmizin inkişafını görməkdən çox şad olduğunu bildirib.

O, eləcə də Bakıda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən söz açıb, konfransda bölüşülən təcrübələrin, əldə olunacaq nəticələrin sonrakı fəaliyyətə müsbət təsir göstərəcəyini bildirib.

Qonaq AHİK və BƏT-in yaşıl iş yerləri və ədalətli keçidlə bağlı birgə layihələrini də qeyd edib. Vurğulayıb ki, birgə səylərlə hər iki qurum arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb.

ETİKETLƏR: