Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mövcud əlaqələrdən danışıldı

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasını tarixi hadisə adlandıran Konfederasiya sədri vurğulayıb ki, qurum effektiv fəaliyyəti ilə üzvlərinin etimadını layiqincə doğruldacaq.

27.09.2024 01:57
7
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) sədri, Türkiyənin İşçi Həmkarlar İttifaqları Konfederasiyasının (TÜRK-İŞ) rəhbəri Ergün Atalayla görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, bütün sahələr üzrə davamlı olaraq inkişaf edən əməkdaşlıqdan, göstərilən qarşılıqlı dəstəkdən, həmçinin ölkələrimizin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışılıb.

AHİK sədri Sahib Məmmədov dünyada nümunəyə çevrilən iki ölkənin münasibətlərinin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi xidmətlərini və şəxsi dostluqlarını qeyd edib. Bildirib ki, Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən əlaqələrimiz tarixin sınaqlarından keçib və təmənnasız qardaşlığa əsaslanıb. Sahib Məmmədov 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi xüsusilə vurğulayıb. Bildirib ki, Türkiyədə baş verən zəlzələ və meşə yanğınları zamanı Azərbaycan da öz qardaşının yanında oldu. Eyni zamanda AHİK sədri iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərdən də söz açıb. Qeyd edib ki, təşkil olunan qarşılıqlı səfərlər, aparılan fikir və təcrübə mübadilələri səmərəli fəaliyyətimizə kömək edir, dostluğumuzu daha da gücləndirir.

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasını tarixi hadisə adlandıran Konfederasiya sədri vurğulayıb ki, qurum effektiv fəaliyyəti ilə üzvlərinin etimadını layiqincə doğruldacaq.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən TÜRK-İŞ-in sədri Ergün Atalay AHİK-in təşkilatçılığı ilə Bakıda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransa dəvət etdiyinə görə, Sahib Məmmədova təşəkkürünü bildirib. Qeyd edib ki, konfransda iştirak, aparılan müzakirələr, irəli sürülən təşəbbüslər və əldə olunan nəticələr onlar üçün “yaşıl iqtisadiyyat”a keçid prosesində xeyli faydalı olacaq. E.Atalay həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələri yüksək qiymətləndirib, birgə səylərlə əməkdaşlığı daha da genişləndirməyə çalışacaqlarını deyib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

ETİKETLƏR: